İlk Olimpiya fatehimiz

post-img

Bu gün Azərbaycan idman tarixində ilk Olimpiya mükafatçısı Rəşid Məmmədbəyovun doğum günüdür. Onun “Helsinki-1952”də qazandığı gümüş medal ilk uğur kimi Olimpiya tariximizə qızıl hərflərlə həkk olunub.

Rəşid Məmmədbəyov 1927-ci il fevralın 28-də Bakının Şağan kəndində anadan olub. SSRİ çempionu və mükafatçıları İbrahimpaşa Dadaşov, Musa Babayev, Muxtar Dadaşov kimi adlı-sanlı güləşçilər yetişdirmiş Rza Baxşəliyev onun da ilk məşqçisi olub. 1942-ci ildən Rza Baxşəliyevin rəhbərliyi altında “İskra” cəmiyyətində sərbəst güləş bölməsində məşğul olmağa başlayan R.Məmmədbəyov 1943–1945-ci illərdə Bakı, daha sonra respublika çempionu olub. 1947–1949-cu illərdə SSRİ çempionatlarında gümüş və bürünc mükafatlar qazanıb.

Qələbəyə doğru 32 saniyəlik döyüş

1952-ci ildə SSRİ ilk dəfə Olimpiya oyunlarına qatılanda komandanın tərkibində azərbaycanlı güləşçi Rəşid Məmmədbəyov da yer almışdı. İstedadlı pəhləvana böyük ümidlər bəslənirdi. Olimpiadanın sərbəst güləş yarışları iyulun 20-23-də Messuxolli sərgi salonunda keçirilirdi. Helsinki Oyunlarında 57 kiloqram çəki dərəcəsində 20 ölkənin pəhləvanı çıxış edirdi. 25 yaşlı güləşçimizin ilk rəqibi iranlı Mohamed Mehdi Yəqubi dünyanın ən güclü güləşçilərindən sayılırdı. O, Olimpiya Oyunlarından 1 il qabaq elə Helsinkidə keçirilmiş dünya çempionatının qalibi olmuşdu. Amma xalça üzərinə çıxan azərbaycanlı idmançı cəmi 32 saniyə ərzində rəqibini məğlub edib. Bu qarşılaşma böyük rezonans doğurub. Olimpiya Oyunlarından sonra verilən şərhlərin birində deyilirdi ki, hakim hələ yenicə oyunun başlanğıcını təqdim etməyə başlamışdı ki, Rəşid Məmmədbəyov iranlı rəqibinə gözünü qırpmağa macal verməyərək parlaq qələbə qazanıb. Məhz bu nailiyyət pəhləvanımıza növbəti qarşılaşmalarda inamla döyüşmək üçün mühüm stimul verirdi.

Olimpiadanın gümüş mükafatçısı

İkinci dövrədə Məmmədbəyov İsveçrə nümayəndəsi Paul Henni ilə qarşılaşmalı olsa da, rəqibi zədə səbəbindən döyüşdən imtina edib. Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bill Borderslə də bütün görüş ərzində üstünlüyünü qoruyan Azərbaycan güləşçisi 11-ci dəqiqədə təmiz qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Macarıstanlı Layoş Bentse də Rəşidin yüksək texnikası qarşısında davam gətirməyərək məğlub olub. Yarımfinalda isə Rəşid Məmmədbəyov hindistanlı Xa-Şaba Yadav üzərində xal hesabı ilə qələbə qazanaraq finala çıxıb. Həlledici mərhələdə Rəşid yaponiyalı Soxati İşil ilə görüşüb. Rəqib xal hesabı ilə qalib gələrək Olimpiya çempionu adını qazanıb. Rəşid Məmmədbəyov isə Olimpiadanın gümüş mükafatı ilə kifayətlənib.

Olimpiya Oyunlarında parlaq çıxışından sonra güləşçi SSRİ miqyaslı müxtəlif yarışlarda uğurla çıxış edərək medallar qazanıb. O, 1970-ci ildə 43 yaşında vəfat edib.

Rəşid Məmmədbəyov iftixarla anılır

Olimpiya tarixində ilk mükafata sahib olan dünya şöhrətli pəhləvanın qazandığı möhtəşəm uğur uzun illər idmançılarımız üçün böyük stimul olub. Bu gün böyük qürurla deyə bilərik ki, müstəqil ölkə kimi Olimpiya Oyunlarında yüksək səviyyədə təmsil olunan Azərbaycan idmançıları böyük nailiyyətlər qazanırlar. R.Məmmədbəyov Azərbaycan Olimpiya Hərəkatının öncüllərindən biri kimi dünyaya səs salıb.

Olimpiadalarda medallarımızın hesabını açan Rəşid Məmmədbəyovu güləşsevərlər, idman ictimaiyyəti, eləcə də, xalqımız böyük minnətdarlıq və iftixarla anır, onunla fəxr edir. Olimpiya mükafatçısının xatirəsinə həsr edilmiş turnirlərdə gənc nəslin nümayəndələri böyük əzmkarlıqla mübarizə aparır, qalib olmağa can atırlar. Onlar Olimpiya zirvəsinə gedən yolda öz uğurları ilə cığır açan Azərbaycanın məşhur pəhləvanı kimi ad-san qazanmaq istəyirlər.

Leyla QURBANOVA
XQ

İdman