İrəvan NATO təlimindən niyə kənarda qaldı?

post-img

Qonşu Gürcüstan Respublikası aprelin 28-dən mayın 8-dək “Gürcüstan–NATO 2025” komanda-qərargah təlimlərinə evsahibliyi edəcək. Təlimlər Tbilisi yaxınlığındakı Krtsanisidəki hərbi bazada, birgə təlim və qiymətləndirmə mərkəzində keçiriləcək. Bu barədə İtaliyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Məqsəd NATO–Gürcüstan Birgə təlim və qiymətləndirmə Mərkəzinin imkanlarını nümayiş etdirmək, əsasən Gürcüstan və qismən beynəlxalq hərbi personaldan ibarət briqadaları sınaqdan keçirməkdir. İlk dəfə 2016-cı ildə təşkil edilən və indi dördüncü dəfə keçirilən manevrlərə İtaliya Ordusunun Florensiyada yerləşən “Vittorio veneto” diviziya komandanlığı rəhbərlik edəcək. Məlumatda qeyd edilib ki, Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, Polşa, Slovakiya, ABŞ və Fransa artıq təlimlərdə iştirakını təsdiqləyib. Ermənistan isə müşahidəçi qismində iştirak edəcək.

Qeyd edək ki, Ermənistanın son vaxtlar Qərb ölkələri ilə əlaqələri inkişaf etdirdiyi göz önündədir. Buna paralel olaraq rəsmi İrəvan Rusiyadan uzaqlaşır. Nikol Paşinyan hökuməti Rusiyadan nə qədər uzaqlaşırsa, Qərbə də bir o qədər yaxınlaşır. Ümumiyyətlə, Ermənistan hakimiyyəti uzun müddət idi ki, ölkənin Avropa İttifaqı ilə yaxınlaşması barədə danışırdı. Lakin 2025-ci il yanvarın 9-da hökumət hüquqi baxımdan mühüm addım ataraq, Aİ-yə üzvlük prosesinin başlandığını elan edən qanun layihəsini 
dəstəkləyib. Nəticədə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarılması məsələsini Rusiyada qaldırmağa başlayıblar. Bununla bağlı ilk olaraq Rusiya baş nazirinin müavini Aleksey Overçuk açıqlama verib. O, bugünlərdə yenə ötən həftə Moskvanın İrəvanın Aİ-yə üzvlük prosesinə başlamaq qərarını Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasının başlanğıcı kimi qiymətləndirdiyi barədə bəyanatını təkrarlayıb. Rusiya baş nazirinin müavini deyib ki, növbəti addımlar Ermənistan hökumətinin üzərinə düşür və biz vəziyyətin necə inkişaf edəcəyini görəcəyik: “Qanun layihəsinin təşəbbüskarları yaxşı başa düşürlər ki, Aİ-yə qoşulmaq çox hipotetik bir şeydir və təbii ki, onlar Aİİ üzvü kimi əldə etdikləri iqtisadi fayda və üstünlükləri itirmək istəmirlər. Təəssüf ki, artıq keçən il biz Aİ-yə üzvlüklə bağlı müzakirələrin təsiri altında Rusiya biznesinin Ermənistanla iqtisadi əlaqələrin inkişafına daha ehtiyatlı yanaşdığını müşahidə etməyə başladıq. Biz gördük ki, bir sıra sahələrdə işgüzar fəallıq azalmağa başlayıb”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirmişdi ki, Ermənistanda Vaşinqton və İrəvan arasında keçirilən “Qartal tərəfdaşlığı” hərbi təlimləri bu ölkənin gələcəyi ilə bağlı narahatlıq yaradır. Onun sözlərinə görə, bu təlimlər nəinki təəssüf, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur: “Çünki ABŞ və Avropa İttifaqı dəfələrlə belə maxinasiyalar həyata keçiriblər. Yaxşı bilirsiniz ki, “Qartal tərəfdaşlığı” adlanan bu işin sonu necədir. İstifadə edildikdən sonra lazımsız əşya kimi kənara atılır”.

Buna baxmayaraq, yanvarın 14-də Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. İmzalanmadan əvvəl çıxış edən ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqton Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində, xüsusən də onun ərazisinin müstəqilliyini və suverenliyini bərqərar etmək səylərini dəstəkləmək üzərində işləyir. O qeyd etmişdi ki, yaxın həftələrdə ABŞ gömrük və sərhəd mühafizəsi komandanlığının nümayəndələri Ermənistana səfər edəcəklər. Məqsəd sərhəd təhlükəsizliyi imkanlarını gücləndirmək, təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirmək və “Qartal tərəfdaşlığı” kimi təlimlər vasitəsilə Ermənistanın sülhməramlı imkanlarını təkmilləşdirmək üçün erməni tərəfdaşlarla işləməkdir.

