Yunanıstanda tətil dəmiryolu və hava nəqliyyatının işini pozub

post-img

Yunanıstanda nəqliyyat sektoru işçilərinin 24 saatlıq tətili nəqliyyatın hərəkətində problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, tətil səbəbindən Afinada şəhərətrafı qatarların hərəkəti tamamilə dayandırılıb. Paytaxtın taksi sürücülərinin də aksiyaya qoşulduğu bildirilir. Buna baxmayaraq, metro və tramvaylar etirazçıları aksiyanın keçirildiyi parlament binası qarşısına daşımaq məqsədilə fəaliyyətini davam etdirib.

Tətildə aviasiya dispetçerləri də iştirak etdiyi üçün hava limanlarında uçuşların dayandırılacağı gözlənilir.

Aksiya Yunanıstanın Fessaliya vilayətində baş vermiş qatar qəzasının ikinci ildönümünə həsr olunub. Qeyd edək ki, 2023-cü ildə şəhərlərarası sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 57 nəfər ölmüşdü. Qəza Yunanıstanın dəmir yolu nəqliyyatı tarixində ən ölümcül hadisə olub.

Dünya