Yıxılabilməz, çökdürülməz hesab edilən Sovet İttifaqının beli o gecə sındı. Əslində SSRİ-nin dağılması da o gündən başlandı, bizim və 70 il sovet pəncəsində yaşamağa məhkum qalmış digər respublikaların müstəqilliyinin səhəri də o gecədən açıldı. İstiqlal salnamələri heç vaxt yalnız mürəkkəblə, qələmlə, ya indinin digər çevik rəqəmsal sözqeydəalma vasitələriylə yazılmaz. Millətlərin yaddaşına və ürəyinə həkk olunan istiqlal tarixçələrinin hansını açsan, orada şəhid qanlarından, qəhrəman ruhlardan nişanə taparsan.
Hər gecə müstəqil Azərbaycanda, rahat evinizdə, hətta lap narahat bir komada, amma sahibinin özünüz olduğunuz müstəqil bir yurdun içərisində yuxuya dalmazdan öncə canını bu istiqlal naminə qurban verərək əbədi uyquya dalmış tanıdığınız və tanımadığınız bütün Vətən övladlarını sayğıyla xatırlayın. O gecəki yuxunuz və bütöv həyatınız halalınız olsun deyə, onları anmağı unutmayın.
Müdam yad edilməlilərin şərəfli qatarında 1990-cı il 20 Yanvar gecəsi qurbanlarının da əziz surətləri var.
Hər millətin var olduğu müddətcə çata biləcəyi ən ali səadət, qazana biləcəyi ən əziz nemət onun istiqlalı, dövlət müstəqilliyidir. Bir çiçək boy atsın, bir ağac dikəlsin deyə ona su gərəkdir. Bu, təbiətin qanunudur. Ancaq insanlıq tarixində başqa bir yazılmamış kədərli qanunauyğunluq da var: azadlıq ağacları, istiqlal çiçəkləri qanla sulanmadan nə bəhrə verər, nə ucalar. Tarixi vərəq-vərəq çevirdikcə çeşidli dövrlərdə və ən müxtəlif xalqlarda istiqlala gedən yolun həmişə enişli-yoxuşlu olduğuna şahid kəsiləcəksiniz. Bu yol heç vaxt qurbansız olmayıb. Böyük istiqlalı öz qələbəsi hesab edənlər, onu öz adına yazmaq istəyənlər həmişə tapılıb. Ancaq bu da tarixin isbat etdiyi başqa həqiqətdir ki, istiqlalın əsl müəllifi həmişə xalq olur. Çünki onun yolunda qanı tökülən də, onun uğrunda qurban gedən də həmişə xalqdır. Azərbaycan nə xoşbəxtdir ki, dünyanın və öz tarixinin ən təlatümlü, ən hadisələrlə dolu parçasını – XX yüzili suveren dövlət kimi başa vurdu və XXI əsrin ilk onillərini müstəqillik içərisində, istiqlal qoynunda yaşamaqda davam edir.
Ancaq millət təqviminin müstəqillik, istiqlal tarixçələrini izlədikcə onu da görürük ki, bu yol pozulmaz, itibgetməz qan ləkələri ilə doludur.
70 il həsrətdən sonra Azərbaycan yenə müstəqilliyinə çatdısa, yenə istiqlalına qovuşdusa, heç kəs deməsin ki, elə bu, tarixin gedişi ilə öz-özünə baş verdi. İstiqlalımız yenidən qayıtdısa, müstəqilliyimizə təzədən qovuşduqsa, bunun əsas səbəbi Sovetin qılıncının başımız üstündə asılı qaldığı 70 il boyunca bir an belə sönmədən ürəklərdə şölələnməkdə davam edən azadlıq ocağı idi.
