Ötən illərdə böyük maraqla izlənilən "Muğam” Televiziya Müsabiqəsinin sayca 9-cu yarışmasına start verilir. Heydər Əliyev Fondunun dəstəyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Mədəniyyət Nazirliyinin iştirakı ilə ərsəyə gələcək müsabiqənin maydan etibarən tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.
IX "Muğam” Televiziya Müsabiqəsində iştirak etmək istəyən yaşı 8-dən 30-dək olan yeniyetmə və gənclər sənədlərini Lənkəran, Bərdə, İsmayıllı, Xaçmaz, Şəki, Sabirabad və Gəncə Regional Mədəniyyət idarələrinə, Naxçıvan MR Mədəniyyət Nazirliyinə və Azərbaycan Televiziyasına təqdim edə bilərlər.
Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edəcəklər. Onları milli musiqi alətlərindən ibarət instrumental ansambl müşayiət edəcək. IX “Muğam” Televiziya Müsabiqəsinin yarışmalarının Bakıda Beynəlxalq Muğam Mərkəzində, həmçinin respublikanın müxtəlif bölgələrində keçirilməsi nəzərdə tutulur. Avqustun sonunda isə final konsertin keçirilməsi və qaliblərin mükafatlandırılması planlaşdırılır.
Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər. Sənədlər təqdim edilərkən, əlaqə nömrəsinin yazılması mütləqdir. Sənədlər martın 1-dən aprelin 1-dək qəbul edilir. Aprelin 1-dən 30-dək respublikanın bütün bölgələrindən müsabiqədə yarışmaq üçün sənəd təqdim edən iddiaçılardan 20 nəfər gənc və 10 nəfər yeniyetmə münsiflər heyəti tərəfindən seçiləcək.
Müsabiqənin bütün platformalarda yayım hüququ “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə məxsusdur.
Əlavə məlumat üçün bu linkə https://youtu.be/jOnElNxST1c daxil ola bilərsiniz.