Fevralın 27-də ABŞ və Rusiya nümayəndə heyətləri İstanbulda konstruktiv müzakirə aparıb və diplomatik missiyaların işinin sabitləşdirilməsi istiqamətində ilk addımları müəyyən ediblər. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənədə əsasən, ABŞ nümayəndələri müqavilə çərçivəsində göstərilən bank əməliyyatları və xidmətlərinə çıxış imkanları ilə bağlı “narahatlıqlarını ifadə ediblər”, həmçinin “ABŞ-ın Moskvadakı səfirliyinin sabit və davamlı kadr təminatına ehtiyac olduğunu” bildiriblər. “Konstruktiv müzakirələr yolu ilə hər iki tərəf bu sahələrdə missiyaların işinin ikitərəfli sabitləşdirilməsi istiqamətində konkret ilkin addımları qeyd edib”. Məlumatda deyilir ki, tərəflər “bu məsələlərə həsr olunmuş əlavə görüşün” tezliklə keçirilməsi barədə razılığa gəliblər;
Qeyd edək ki , ABŞ nümayəndə heyətinə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edib. Rusiya nümayəndə heyətinə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev başçılıq edib.
Son həftələr Rusiya ilə ABŞ arasında təmaslar intensivləşib. Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp telefonla danışıb. Təxminən 90 dəqiqəlik söhbət Trampın inauqurasiyasından 23 gün sonra baş tutub. Prezidentlər Ukrayna münaqişəsi, ikitərəfli münasibətlər və vətəndaş mübadiləsi də daxil olmaqla geniş mövzuları müzakirə ediblər. Fevralın 18-də Rusiya və ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətləri Ər-Riyadda görüşüblər. Görüşdən sonra Lavrov məlumat verib ki, tərəflər Rusiyanın ABŞ-dakı və ABŞ-ın Rusiyaya səfirlərinin mümkün qədər tez təyin edilməsi, həmçinin Rusiya diplomatik missiyalarının işinə uzun müddətdir mövcud olan maneələrin aradan qaldırılması ilə bağlı razılığa gəliblər.
P.ƏMİRCANOV
XQ