Kəndli də əti, yağı şəhərdən alırsa...

post-img

Adamlar tənbəlləşib, yoxsa şərait pisləşib?

Ötən şənbə qonşum Qismətlə rayon mərkəzinə gedirdim. Şəhərə çatanda soruşdu ki, kəndə tez qayıdacaqsan? Dedim ki, bəli, xəstəxanada yatan qohumuma baş çəkməliyəm. Bir də yüngül bazarlıq edəcəyəm. Qonşum isə dedi ki, mən əvvəlcə torpaq idarəsinə gedəcəyəm. Sonra da bazar-dükanda təmiz yağ axtaracağam...

Hər ikimiz rayon mərkəzində çox yubanmadıq. Kəndə dönmək üçün vədələşdiyimiz yerdə görüşdük. Qonşum xeyli alış-veriş eləmişdi. Yolda soruşdum ki, nehrə yağı tapa bildin?

Qismət dedi:

– Yox. Bazarda dedilər ki, sabah gəl, bəlkə dağ kəndlərindən gətirən oldu. Qiyməti də 30 manatdan aşağı olmaz... Mən də əlacsız qalıb marketdən kilosu 26 manat olan yağdan aldım... Aparım, uşaqların anası əritsin, görək necə çıxacaq. Ət də aldım, yenə 1 manat bahalaşdırıblar. Qardaş, hər şeyin qiyməti qalxır. İndi gəl dolan!..

Sonra o, dərindən köks ötürdü.

Vaxt var idi...

Cəfərli Ağsunun ucqar aran kəndidir. Böyük deyil – 120 ev ancaq olar. Bir vaxtlar ətrafdakı Küdrü düzündə onlarca qışlaq yerləri vardı. Payızın ilk leysanı düşəndən sonra tərəkəmələr qoyun sürülərini və naxırları yaylaqdan endirib bu geniş düzə gətirərdilər. Onda qoyun əti, yağ, pendir heç neçəyə idi. Bəzən yaylaqda tutulmuş motalı beş-on kilo arpaya, 5 ədəd küləş bağlamasına dəyişərdilər...

Kəndin özündə də hər ailənin, azı, 15-20 baş inək-camışı, 40-50 qoyunu olardı. Qadınlar əridilmiş yağ küpələrini sərin yerdə yan-yana düzərdilər. Süfrələrdən təmiz nehrə yağı, qaymaq, üzlü motal pendiri, cızdağ əskik olmazdı. Kim idi bazardan yağ alan? Dükanlarda satılan kərə yağını alıb yeməzdilər ki, xoş olmayan tam gəlir.

Gün əyiləndə çoban sürünün ağzını kəndə döndərərdi. Qabağa təkələr, qoçlar düşərdi. Sürünün bir başı kəndin ortasında olanda arxası kənddən xeyli aralı gələrdi...

Kəndin ətrafında geniş təbii otlaq sahələri vardı. Payız xoş gələndə həmin ərazilərdə ot tez göyərir, boy verərdi. Bununla yanaşı, taxılı biçilmiş ərazilərdə və pambıq yığımı başa çatmış sahələrdə də heyvanlar doyunca yem tapardılar. Bəzən mal-qara günlərlə elə o sahələrdə qalardı. Çünki kimsə kimsənin heyvanına göz dikməzdi.

Soyuqlar düşənə, çöldən əl-ayaq kəsilənə yaxın hər ailə, adətən, 2 cöngə və ya 2-3 qoç, toğlu satar, qış azuqəsini, qənd-çayını alıb yığardı evinə. Ümumiyyətlə, kəndlərdə ərzaq qıtlığı olmazdı...

Bəs indi?

İndi vəziyyər başqadır, həyat, dolanışıq çox dəyişib. Kəndin müəyyən əraziləri və təbii otlaq sahələri ayrı-ayrı şirkətlər və pullu adamlar tərəfindən tutulub. Heyvan otarmağa, demək olar ki, örüş sahəsi qalmayıb. Heç bir təşkilat və yerli bələdiyyə bu problemi hələ ki, çözə bilmir. Buna görə də mal-qara, qoyun-quzu saxlamaq qat-qat çətinləşib.