Onu da bildirək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan ötən ilin dekabrında ABŞ-yə səfər etmişdi. ABŞ Müdafiə naziri Lloyd Ostin erməni həmkarının səfərini “tarixi” adlandırmışdı. Birləşmiş Ştatların Müdafiə Nazirliyinin bəyanatında deyilirdi ki, Pentaqonun rəhbəri səfərin məqsədinin ABŞ və Ermənistan arasında strateji münasibətləri müzakirə etmək olduğunu bildimişdi. “Sizin səfəriniz tarixi əhəmiyyətə malikdir. Ermənistan ABŞ-yə əl uzadıb və mən bu gün sizi burada qəbul etməkdən qürur duyuram. ABŞ suveren, müstəqil və çiçəklənən Ermənistanı, Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasını dəstəkləyir. Biz əlaqələri möhkəm təməl üzərində qururuq. Bizim qoşunlarımız Əfqanıstanda çiyin-çiyinə xidmət edirdi və biz Kosovodakı NATO qüvvələrinin tərkibində birgə fəaliyyətimizi davam etdiririk. Bu, bizim ilk görüşümüzdür və gündəmimiz doludur. Mən sizin Ermənistan silahlı qüvvələrinin gələcəyi və Cənubi Qafqazda sülhün bərqərar olması perspektivləri ilə bağlı fikirlərinizi eşitməyi səbirsizliklə gözləyirəm” – deyə Pentaqon rəhbəri Papikyanın ünvanına xoş sözlər demişdi.

Bundan əlavə bəllidir ki, Ermənistan hökuməti Rusiyanın hakim mövqeyə malik olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını minumuma endirib. Onun maliyyələşməsində iştirak etmir. Bununla bağlı N.Paşinyan bir müddət öncə bildirmişdi ki, Ermənistan–KTMT münasibətləri artıq geridönməz mərhələyə qədəm qoyub. Bu mənada hazırda NATO təlimində Ermənistanın sadəcə, müşahidəçi kimi iştirakı sual doğurur.

Bu istiqamətdə XQ-nin suallarını cavablandıran “World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova bildirdi ki, biz bundan öncəki NATO təlimlərində də Ermənistanın əksər hallarda müşahidəçi qismində iştirak etdiyini görürük. Bəzi hallarda isə ümumiyyətlə, iştirak etmirdi: “Ermənistan ordusunun nümayəndələri hər zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Rusiyada, Belarusda, Qazaxıstan, Qırğızıstan və Tacikistanda keçirilən təlimlərində iştiraka üstünlük verib. İndi isə KTMT-nin keçirdiyi təlimlərə də qatılmır. Son vaxtlar biz Ermənistanın Rusiyadan uzaqlaşması prosesinin getdiyini görürük. Ötən ilin yayında Rusiya sərhəd qoşunlarının hərbçiləri İrəvandakı “Zvartnots” hava limanından çıxarıldılar. Ermənistan hökumətinin Rusiya ilə münasibətlərdə məsafə saxlamağa çalışdığı da göz önündədir. Yanvarın 14-də Ermənistanla ABŞ arasında imzalanmış saziş isə Rusiyanı narazı salıb. Amma buna baxmayaraq, Rusiya Ermənistana ciddi reaksiya vermir. Zənnimcə, bunun əsas səbəbi Qərbin sanksiya siyasəti nəticəsində Rusiyaya ixracına qadağa qoyduğu malların Ermənistan vasitəsilə şimal qonşumuza daşınmasıdır”.

Politoloq qeyd etdi ki, Ermənistan–ABŞ sazişinə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun reaksiyası daha sərt olub. Onun sözlərinə görə, Rusiya xarici siyasət idarəsinin başçısı Ermənistanın qurumdan çıxarılması məsələsini gündəmə gətirib. Bildirdi ki, Avropa İttifaqına daxil olmaq istəyi ilə Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsi bir-biri ilə ziddiyyət təşkil edən məsələlərdir. Bundan sonra isə rəsmi İrəvan amerikalı hərbçilərin Ermənistanda varlığına, necə deyərlər, yaşıl işıq yandırdı: “Ermənistan hökuməti sözçüsünün açıqladığı məlumatda bildirildi ki, amerikalı hərbçilər Hayastana gələcəklər və sərhədlərin qorunması məsələsində erməni hərbçilərinə texniki kömək göstərəcəklər. Bu baxımdan düşünürəm ki, amerikalı hərbçilərin Ermənistana gələrək ölkə daxilində erməni həmkarlarına təlimlər keçmələri nəzərdə tutulub. Bu baxımdan Ermənistan Gürcüstanda keçiriləcək təlimlərdə iştirak etməməyi özü üçün problemə çevirmir. Sadəcə, hərbi təlimlərdə müşahidəçi qismində iştirak edərək gələcək perspektivdə ABŞ-nin Ermənistana isti münasibəti çərçivəsində göndərəcəyi hərbçilərin təlimlərinə daha çox bel bağlayır”.

R.Məmmədovanın sözlərinə görə, açıqlanan məlumatda təlimlərdə Azərbaycanla yanaşı, bizim yaxın müttəfiqlərimiz olan Türkiyə və Macarıstanın da iştirakı qeyd edilib. Müsahibimiz hesab edir ki, İrəvanın iştirakçı deyil, müşahidəçi qismində iştirakı bu səbəbdən ola bilər. Onun sözlərinə görə, İrəvanın Bakı ilə sülh müqaviləsi bağlamadan, Türkiyə ilə diplomatik əlaqələr qurmadan Azərbaycan və Türkiyə ilə birgə təlimlərdə iştirak etməsi doğru olmazdı: “Güman etmək olar ki, Ermənistan hökuməti hərbçilərini pis vəziyyətə salmamaq üçün onları Gürcüstana göndərmir. Bu məqam da Ermənistan hərbçilərinin təlimlərdə iştirakını əngəlləyən amil ola bilər”.

Səxavət HƏMİD 
XQ



Siyasət