Hakan Fidan ABŞ və Avropanı PKK-ya dəstəkdən imtina etməyə çağırıb

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində cari regional və qlobal hadisələrlə bağlı fikirlərini bölüşüb. Məlumatı XQ “Anadolu”ya istinadən verib. 

Türkiyənin ABŞ-dan gözləntilərinə toxunan xarici işlər naziri Hakan Fidan deyib: “Amerika xüsusilə Suriyada İŞİD-lə mübarizədə əlaqələrinin parametrlərini yenidən nəzərdən keçirməli, Türkiyə üçün təhlükə yaradan PKK-ya dəstək öhdəliyindən qurtulmalıdır”.

Fidan vurğulayıb ki, PKK/YPG Suriyada öz idarəçiliyinə və güc zonasına sahib olmaq istədiyi üçün yeni rəhbərliklə anlaşa bilməz. O, bu vəziyyətin sülh yolu ilə həllinin tapılacağına ümid etdiyini bildirib. Türkiyə hər kəsə konstitusiya vətəndaşlığından bərabər istifadə etməyi tövsiyə edir ki, bu da cəmiyyətdə sülhə töhfə verəcək.

Nazir vurğulayıb ki, bu sülhün ikinci mühüm sütunu ondan ibarətdir ki, qanuni dövlət orqanlarından başqa heç bir orqan silaha malik olmamalıdır: “PKK və onun törəmələri Suriya ərazisinin üçdə birini ələ keçirib, onların böyük əksəriyyəti ərəb şəhərləri və kəndləridir. Neft və təbii qaz yataqlarını da ələ keçiriblər. Bunları Suriya xalqına satırlar, pulu isə İraq, İran və Türkiyədəki PKK-ya göndərirlər ”.

Onun sözlərinə görə, Suriya ərazisində İraq, Türkiyə və İrandan gələn terrorçular fəaliyyət göstərir: “Suriya və İraqın ərazi bütövlüyünə təhlükə Türkiyə üçün təhlükədir. Bu, aradan qaldırılmalıdır: “Ümid edirəm, inanmaq istəyirəm ki, bu, sülh yolu ilə həll olunacaq”.

 

P.ƏMİRCANOV

XQ

Dünya