Təbii biçənək olmadığına görə də əhali otu çox vaxt pulla almalı olur. Bir bağlama otu, orta hesabla, 3-5, küləşi isə 2 manata alırlar. İlbəil də qiymət qalxır. Heyvana ot və küləşlə yanaşı, arpa, qarışıq yem də vermək vacibdir ki, çəkisi yaxşı artsın. Bunları da hesablayanda görürsən ki, heyvandarlıq xeyir əvəzinə zərər gətirir. Hazırda kəndimizdə qoyunçuluqla iki-üç ailə məşğul olur. Bu sahədə təcrübəsi olanlar deyir ki, indi qoyun saxlamaq çox çətindir. Əsas səbəb də odur ki, kəndin örüşü yoxdur. Yem almaqla heyvan saxlamaq da səmərə vermir. Sonra da deyirlər ki, ətin qiyməti niyə qalxır? Digər tərəfdən, qoyun saxlayanın yaxşı köməyi olmalıdır. Cavanlar da məktəbi bitirən kimi şəhərə üz tuturlar. Çünki kəndlinin əməyi çox ucuzlaşıb. Bazarlarda kök atmış alverçilər məhsulu yetişdirəndən çox qazanırlar.

“Darıxan evlər”

Kənddə indi xeyli ev-həyət boşdur. Yeri gəlmişkən deyim ki, respublikanın bir çox yaşayış məntəqələrində vəziyyət belədir. Ev-ailə qayğıları, dolanışıq çətinliyi cavanlarımızı doğma el-obasından didərgin salıb. Bir tərəfdən yaxşıdır ki, onlar nə qədər çətin olsa da, az-çox qazanır, özlərinə ev alır, güzəran qurur, iş yeri açırlar. Amma o da var ki, subaylarımızın xeyli hissəsi oralarda ailə qurur, illər ötdükcə doğma yurdu, ata-analarını unudurlar. Bax, bu, çox ağrılı söhbətdir.

Boş qalmış evlərin sahiblərinin çoxu Sumqayıtda yaşayırlar. Kişilər Rusiyada pul qazanır, qadınlar uşaqlara baxırlar. Onlar arabir kəndə xeyirə-şərə gəlirlər.

Bu həyətyanı sahələr quruyub, evlər qurd-quş yuvasına dönüb. Hətta bəzi evlər, belə demək olarsa, “darıxdığından”, insan hənirinə həsrət qaldığından bir neçə yerdən çat verib. Bu həyətlərə baxdıqca, adamın qapı-bacaya yazığı gəlir. Daş da ayrılığa dözməzmiş...

Narçılıq ilbəil genişləndirilir

Bu yerlərin torpağı, əsasən, şorəkətdir. Bu səbəbdən taxıl əkini sahələrindən yüksək məhsul götürmək çətindir. Bunun üçün meliorasiya tədbirlərinin aparılması çox vacibdir. Lakin bu, çoxlu vəsait tələb edir. Sovet dönəmində qazılmış şor kanalların yarıdan çoxu dolub və qamışlığa çevrilib. Torpaqda olan şorluğun yuyulması üçün, təxminən, 50 il əvvəl qazılmış drenajlar da sıradan çıxıb. Bu səbəbdən güclü yağışlardan sonra nəinki əkin sahələri, hətta həyətyanı sahələr gölməçələrə çevrilir.

Qrunt suyunun yüksəlməsi isə əkinçiliyə ciddi ziyan vurur. Bunu nəzərə alan əhali taxıl əkini sahələrini getdikcə azaldır. Çünki hektardan çox zaman 10-12 sentner əldə olunması o məhsulun heç maya dəyərini ödəmir. Axı şum, malalama, səpin və biçin də pulla aparılır. Hökumət də hər hektara görə əkinçiyə verdiyi subsidiyanı, belə demək olarsa, gübrə satışında onun əlindən alır. Yəni gübrələr çox bahadır.

İllər əvvəl bu kənddə əhali heyvandarlıqla yanaşı, bostançılıqla da məşğul olur, hər mövsümdə yaxşı qazanc əldə edirdi. Bir gündə şəhər bazarlarına, azı, 20-25 ton bostan məhsulları yola salınırdı. Amma son illər bostançılıq da səmərə vermir.

Hazırda kənddə hər kəs həm həyətyanı sahəsində, həm də pay torpağında nar yetişdirir. Məhsulun çoxu Rusiya bazarlarına yola salınır. Yay aylarında bəzən su qıtlığı yarandığından bağbanlar damcı ilə suvarmaya üstünlük verirlər.

Bu sistemin tətbiqi digər aqrotexniki tədbirlərin də keyfiyyətlə aparılmasına şərait yaradır. Bu il cəfərlilər 30 hektardan çox sahəyə yeni nar tingləri basdırıblar. Hazırda bu tədbir davam etdirilir.

Bütün çətinliklərə baxmayaraq, kənd əhalisi sabaha ümidlə baxır.

Səməd MƏLİKZADƏ
Ağsu rayonu

Sosial həyat