Bu günlərdə Milli Kitabxanada elm və incəsənət xadimlərinin iştirakı ilə yeni nəşr olunmuş “İncəsənət məktəbləri üçün fortepiano ixtisası üzrə dərs vəsaiti” musiqi ictimaiyyətinə təqdim edildi.
Mövcud dərs vəsaitləri ilə müqayisədə yeni nəşr yenilikləri ilə seçilir. Bölmələrdə nəzəri hissənin geniş yer tutması şagirdlərin musiqi sənəti və musiqiçilər haqqında, fortepiano alətinin tarixi, not xətti, açarlar, not işarələri, ritm qabiliyyətinin yoxlanılması və inkişafı kimi vacib məsələlərin daha əhatəli öyrənmələrinə imkan verir. Şagirdlərlə yanaşı, müəllimlər üçün də dəyərli olan bu mənbədən QR kod vasitəsilə Azərbaycan və dünya pianoçularının tanınmış simaları haqqında məlumat almaq mümkündür.
Bəstəkarlardan Elnara Dadaşova və Ceyhun Allahverdiyev, şairlərdən Sevinc Nuruqızı və Zahid Xəlilin sözlərinə 7 notun hər birinə aid yeni mahnılar yazıblar. Şagirdlər həmin mahnıları çalıb- oxumaqla notları daha yaxşı mənimsəyəcəklər.
Dərs vəsaitinin “Müntəxabat” hissəsinə dahi Üzeyir Hacıbəylidən başlamış Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı, Qənbər Hüseynli və müasir bəstəkarların əsərləri də daxil edilib.
Yeni dərs vəsaitinin belə mükəmməl hazırlanmasında, təbii ki, peşəkar mütəxəssislərin böyük əməyi var. Müəlliflər sırasına layihənin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova, uzun illərin təcrübəli müəllimi Aygün İsgəndərova və bu məqalənin müəllifi daxildir. Vəsaitin elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva, metodistlər professor Könül Hüseynova, Əməkdar mədəniyyət işçisi, R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi məktəbinin müəllimi Tamilla Məmmədova, R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi Aygün İsgəndərova, C.Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Aygün Hüseynova, 34 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Aygün Ələkbərova, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Gülçin Aslanovadır. Vəsaitin kompüter not yığımı sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli və gənc bəstəkar Elvin Quliyev tərəfindən işlənilib. Əlbəttə, bu vəsaitin şagirdlər üçün daha maraqlı olması, layihənin rəssamı Məryəm Axundovanın fırçasından çıxan əlvan rənglərlə bağlıdır.
Təqdim olunan dərs vəsaiti Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində geniş müzakirə edilmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov və Ruslan Ələkbərov layihənin koordinatoru kimi nəşrin hazırlanmasına köməklərini əsirgəməmişlər.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli başda olmaqla, professorlar – pedaqoji elmlər namizədi Nərminə Quliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samirə Aşumova və Köln Musiqi Akademiyasının dosenti, beynəlxalq müsabiqələr laureatı Toğrul Hüseynlinin rəyləri də dərs vəsaitinin mükəmməl olmasına xidmət etmişdir.
Uzun illərdən sonra belə bir dərs vəsaitinin hazırlanması Mədəniyyət Nazirliyinin musiqi mədəniyyətimizə dəyərli töhfəsidir. Ümidvarıq ki, yeni nəşr balaca pianoçuların böyük uğurlarına yardımçı olacaq.
Səadət TƏHMİRAZQIZI,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

