1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın dəstəyilə Azərbaycanın Xocalı şəhərində yerli əhaliyə qarşı soyqırımı törədildi. Qanlı cinayət nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca daxil olmaqla 613 nəfər bir gecədə qətlə yetirildi. Vəhşətin, dəhşətin, barbarlığın, vandallığın, zülmün, zülmətin yaşandığı, sözün bitdiyi, insanlığın kor olduğu, ədalətin susduğu fevralın 25-dən 26-na keçən gecə 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladılar. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq tələfatlar törətdilər.
Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib.
Tarixə nəzər salsaq, görərik ki, XIX əsrdən başlayaraq Rusiya imperiyasının köməyi ilə torpaqlarımızda məskunlaşan, çörəyimizi yeyib, suyumuzu içən ermənilər fürsət tapdıqca, öz çirkin niyyətlərini həyata keçirir, xalqımıza qarşı qanlı qırğınlar törədirdilər. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Bəşər tarixində insanlığa qarşı cinayət olan Xatın, Naqasaki, Ruanda, Nigeriya, Srebrenitsa, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi qətliamlarla müqayisədə daha dəhşətli olan Xocalı soyqırımı ermənilərin XX əsrdə azərbaycanlılara qarşı törətdiyi sistemli cinayətlərin, qətliamların zirvəsidir. Faciənin əsas səbəblərini qeyd edərkən Ermənistanın Xocalının strateji əhəmiyyəti və onun nəzarət altına alınması məqsədini, Azərbaycan xalqını qorxutmaq və etnik təmizləmə siyasətini həyata keçirməyi və Ermənistanın müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək üçün dinc əhalini tam məhv etmək istəyini bildirmək lazımdır.
Soyqırımı zamanı 13 nəfər öldürülüb, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. 487 nəfər ağır yaralanıb. 1275 nəfər əsir götürülüb və onlara işgəncələr verilib. 150 nəfərin taleyi hələ də naməlumdur. 8 ailə tamamilə məhv edilib. 56 nəfər xüsusi işgəncələrlə qətlə yetirilib. Bu rəqəmlər Xocalıda baş verən dəhşətli qətliamın miqyasını açıq şəkildə göstərir. Bu, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən Cenevrə Konvensiyasına tamamilə zidd idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını qəti şəkildə tələb etmişdir. Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı qeyd etdiyi fikirlər bu hadisənin siyasi, mənəvi, psixoloji tərəflərini tam ifadə edir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”.
Bu olaylar Azərbaycan cəmiyyətində mənəvi-psixoloji sarsıntılar yaşatdı. Cəmiyyətdə “Xocalıya ədalət!” hər bir azərbaycanlının düşüncəsində kollektiv yaddaşın ən mühüm devizi kimi inkişaf etməyə başladı. Alman filosofu Kantın ümumbəşəri əxlaq qaydaları və prinsipləri ilə “ədalət”i ifadə etsək, nə qlobal güclər, nə beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının qurbanları ilə bağlı 30 ildə onlara ehtiram və hörmət göstərən ciddi addımlar atılmadı. Xocalı soyqırımına xristian təəssübkeşliyi ilə geosiyasi maraqlar kontekstindən yanaşan, ədalətsiz mühakimə yürüdən və “xristian klubunu” təmsil edən beynəlxalq təşkilatların mövqeyi Azərbaycan cəmiyyətində kədər və ümidsizlik yaratdı.
2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə parlaq qələbəyə imza atdı. Əzəli ata-baba torpaqlarımızı düşmənin murdar ayaq izlərindən təmizlədi, xalqın 30 ilə yaxın həsrətinə, nisgilinə son qoydu. Sevinc bəxş etdi, ümidlərini doğrultdu. Ərazi bütövlüyümüz təmin olundu. Azərbaycanın Üçrəngli Dövlət Bayrağı işğaldan azad edilmiş torpaqlarımızda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada, Əsgəranda, Ağdərədə, Xocavənddə, Xankəndidə dalğalandı. Haqq-ədalət gec də olsa, öz yerini tapdı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan silahlı birləşmələrindən və separatçıların nəzarətində olan qeyri-qanuni silahlı dəstələrdən təmizləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bundan böyük qürur, iftixar hissi olardımı?!
Artıq Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edirik. Və daha neçə illər ötəcək, əsrlər keçəcək, xalqımız 1992-ci il 25-26 fevral tarixində baş vermiş o dəhşətli faciəni heç vaxt unutmayacaq. Hər il faciə qurbanlarını yad edəcək, Xocalını və digər işğal altında olan torpaqlarımızı azad edərək öz canlarından keçən Vətən oğullarını ehtiramla anacaq, gənc nəsillərə örnək göstərəcək.