1980-ci illərin sonlarında Bakıda Azadlıq meydanı adı almış məkanda insan dənizi çağlayırdı, millət yenə istiqlal diləyirdi, xalq müstəqillik arzusuyla ayağa qalxmışdı. “Azadlıq!”, “Müstəqillik!” çağırışlarının zirvəsi 1989-cu ilin 31 dekabrında gəlib çatdı. Həmin gün Araz çayının tikanlı məftillərlə çəpərlənmiş o tayında və bu tayında qardaşlar üz-üzə dayanmışdılar. Həmin gün qəlbi azadlıq eşqi ilə çırpınan otaylı və butaylı azərbaycanlıların ayrılıq rəmzinə çevrilmiş Araz çayı üzərindəki zəfər anı idi. Yalın əllərlə tikanlı məftilləri qırdılar, sərhəd dirəklərini aşırdılar. Ürəklərdəki od elə güclü, həsrət səbirsizliyi elə həddə idi ki, qışın qış günündə Araz çayına atıldılar, burdan o taya, o taydan bu üzə üzməyə başladılar. O gün Sovet dövlətinin nəzərincə ən toxunulmaz olanın – Şura hökumətinin iradəsinin rəmzi sayılan sərhədin mənəm-mənəmliklə dağıdılan, Azərbaycan insanının imperiyaya meydan oxuyan günü idi. Bütün bunları gendən çox diqqətlə izləyən Kreml yaxşı dərk edirdi ki, bu addımdan müstəqilliyə doğru məsafə həddən artıq qısadır. Ona görə də bunu heç vəchlə cəzasız qoya bilməzdi. 1989-cu ilin son gecəsinin əks-sədası 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə idi. O şənbə gecəsində Bakıda sovet ordusunun törətdikləri müstəqilliyə, artıq nəfəsi lap yaxından duyulan istiqlala verilən cəza idi. Sovet silahlı qüvvələri Bakıya ona görə yeridilmişdi ki, insanların gözünün odunu alsınlar, iradəsini sındırsınlar, onların içərisindəki müstəqillik, istiqlal atəşini birdəfəlik söndürsünlər. Mərkəz Bakıya yeritdiyi və dəhşət yaratmaq əmri verdiyi qoşununun törətdikləri ilə, zirehli maşınların, tankların qorxunc gurultusu, selləmə yağış kimi açılan atəşlərin vahiməli vıyıltısı ilə azərbaycanlılara bu dərsi vermək istəyirdi ki, hamınızı ucdantutma beləcə “uf” demədən qıra bilərik. Ancaq vulkan kimi kükrəyən bir xalqı atəşlərlə susdurmaqmı olardı?! Əslində həmin gün Azərbaycanın mütləq gələcək və qayıdışsız olacaq istiqlalının müqəddiməsi, Azərbaycanın müstəqilliyə qovuşmasının həlledici təkan anı idi. Həmin gün şər imperiyasının – Sovetlər İttifaqının tar-mar olmasının, onun təməl kərpiclərinin yerindən qoparıldığı gün idi. Millətimizin əleyhinə bu fitnəni təşkil edən, Azərbaycanı öz qanına boyamağa qalxan, millətin müstəqillik ehtirasını biryolluq susdurmaq istəyən Kreml – artıq dişləri laxlayan imperiya, əlbəttə ki, öz nöqteyi-nəzərindən düz hesablamışdı ki, artıq bu xalqın qarşısını sadəcə sözlə, təbliğatla, hədə ilə almaq mümkün deyil, bu millət müstəqilliyin lap ərəfəsindədir, onu yolundan döndərməyin tək çarəsi qırıb-çatmaqdır.
Lakin bu xalqı yaxşı tanımırlarmış. Zənn etdiklərinin tam əksi oldu. Azərbaycan xalqı susmaq, sınmaq, qorxmaq, kirimək əvəzinə daha hiddətlə baş qaldırdı və lap azacıq sonra – 1991-ci ilin oktyabrında Azərbaycan artıq müstəqilliyini yenidən bərpa etmişdi.
Qurbanlar verdi, acılar yaşadı, azadlıq ağacını növbəti dəfə qanı ilə suvardı, ancaq millət ali məqsədinə çatdı.
Fəqət imperiya çökmüşdüsə də, hələ canı tamam çıxmamışdı. İmperiyaçı qüvvələrin başında hələ köhnə havalar qalmaqdaydı. 1992-ci ilin 26 fevralında Xocalıda törədilənlər də artıq 4 ay öncə elan edilmiş müstəqilliyə, təzədən qayıtmış istiqlala verilən növbəti cəza idi.
