Xocalı soyqırımının 33-cü ildönümü Türkiyənin İzmir vilayətinin Bornova rayonunda qeyri-ənənəvi tədbirlə anılıb. Belə ki, şəhərin Bornova Cümhuriyyət Meydanında Xocalı qurbanlarının xatirəsinə 613 ayaqqabı düzülüb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Bornovanın Karacaoğlan bölgəsindəki Azərbaycan Dostluq Parkında anım mərasimi keçirilib. Parkda tanınmış fotoqraf Reza Deqatinin “Xocalı-yaralı ruhlar” sərgisində yer alan fotolar nümayiş etdirilib.
Daha sonra mərasim iştirakçıları Bornova Cümhuriyyət Meydana gediblər.
Burada çıxış edən Bornova Bələdiyyəsinin sədri Ömer Eşki Xocalı soyqırımı ilə bağlı düşüncələrini belə dilə gətirib: “İnsanların yaddaşlarında daha yaxşı yazılması və əslində, vəziyyətin nə olduğunu anlamaları üçün belə bir təşəbbüsü həyata keçirdik. Dilimizə gətirdiyimizdə 613 çox kiçik bir sayı kimi görünür. Bu mənzərə o ayaqqabıları geyinən insanların əslində nə qədər çoxluq təşkil etdiyini və nə cür bir qətliam, soyqırımı ilə qarşı-qarşıya qaldıqlarını göstərir. Biz, uğrunda bir çox şeyi itirəcəyimizi bilsək də qardaşlığımızdan əsla imtina etməyəcəyik. “Bir millət, iki dövlət”, tək ürək olmaq bizim yaşamamız, nəfəs almağımız üçün ən böyük amallarımızdan biridir. Buradakı bu, səssiz gözləmə, ayaqqabıların səssiz gözləməsi davam edəcək. Buradan keçən vətəndaşlarımızın yaddaşına bir şeyi qazımaları və soyqırımlarını unutmamaları vacibdir”.
Bələdiyyə sədri çıxışında Bornova ilə Azərbaycanın Sumqayıt şəhərinin qardaşlaşmasını arzu etdiklərini bildirib.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid Aydın deyib: “Bələdiyyə sədri ilə birgə gəldiyimizdə kənardan bu mənzərəni görüncə göz yaşlarımı güclə saxlaya bildim. Bundan 33 il əvvəl dünya tarixinin ən amansız faciələrindən biri olan Xocalı soyqırımı baş verdi. Azərbaycan xalqının bu ağır günündə göstərdiyiniz bu diqqət üçün təşəkkür edirəm. Yaxşı ki, Türkiyə var”.
Təşəbbüs şəhər sakinlərinin çox böyük marağına səbəb olub, onlara Xocalı həqiqətləri haqqında bir daha məlumat verilib.