Regional əməkdaşlıq örnəyi

post-img

Azərbaycanın davamlı iqtisadi inkişafı, yerləşdiyi əlverişli coğrafi mövqeyindən səmərəli faydalanması, beynəlxalq aləmə sürətlə inteqrasiyası ölkəmizin xarici əlaqələrinə də müsbət təsir göstərir. Respublikamızın qonşu dövlətlərlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi önəm kəsb edir. Azərbaycanın zəngin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstanın mühüm tranzit rol oynaması da bunun bariz ifadəsidir.    

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər hazırda yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son (10-cu) iclası yanvarın 17-də Bakıda oldu.

İki qonşu və dost dövlətin tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcminin getdikcə artmasını şərtləndirir. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı –Tbilisi – Ceyhan neft boru kəməri, Bakı –Tbilisi – Ərzurum qaz boru kəməri, Bakı –Tbilisi – Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Ölkələr arasında regionlararası əməkdaşlıq da yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan ilə Gürcüstanın bir sıra şəhərləri – Gəncə–Kutaisi (1995-ci il), Sumqayıt–Rustavi (2007-ci il), Naxçıvan–Batumi (2012-ci il), Şəki–Telavi (2012-ci il), Bakı-Tbilisi (2021-ci il), Şəmkir–Marneuli (2022-ci il), Ağstafa-Qardabani (2022-ci il), Göygöl–Bolnisi (2022-ci il), Daşkəsən–Dmanisi (2022-ci il) arasında “qardaşlaşma” əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 
17-də mətbuata bəyanatlarında da iki   ölkə arasında yüksək səviyyədə olan iqtisadi əməkdaşlığın, eləcə də bu çərçivədə uğurlu regional münasibətlərin getdikcə möhkəmlənməsi  öz ifadəsini tapıb. Dövlətimizin başçısı  İlham Əliyev çıxışında deyib: “İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu, onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”.

Azərbaycan lideri bəyanatında iki dövlət arasında energetika sahəsində     əməkdaşlığın həm ölkələrimiz, həm də daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıdığını, birgə gerçəkləşdirilən neft-qaz layihələrinin Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil etdiyini, Gürcüstan tranziti vasitəsilə Azərbaycanın hazırda 11 ölkəyə təbii qaz ixracını həyata keçirdiyini, ixrac həcminin ildən-ilə genişləndiyini bildirib. Prezident İlham Əliyev çıxışında iki ölkə arasında birgə “yaşıl” enerji və nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihələrinin uğurla həyata keçirildiyini, inkişafının daim diqqətdə saxlanıldığı Orta Dəhliz layihəsinin böyük coğrafiyanı əhatə edən əhəmiyyətli təşəbbüs olduğunu  və  Gürcüstanla Azərbaycanın bu məsələdə də Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynadıqlarını vurğulayıb.  

Orta Dəhliz layihəsinin inkişafı və perspektivinin müzakirəsi hazırda xüsusi diqqət mərkəzindədir. Ona görə də hər iki ölkə dəmir yolu xəttinin genişləndirilməsi, magistral yolların beynəlxalq səviyyədə qurulması və dəniz limanlarının gücünün artırılmasına mühüm önəm verir. 

Azərbaycan və Gürcüstan Orta Dəhliz, Cənub–Qərb və digər beynəlxalq tranzit marşrutlarının inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əlaqələr nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də artır. Yeri gəlmişkən, Bakı–Tbilisi–Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılmasının nəzərdə tutulması Orta Dəhlizin daha da gücləndirilməsi məqsədi daşıyır. 

Bu gün iki dost ölkə dəmir yolu xətlərinin müasirləşdirilməsini diqqət mərkəzində saxlayır. Bununla da yüklərin həcminin iki dəfə artacağı gözlənilir. Bundan savayı, tezliklə Gürcüstan tərəfindən Anakliya dəniz limanının inşasına başlanılacağı və infrastrukturun yükaşırma qabiliyyətinin 100 milyon tona çatdırılacağı da bildirilir. Eyni zamanda, Şərq–Qərb avtomagistralının inşasının da yaxın vaxtlarda yekunlaşdırılacağı gözlənilir. 

Şimal–Qərb qonşumuzla əlaqələr özünü iqtisadi sahədə daha çox büruzə verir. İlk olaraq iki ölkəni bir-birinə Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər qurumlar çərçivəsində əlaqələr də mühüm əhəmiyyət kəsb edir. 

SOCAR Energy Georgia MMC Gürcüstanın qazla təmin edilməsində mühüm rol oynayır. 2006-cı ildə qurulan bu şirkət yalnız Gürcüstan ərazisində fəaliyyət göstərir. MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72 faizinə, dizel satışının isə 61 faizinə nəzarət edir, bundan başqa, Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti  Gürcüstana hər ay 20 min ton neft məhsulu, həmçinin 15 min ton benzin idxal edir.

Azərbaycan – Gürcüstan əməkdaşlığında energetikanın ənənəvi sahələri ilə yanaşı, “Yaşıl enerji dəhlizi” layihəsi də xsusi yer tutur. Bu məsələdə də hər iki ölkə Avropa dövlətləri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu təşəbbüsün texniki-iqtisadi əsaslandırılması hazırlanaraq konkret işlərə start veriləcək. Bu istiqamətə böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm Azərbaycan–Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyi güclənəcək.

Bu məqamda yeni bir inkişaf mərhələsi kimi, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” xüsusi qeyd edilməlidir. Bu sənəd yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin olunması prosesi ilə bağlı zəncirin ən vacib həlqələrindən biridir. Mühüm əhəmiyyətə malik həmin saziş hər iki ölkənin yalnız regionda deyil, həmçinin Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş olmasının daha bir sübutudur.

Əlbəttə, iki qardaş dövlət, eləcə də digər qonşu ölkələr tərəfindən birgə reallaşdırılan layihələr nəticəsində əldə edilən iqtisadi uğurlar Prezident İlham Əliyevin vurğuladığı kimi, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün mühüm məna daşıyır, tərəflər arasında dostluq və strateji tərəfdaşlığı gücləndirir.

İstər Azərbaycanda, istərsə də Gürcüstanda diqqətçəkən inamlı inkişaf bu dövlətlərin ictimai-siyasi sabitliyinin, hər iki ölkə vətəndaşlarının hökumətə olan dəstəyinin məntiqi nəticəsidir. Çünki sabitlik və hökumətin aydın gələcəyə yönələn baxışları  zəruri layihələrin icra edilməsinə imkan verir,  eyni zamanda, iqtisadiyyatın davamlı inkişafını, infrastruktur layihələrinin uğurla icrasını və əhalinin rifahının getdikcə yaxşılaşmasını şərtləndirir. 

V.BAYRAMOV 
XQ

 

İqtisadiyyat