1918-ci ilin martında bolşevizm, 1990-cı ilin yanvarında və 1992-ci ilin fevralında neobolşevizm Azərbaycana qarşı qəsdləri yerinə yetirəndə erməniləri qabağa buraxmışdı. Hətta 1990-cı ilin yanvarında Bakıya hücum çəkəndə zahirən hər şeyi edən sovet ordusu idisə də, SSRİ-nin müxtəlif yerlərindən ehtiyatda olan erməni hərbçilərini əməliyyata cəlb etmişdilər, KQB xətti ilə məqsədli olaraq bu soraqları da yaymışdılar ki, qırğını icra edən silahlıların əksəri mənşəcə erməni olan əsgər və zabitlərdir.
Lakin gerçəkləri qondarma millətçi pərdəçəkmələrlə ört-basdır etmək mümkünsüzdür. İstiqlal çarpışmalarımıza qarşı şimal ayısının amansız qalxışlarının hamısında erməniçilik sadəcə vasitələrdən biri olub.
Azərbaycan təqvimində yanvarın 20-si Ümummilli Hüzn Günüdür. Kədərli olmağa, qüssəyə qapılmağa əsasımız da var. Çünki o günün əzabları millətin bağrının başında həmişə qövr edəcək, daim ürək göynədəcək. Qurbanlarımızı, yaralarımızı əsla unutmayaq. Kədərə də dalaq, kövrələk də, qəhərlənək də, itkilərimizi hər zaman can yanğısıyla anaq da.
Lakin bizim təqvimimizdə Zəfər günü var! Qalib xalqa, yüksələn, ucalan millətin təqviminə matəm, yas günü yaraşmır. Əslində mahiyyəti ilə o tarix – 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə hünər, yenilməzlik, milli müqavimət günü, millət iradəsinin təntənəsi günüdür. Yanvarın 20-si yalnız millətimizin əllərdə qırmızı qərənfillərlə küçələrə çıxaraq şəhid məzarlarına doğru yönəldiyi qəm günü kimi qala bilməz! Bu gün millət qətiyyətinin tüğyanı, ümumxalq şərəf günüdür. Bu gün başımız üzərində üçrəngli bayrağımızın daha vüqarla dalğalanmalı olduğu gündür.
1990-cı ilin başlanğıcından bu günə qədər Bakıda, Azərbaycanın paytaxtında və yurdun dörd bucağında bu günü qeyd edirik. Gələcəklər boyu da həmişə bu günü əziz, uca tutaq, ancaq hüzn günündən daha əvvəl və daha artıq MİLLİ TƏPƏR günü kimi əziz tutub ağırlayaq!
Millət tarixində həmişəlik qalacaq o faciənin ən dəqiq qiymətini vermək səlahiyyəti ən adil münsifin – Tarixin ixtiyarındadır. Amma başverənləri isti-isti ən doğru dəyərləndirən, etiraz səsini ilkin qaldıranlar da gərək həmişə ehtiramla anıla. Çünki o qiymətvermə faciənin törədilməsinin ertəsi günü, hələ yaraların açıq olduğu elə anlarda baş verirdi ki, o vaxt hər belə cızığındançıxma gözlərini qan örtmüş şər imperiyasının həmin şəxsi aradan götürməsi ilə nəticələnə bilərdi.
1990-cı ilin yanvarında unudulmaz Heydər Əliyev ailə üzvləri ilə bərabər Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gəldi. Özünün, oğlu İlham Əliyevin həyatını ən labüd təhlükə qarşısında qoyaraq gəldi. Artıq əlləri onsuz da qana bulaşmış rejim elə həmin gün onlara gözünü qırpmadan qəsd təşkil edə bilərdi. Heydər Əliyev də bu dövlətin hər üzünə və cikinə-bikinə bələd, zəngin təcrübəli insan kimi bu həqiqətdən yaxşı agah idi. Ancaq can hayına qalmaq məqamı deyildi. Xalqın müqəddəratı hədəfdə idi, susmaqmı olardı?!