“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Prezident cənab İlham Əliyevin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü bütün dünyada ifşa olundu. Hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda 27 sentyabrda başlayan savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 2020-ci il Vətən müharibəsində Zəfər qazanan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Xocalı faciəsi qurbanlarının da qisasını aldı, 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın iştirakı ilə ümumxalq yürüşünün keçirilməsi tariximizə növbəti əlamətdar hadisə kimi həkk olundu.
2023-cü il sentyabrın 19–20-də Xocalının erməni separatçılarından tamamilə təmizlənməsi Azərbaycan xalqı üçün təkcə bir hərbi zəfər deyil, həm də mənəvi qələbə idi. Uzun illər boyu haqsızlığa məruz qalan Xocalı qurbanlarının ruhu, nəhayət ki, rahatlıq tapdı. Bu hadisə təkcə Azərbaycan üçün deyil, eyni zamanda, beynəlxalq səviyyədə də ədalətin bərqərar olmasının bariz nümunəsidir. Obyektiv reallıq həm də ondan ibarətdir ki, Xocalı soyqırımının və xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları və rəhbərlərinin bir qismi həbs olunaraq Bakıya gətirilib və cinayət məsuliyyətinə cəlb olunublar. Bu gün hər kəs, təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız Xocalının işğaldan azad edilməsinin sevincini yaşayır. Xocalı da artıq digər işğaldan azad olunmuş ərazilərimiz kimi yenidən qurulur, inkişaf edir. Uzun illərdən sonra insanımız Xocalıya, öz dədə-baba yurduna qayıdır. Əzəli yurdlarına qayıdan keçmiş köçkün ailələri artıq müasir tipli evlərlə təmin olunublar. Bir vaxtlar torpağı qanla yoğrulan bu doğma yurd yeri indi dövlətin dəstəyi ilə addım-addım, qarış-qarış yenidən dirçəldilir. Xocalı azad edildikdən sonra dərhal bərpa və quruculuq işləri geniş vüsət götürdü. Xocalı şəhəri və kəndlərinin məskunlaşması prosesi də son iki ildə sürətlə davam etdirilməkdədir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhərinə və Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərinə ümumilikdə 881 ailə, 3602 nəfər köçürülüb.
Beləliklə, Xocalı bu gün təkcə kədər və qan yaddaşımız deyil, həm də milli qürurumuzun, dövlət gücümüzün və tarixi ədalətin təntənəsinin rəmzinə çevrilib. 34 il öncə qəsb edilmiş bu qədim yurd yeri indi öz doğma sakinlərinin nəfəsi ilə yenidən canlanır, Azərbaycanın sarsılmaz iradəsinin göstəricisi kimi gələcəyə addımlayır.
Azərbaycan xalqı 30 illik beynəlxalq təşkilatlardan, dünya ölkələrindən “Xocalıya ədalət!” istəyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində ucaltdığı Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə təmin etdi. Bu tarixi ədalətin hərtərəfli təmin olunması ilə bağlı iki mühüm məqama diqqət etmək lazımdır: birincisi, Xocalı faciəsinə şahidlik etmiş “hərbi xunta” rejiminin başçılarının əlləri qandallanaraq Bakıya gətirilməsi və Azərbaycan qanunları ilə sorğulanması; ikincisi, 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramında əksini tapan qərarların icra olunması ilə bağlıdır. Bütün bunlar onu göstərir ki, ədalətsizliyə qarşı illərlə mübarizə aparan Azərbaycan xalqı və onun lideri İlham Əliyev dünya gücləri qarşısında yenilmədi, milli davadan geri çəkilmədi, XOCALIDA ƏDALƏTİ özü bərpa etdi.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Lakin bütün bunlara baxmayaraq, ermənilərin əsrlərlə Azərbaycan torpaqlarını ələ keçirmək məqsədilə xalqımıza qarşı törətdiyi vəhşilikləri heç zaman unutmaq olmaz. Amansız əməllərin nümunəsi olan Xocalı hadisələri öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik olub. Bu əməlləri törədən bir çox cinayətkarlar Vətən müharibəsi zamanı Rəşadətli Ordumuzun əsgərləri tərəfindən məhv ediliblər. Biz əminik ki, bu soyqırımı törədən digər cinayətkarlar da beynəlxalq müstəvidə, bütün bəşəriyyət və tarix qarşısında öz layiqli cəzalarını alacaqlar.
Fəzail İbrahimli,
Milli Məclisin deputatı

