“Üzrü qəbahətindən betər”dir

post-img

Sən demə, təyyarənın gövdəsindəki dəlikləri quşlar dimdiyi ilə “açıbmış”

Sərnişin təyyarəmizi vuran da özləridir, faktı danan, məsuliyyətdən yayınmağa çalışan da. Bəlkə Azərbaycan bu dəhşətli faciəyə susmalı, baiskarların cəzalandırılmasını tələb etməməli idi? Yəni, “olan oldu, ötüb keçdi” deməliydik?  Bəlkə Qroznıda təyyarəmizə tuşlanan raketin dəyərini də biz ödəməliydik?

Qəzaya uğradılan təyyarənin “qara qutu”ları Braziliyadan Astanaya gətirilib. Maraqlıdır ki, Rusiya mediası təyyarənin deşifrə edilmiş “qara qutu”ları ilə bağlı rəsmi məlumata, yekun rəyə əsaslanmayan müəmmalı versiyalar tirajlayır. Deyəsən, onlar buna vərdiş ediblər. Ortada ənənə var axı: Rusiya imperiyası çoxəsrlik mövcudluğu müddətində aşkar haqsız olduğu vəziyyətlərdə belə özünü həmişə haqlı saymış, etiraz səsini ucaldanların üstünə yerimişdir.

Yanvar 16-da Rusiya mətbuatı məlum təyyarə qəzası ilə bağlı elementar məntiqdən uzaq, cəfəng ehtimallar yayıb. Guya, təyyarəmiz göydə quş dəstəsinə çırpılıb. Yəni, demək istəyirlər ki, həmin quşlar dimdikləri ilə təyyarəni dəlik-deşik ediblər. Bu sərsəm versiyanı irəli sürənlər məgər təyyarənin içində həm ekipaj üzvünün, həm də sərnişinin qəlpə yarasından qan axmasının videosunu görməyiblər? Təyyarəmizin yerdən raketlə vurulduğunu bilmək üçün heç “qara qutu”nun açılmasına ehtiyac qalmırdı. Hər şey göz qabağındadır.  

Heyrət doğuran nüans bilirsiniz nədir? Az qala, dünyada təklənərək küncə sıxılan,  Ukraynaya qarşı “xüsusi hərbi əməliyyatlar” fonunda qüdrətli dövlətlərlə qarşı-qarşıya gələn, sanksiya sarsıntılarına məruz qalan bir dövlət onun yanında dayanan, yeri gələndə kömək əlini uzadan azsaylı ölkələrdən biri ilə yersiz və lüzumsuz intriqaya girir. Bəs, iki qonşu və strateji müttəfiq dövlət arasında diplomatik qalmaqalın yaranmasında kimlər maraqlıdır? Kreml isteblişmentinin bundan hansısa dividend gözlədiyi ağlabatan görünmür. Deməli, Azərbaycan və Rusiya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən kimlərsə narahatdır. ABŞ və Qərbi kənara qoysaq, Rusiyanın daxilindəki ermənipərəst qüvvələrin (onların sayı kifayət qədərdir – red.) bunda maraqlı olduğu, var gücləri ilə bu münasibətləri korlamağa çalışdığı versiyasını nəzərdən keçirməyə dəyər. İki dəfə Azərbaycan liderinə zəng edib qəza ilə bağlı üzrxahlığını bildirən Rusiya rəhbərinin ətrafındakı hansı qüvvələr və nə məqsədlə ikitərəfli münasibətlərə xələl gətirəcək feyk-məlumatları medianın gündəminə gətirirlər? Bunlar ciddi suallardır. Belə çıxır ki, rəsmi Moskvanın üzrxahlığını qəbahətindən daha betər hala salmağa çalışanlar Kremlə “ayı xidməti” göstərirlər. 

Azərbaycan Prezidenti İlham Əliyev hava limanındakı müsahibəsində dedi ki, təyyarə Rusiya tərəfindən vurulub. Amma onu da nəzərə çatdırdı ki, biz demirik ki, bu, qəsdən edilib. Dövlət başçımızın bu fikrini kontekstdən çıxarıb rus mediasında  manipulyasiya edənlərin hərəkəti, yumşaq desək, yaramazlıqdır. Bəli, təyyarənin qəsdən və ya ehtiyatsızlıqdan kimlər tərəfindən vurulmasını istintaq müəyyənləşdirəcək. Azərbaycan rəhbərinin bu işdə məsuliyyəti olanların cəzalandırılmasını, zərərçəkənlərə təzminat ödənməsini və bütün prosesin beynəlxalq qayda və normalara uyğun şəkildə aparılmasını tələb etməsi kimlərinsə xoşuna gəlməyə bilər. Amma əlahəzrət faktı heç kəs dana bilməz.  

Rusiyada hərdən anti-Azərbaycan təmayüllü çıxış və bəyanatları eşitmişik. Yəni, orada hələ də kimlərsə həzm edə bilmirlər ki, on beş respublikanın adına “qırmızı imperiya” deyilən, əslində, rus bayrağı altına birləşdirildiyi dövr çoxdan tarixin arxivinə gömülüb. İndi keçmiş müttəfiq respublikalar müstəqil dövlətlərdir. Onların arasında Moskva ilə bərabərhüquqlu tərəfdaş kimi loyal münasibətləri qoruyub saxlayan üç respublika qalıbsa, onun biri Azərbaycandır. Əgər iqtisadi cəhətdən Rusiyadan tam asılı vəziyyətdə olan Ermənistan kimi bir ölkə ondan tamamilə üz döndərmək yolunu tutubsa, Kreml buna adekvat hərəkət etməlidir. Konkret bu olayla bağlı isə Bakıya qarşı yersiz təkəbbür və ambisiyalarından əl çəkməyi bacarmalıdır. Ən azı, dönüb geriyə, keçdiyi yola baxmalıdır. O zaman özünü bu cür aparan dövlətlərin son aqibətinin necə olduğuna dair xeyli nümunələrlə rastlaşacaq...

İ.HƏSƏNQALA 
XQ



Siyasət