Mərakeş Kralı VI Məhəmməd vətəndaşlardan bu il Qurban bayramı üçün imkan daxilində qurban kəsməməyi xahiş edib, çünki ölkədə uzun illər davam edən quraqlıqdan sonra mal-qaranın sayı azalıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, monarxın xalqa müvafiq müraciətini vəqf və islam işləri naziri Əhməd Tevfiq televiziya vasitəsilə oxuyub.
Rəsmi rəqəmlərə görə, ardıcıl quraqlıqlar Mərakeşdə mal-qara və qoyunların sayının 2025-ci ildə 38 faiz azalmasına səbəb olacaq.
VI Məhəmmədin məktubunda deyilir: “Bu dini ayinləri ən yaxşı şəraitdə yerinə yetirmək üçün bizim sizə göstərəcəyimiz qayğı ölkəmizdə mal-qaranın baş sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olan iqlim və iqtisadi problemləri nəzərə almaq vəzifəmiz ilə müşayiət olunur.
Mərasimin bu çətin şəraitdə keçirilməsi xalqın əksəriyyətinə, xüsusən də gəlirləri məhdud olanlara ciddi ziyan vuracaq”.
Bu il Mərakeşdə yağıntılar 30 illik orta göstəricidən 53 faiz az olub, nəticədə mal-qara üçün örüş sahələri çatışmazlığı yaranıb. Ət istehsalının azalması yerli bazarda qiymətlərin bahalaşması və diri mal-qara, qoyun və qırmızı ətin idxalının artması ilə nəticələnib.
Bu yaxınlarda ölkə Avstraliya ilə 100 minə qədər qoyun idxalına dair müqavilə imzalayıb.
Mərakeş 2025-ci il büdcəsində daxili bazarda qiymətləri sabit saxlamaq üçün mal-qara, qoyun, dəvə və qırmızı ətə idxal rüsumlarını və əlavə dəyər vergisini ləğv edib.