Leyla Əliyevanın Bəhreyn görüşləri

post-img

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bəhreynə səfəri çərçivəsində Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşü keçirilib.

Görüş zamanı iki dövlət və xalq arasında yüksəksəviyyəli münasibətlərin mövcudluğu xüsusi vurğulanıb. İkitərəfli əməkdaşlığın bundan sonra da müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Bəhreyn Krallığının Vəliəhdi Azərbaycanın hər zaman qlobal problemlərin həllinə dəstək olduğunu, bu çərçivədə ölkəmizin COP29 beynəlxalq tədbirinə də yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladıb. Ətraf mühitin qorunması sahəsində təşəbbüslərin davamı olaraq, MAMA “Ana təbiət” sərgisinin Bəhreyndə təşkilinə görə təşəkkürünü çatdırıb. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın ətraf mühitin qorunması istiqamətində Azərbaycanda və digər ölkələrdəki təşəbbüsləri yüksək qiymətləndirilib.

Görüş zamanı Azərbaycan və Bəhreyn arasında gələcək əməkdaşlıq layihələri sırasında beynəlxalq Ekspo sərgiləri, o cümlədən Yaponiyada aprel ayından başlayacaq “Ekspo 2025” çərçivəsində birgə fəaliyyət üzrə də fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan və Bəhreynin “Formula 1” kimi nüfuzlu yarışa uğurla ev sahibliyi etməsi vurğulanıb. Ölkəmizdə avtomobil idmanı üzrə yarışların keçirilməsinə önəm verildiyi və bu çərçivədə də gələcək əməkdaşlıq müzakirə olunub.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bəhreyn Krallığına səfəri çərçivəsində bu ölkənin neft və ətraf mühit naziri Mohammed bin Mubarak Bin Dinah ilə görüşüb.

Görüşdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi nüfuzlu beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyi xüsusi vurğulanıb. Bəhreynli nazir COP29 çərçivəsində Azərbaycana səfərini xatırladaraq ölkəsinin ətraf mühitin mühafizəsi, ekoloji və iqlim vəziyyətinin inkişafına töhfə verməyə hər zaman hazır olduğunu qeyd edib. Leyla Əliyeva müasir dövrdə ətraf mühitin qorunmasına yönəlik birgə təşəbbüslərin planetimizin və insanların gələcəyi üçün önəmli olduğunu bildirib.

Danışıqlar zamanı su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər, çirkab suların təmizlənməsi və irriqasiyaya yönləndirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.

XQ



Son xəbərlər