Azərbaycanın dünyaya çıxa biləcək səsinin hər tərəfdən qapadıldığı o məşum tarix parçasında Heydər Əliyevin məğrur səsi imperiyanın mərkəzindən ucaldı və dərhal bütün dünyaya çatdı. Heydər Əliyev o sınaqlı günlərdə xalqın kürəyinə, ən etibarlı dayağına, ən məhrəm təsəlli ünvanına çevrildi.
Sovet İttifaqı rəhbərinin birbaşa əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyi, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələrinin Bakıda, Azərbaycanın bir neçə rayonunda törətdikləri bu mənhus dövlətin bütün tarixindəki ən qaniçən əməliyyatlardan oldu. Azərbaycan insanının istiqlal eşqini və müstəqillik canatmalarını ürəyində və düşüncəsindəcə məhv etməkçün Bakıda kütləvi qətllər törədən Sovet ordu hissələri müstəqillik niyyətlərini belə amansızlıqla məhv etməyə cəhdin məşqlərini hələ 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada keçmişdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, onun ardınca yaşanan həyəcan dolu günlər yalnız o hadisələrin şahidlərinin ömrünün anları deyil ki! O günlər lap çoxdan bütöv millət tarxinin ibrətli səhifələrinə çevrilib. Dönə-dönə qayıdılmalı, dərslər alınmalı, hər anı müdam anılmalı, qətiyyən unudulmamalı məhzun və məğrur tarix səhifələrinə!
Sovet dövründə “ölkəm” deyəndə SSRİ, “vətənim” söyləyəndə Sovet İttifaqı nəzərdə tutulurdu. 15 respublikada hər kəsə uşaq bağçasından, ilk məktəb dərsliklərindən başlayaraq bu düşüncə aşılanırdı. Çoxdan gorbagor olsa da, soveti həmişə məzardan çıxararaq ittiham və ifşa edəcək bir dəlil də bu olacaq ki, yaxşı, insanlara bu imperiyanı “vətən” deyə təlqin edir, onların hamısını bərabərhüquqlu vətəndaş sayırdınsa, bəs onun üstündən tankla keçmək qədər cəlladdanbetər xislət nə idi?! Sovet ordusunun Bakıda yağdırdığı güllələr də adi güllə deyildi, öldürücülüyü mütləq olan, bədənə girəndən sonra da fırlanaraq bütün vücudu dağıdan iblisanə güllələrdi. Azərbaycan paytaxtında və bölgələrdə Moskvadan dövlət başçısı tərəfindən sanksiyalaşdırılmış qətllər gedişində 131-imiz öldürüldü, 744-ümüz yaralandı, təcavüz əsnasında 841-imiz həbs edildi, bunlardan 112-si SSRİ-nin ayrı-ayrı şəhərlərindəki həbsxanalara göndərildi.
1990-cı ilin 20 noyabrında artıq Vətəndə – Naxçıvanda olan Heydər Əliyev Ali Məclisin kürsüsündən dünyaya car çəkirdi: “Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində – heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da sovet ordusu edib. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ-nin müdafiə naziri, SSRİ daxili işlər naziri hadisələrdən qabaq gəlib. Burada oturublar, bu əməliyyatlara rəhbərlik ediblər. 1941–45-ci illərdə – müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi. Ancaq görün Bakıdakı hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.
O gecə həmişə bizimlə qalacaq, o gecə daim millətin həm dərin ələm, həm də böyük əməl gecəsi kimi anılacaq. Biz bugünümüzə o gecədən keçib gəldik. Müstəqillik səhərinin yolu o gecədən açıldı.
...Bəzən insan bir sərvətin əsl dəyərini yalnız onu itirəndən sonra dərk edir.
1990-cı ilin 20 Yanvar faciəsinin bir ibrəti də ondan ibarət oldu ki, Azərbaycan insanı Milli radionun, Milli televiziyanın onun üçün nə qədər böyük nemət olduğunu çılpaqlığı ilə anladı. Azərbaycan efirinin əsl doğum günü 1919-cu ilin noyabrından – Əlimərdan bəy Topçubaşının ovaxtlar Avropa radiostansiyasının yerləşdiyi Eyfel qülləsindən Gəncə radiostansiyasına göndərdiyi teleqramdan başlanır. Lakin 1926-cı il noyabrın 6-da Azərbaycan Radiosunun daimi yayımları başlandı, 1956-cı ildə isə Azərbaycan Televiziyası ilk dəfə ekranlarını insanlarımızın üzünə açdı.
