Paşinyanın “IV respublika” axtarışı

post-img

Hadisələrin gedişi hökumət üçün yaşıl, yaxud qırmızı işığın yanacağını göstərəcək

Ermənistanda yaxınlaşan parlament seçkilərini son iki əsrdə xalqın yaddaşına həkk olunan siyasi mifologiya ilə yeni reallığın amansız mənzərəsi arasında gedən həlledici toqquşma kimi xarakterizə etmək olar. İrəvanın bugünkü sülh dilemması əslində srağagün atılmış strateji yanlışların qaçılmaz məntiqi nəticəsinə çevrilib. Vaxtilə regional “bank”da bütün kartların öz əlində olduğunu zənn edən elit təbəqənin qoyub getdiyi miras bu gün ölkəni həm daxili sarsıntılar, həm də xarici asılılıqlar qarşısında sınağa çəkir. 

Ermənistanın daxili siyasi mühitində son aylar aparılan rəy sorğuları (məsələn, MPG/Gallup International tərəfindən keçirilən tədqiqatlar) cəmiyyətin dərin depressiyada olduğunu, lakin, eyni zamanda, praqmatizmə meyil etdiyini göstərir. Hazırda hakim “Mülki müqavilə” partiyasının reytinqi 17-20 faiz həddindədir. Baxmayaraq ki, bu rəqəm 2021-ci il seçkilərində 54 faiz idi. Müxalifət bloklarının (məsələn, "Ermənistan" və "Şərəfim var" alyansları) hər birinin reytinqi isə ayrı-ayrılıqda 4-7 faizdən yuxarı qalxa bilmir. Bu isə o deməkdir ki, seçicilərin təxminən 60 faizi hələ qərarsızdır və ya heç kimi dəstəkləmir. Məhz bu "boz zona" seçkilərin və dolayısı ilə sülh prosesinin taleyini həll edəcək əsas qüvvədir. Hələlik 60 faizin Paşinyanın lehinə, yoxsa əleyhinə olduğu bilinmir.
Hakimiyyət üçün ənənəvi “küçə elektoratı” artıq etibarlı deyil. Küçədəki kütlənin hakimiyyətə gətirdiyi Paşinyan artıq həmin mühitə yaddır. Nikol son çıxışlarında “real Ermənistan” və “tarixi Ermənistan” terminlərini tez-tez qarşı-qarşıya qoyur ki, bu da əslində ölkənin intellektual elitasına və texnokrat təbəqəsinə ünvanlanan mesajdır. Texnokratlar üçün rəqəmlər amansızdır: Ermənistanın dövlət borcu ÜDM-in 50 faizini ötüb və ölkənin iqtisadi təhlükəsizliyi birbaşa regional kommunikasiyaların (məsələn, Zəngəzur dəhlizi) açılmasından asılıdır. İllik iqtisadi artımın davamlılığı üçün “blokada”nın yarılması mütləqdir. Ziyalı təbəqə yaxşı anlayır ki, növbəti revanşizm cəhdi ölkəni suverenliyin tam itirilməsi və iqtisadi iflas həddinə çatdıra bilər.
Tarixi proseslərin dialektikasına nəzərə alsaq, Ermənistanda konstitusiya islahatları məsələsi artıq varlıq və yoxluq arasında mübarizəyə çevrilib. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin son hesabatında bildirilir ki, Ermənistan hakimiyyəti yeni konstitusiya layihəsi üzərində işləyir. Sənədin marta qədər hazırlanması, referendumun isə iyun ayındakı parlament seçkilərindən sonra keçirilməsi planlaşdırılır. Qeyd olunur ki, bu islahat Bakı ilə aparılan sülh danışıqları kontekstində strateji əhəmiyyət daşıyır.
Azərbaycanın tələbi ilə gündəmə gələn konstitusiya dəyişikliyi ölkə daxilində ciddi müqavimətlə üzləşsə də, Paşinyan bunu seçki öncəsi cəmiyyətə "müharibə, yoxsa sülh" seçimi kimi təqdim edəcək. Rəqəmlər göstərir ki, Azərbaycanın Ermənistan ordusunun modernləşmə tempini qat-qat üstələyən hərbi büdcəsi qarşısında İrəvanın hər hansı revanş imkanı "sıfıra bərabərdir". Bu kəskin hərbi-texniki disbalans elitanın manevr imkanlarını daraldır və onları sülhə tərəf məcburedici trayektoriyaya sövq edir.
Bu konteksdə daha vacib bir məsələ var. Mövcud geosiyasi reallıqlar çərçivəsində rəsmi Bakının strateji hədəfi Ermənistan dövlətçiliyinin təməllərinə söykənən sarsılmaz sənədin imzalanmasıdır. Yəni əsas məqsəd, sadəcə, Nikol Paşinyan hökuməti ilə deyil, bütövlükdə Ermənistan və onun xalqı ilə hər hansı bir şübhə doğurmayacaq sülh müqaviləsini rəsmiləşdirməkdir. Sənəd İrəvanın bu gün və ya sabah seçdiyi xarici siyasət kursundan, qoşulduğu müxtəlif iqtisadi platformalardan və hərbi-siyasi bloklardan tamamilə müstəqil olmalı, bütün zamanlar üçün legitimliyini qorumalıdır. Əldə olunan razılaşma erməni cəmiyyətində “Paşinyan sülhü” kimi qəbul edilməməli, bütövlükdə Ermənistanın barış müqaviləsinə çevrilməlidir. Çünki gələcəkdə hər hansı siyasi hakimiyyət dəyişikliyi bu sülhü kağız üzərində qalan xülyaya döndərə bilər.
Ermənistanın xaricdəki maliyyə mərkəzləri ildə təxminən 1.5 - 2 milyard dollar həcmində pul köçürmələri ilə ölkə iqtisadiyyatına təsir etsə də, onların siyasi tələbləri yerli əhalinin fiziki təhlükəsizliyi ilə ziddiyyət yaradır. Siyasi analiz göstərir ki, Krasnodar və ya Los-Ancelesdə oturan elita üçün status-kvo simvolik əhəmiyyət kəsb etdiyi halda, Ermənistan kəndlisi üçün delimitasiya olunmuş sərhəd və sabit ticarət daha vacibdir. Seçkilərdə bu iki təbəqə arasında qırılma xəttinin daha da dərinləşəcəyi qaçılmazdır. Paşinyanın "sağlam etimadsızlıq" prinsipi ilə Türkiyə və Azərbaycanla qurmağa çalışdığı münasibətlər, əslində, ölkənin demoqrafik tənəzzülünün qarşısını almaq üçün son şansdır.
Zaman hazırda Paşinyanın lehinə deyil, dövlət maraqlarının dərki əleyhinə işləyir. Əgər seçkilərə qədər sülh müqaviləsi imzalanmazsa, bu, radikal qüvvələrə "hakimiyyətin uğursuzluğu" kartından istifadə etmək imkanı verəcək. Lakin tarixi təcrübə və mövcud iqtisadi-coğrafi asılılıqlar diktə edir ki, Ermənistanın xilas yolu "Ağrıdağ", “miatsum” və “artsax” kimi mifologiyalardan imtina edib, rasional ticarət tərəfdaşına çevrilməkdir. Əks halda, hay cəmiyyəti elə həmin psevdo-ideologiyaların əsrliyində qalmaqda davam edəcək.

Tacir SADIQOV
XQ



Siyasət