Bəhreynin məşhur İncəsənət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdimatı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda Heydər Əliyev Mərkəzində uğurlu debütünü edən MAMA “Ana təbiət” sərgisi Bəhreyndəki təqdimatla iqlim dəyişiklikləri üzrə həyati mesajı dünyaya yaymaq üçün səyahətə başlamış olur.
Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi, Bəhreynin RAK İncəsənət Fondu və Bəhreyn Mədəniyyət və Qədim Əsərlər İdarəsinin birgə təşkil etdiyi sərgi ətraf mühitin qorunmasının vacibliyinə incəsənət vasitəsilə bir çağırışdır.
RAK İncəsənət Fondunun təsisçisi, rəssam Raşid Al Xəlifə sərginin Bəhreyndə keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, MAMA “Ana təbiət” sərgisinin təqdimatı mədəni mübadilənin təşviqi istiqamətindəki davamlı səyləri gücləndirir. Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, MAMA “Ana təbiət” incəsənət layihəsi vasitəsilə mövcud problemlərin həllinə kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. Leyla Əliyeva bildirib ki, qlobal istiləşmə dövründə dayanıqlıq çağırışı heç vaxt bu qədər zəruri olmamışdı.
Sərgidə Raşid Al Xəlifə, Leyla Əliyeva ilə yanaşı, 29 ölkədən 55 rəssamın ərsəyə gətirdiyi 100-dən çox fərqli sənət əsərləri nümayiş etdirilir.
MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi Bəhreyn İncəsənət Mərkəzində martın 25-dək davam edəcək. Bu müddətdə ziyarətçilər hazırda üzləşdiyimiz ətraf mühit problemləri ilə bağlı müxtəlif və vacib hekayələri özündə əks etdirən rəssamlıq, heykəltaraşlıq, instalyasiya və multimedia nümunələri ilə tanış ola biləcəklər.
***
Bəhreyn Krallığına səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bu ölkənin RAK İncəsənət Fondunu ziyarət ediblər.
Ziyarət zamanı burada təqdim edilən dünya şöhrətli rəssamların əsərlərindən ibarət ekspozisiya ilə də tanışlıq olub.
RAK İncəsənət Fondu müxtəlif sənət sərgilərindən əldə olunan, ayrı-ayrı nəsilləri və incəsənət məktəblərini təmsil edən bəhreynli rəssamların əsərlərinin ən seçmə nümunələrini təqdim edir. Qeyri-kommersiya təşkilatı olan RAK rəssamların dünya miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər, əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.
RAK İncəsənət Fondunun rəssamlarının əsərləri Azərbaycan izləyicilərinə ötən il Bakıda açılan sərgidə təqdim edilmişdi. Həmçinin Heydər Əliyev Mərkəzində RAK İncəsənət Fondunun təsisçisi və görkəmli bəhreynli rəssam Raşid Al Xalifanın sərgisi təşkil olunmuşdu.
Qeyd edək ki, Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə, o cümlədən incəsənət sahəsində səmərəli əməkdaşlıq qurulub. Ümumbəşəri sənət dili sayılan incəsənət xalqlar arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin qurulmasına mühüm töhfədir. Mədəni sahədə əlaqələr ölkələrimiz arasında gələcək tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə zəmin yaradır.
XQ