Və radio da, televiziya da tədricən bu millət üçün ən möhtəşəm universitetə çevrildi. Nəsil-nəsil insanların zövqlü yetişməsində, ruhən zənginləşməsində, biliklərinin artmasında radio da, televiziya da müstəsna rol oynadı. İnsanlarımız bu danılmaz həqiqəti bütövlüyü ilə 1990-cı ilin yanvar günlərində bütün əyaniliyi ilə dərk etdilər. Azərbaycan insanının müstəqillik çırpıntılarını qəlbindəcə çürütməyi qəsd edən imperiya başqa məkrli tədbir də tökmüşdü: Azərbaycanın ağzını bağlamaq, onun dünyaya çatan səsini kəsmək. 1990-cı il yanvar ayının 19-da saat 19:26 dəqiqədə Azərbaycan Radio-Televiziyasının enerji bloku partladıldı. Bu, həmin şənbə günü – yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan insanına açılan atəşlərin elə başlanğıcı demək idi.
Həmin dəqiqədən Azərbaycan radiosu da susdu. Azərbaycan televiziyasının ekranlarının da işığı itdi. Düz yanvar ayının 28-cən Azərbaycan insanı radio-televiziyasız qaldı. Arada qondarma bir kanal düzəltmişdilər – faktik olaraq idarəçiliyi ələ almış və azərbaycanlılara etibar etməyən hərbçilərin nümayəndəsi kələ-kötür Azərbaycan dilində kobud ləhcəylə ara-sıra komendantlığın mətnlərini oxuyurdu.
Şər imperiyası, Azərbaycan insanının müdhiş istibdada və haqsızlığa qarşı nifrətinin, respublikaya silahlı təcavüz əleyhinə etirazlarının dünyaya çıxa biləcək dalğasının qarşısını almaqda israrlı idi. O günlərdə həyatlarını təhlükə altında qoyaraq yanvar qırğınının görüntülərini lentə alan fotoçularımızın hər biri əsl qəhrəman idi. 1919-cu ildə Paris Konfransına yola düşən Əlimərdan bəy Topçubaşı və onun başçılıq etdiyi nümayəndə heyəti özü ilə 1918-ci ilin martında Bakı qırğınları əsnasında çəkilmiş yüzdən artıq fotoşəkli götürmüşdü. O aşkar sübutları aparmışdılar ki, azərbaycanlılara qarşı hansı müsibətlər törədildiyini dünyaya nümayiş etdirsinlər. Həmin fotolar Azərbaycan üçün hansı tarixi dəyərə malikdirsə, 1990-cı ilin yanvarında cəsur Azərbaycan fotoçularının – Rasim Sadıqovun, Yaşar Xəlilovun, Oleq Litvinin, Cahangir İbadovun, Asim Talıbın, Fərman Bağırovun, Ağəli Məmmədovun, Tahir Cəfərovun, Rafiq Nağıyevin... çəkdiyi şəkillər də eyni qiymətdədir. Bunlar əslində Azərbaycanın istiqlal uğrunda çarpışmaları salnaməsinin ən vacib fəsillərindən birinin anlarıdır.
...1990-cı ilin unudulmaz və unudulmamalı yanvar günlərində Bakı küçələri gül-çiçək içərisində idi, hər yan qırmızı qərənfillərlə döşənmiş xalıya bənzəyirdi. İnsanlar məhəbbətlərini və nifrətlərini çiçəklərə çevirərək küçələrə səpmiş, xiyabanlar boyu düzmüşdülər. Şəhərdə cinayətlərin törədildiyi hər qarışı, qurbanlarımızın qan damlalarının izi qalan hər nöqtəni çiçəklər sığallayırdı. Başqa vaxtlarda nə qədər dil töksən də, satdığı gülün qiymətini cüzi endirməklə də razılaşmayan gül alverçiləri milyonlarla qərənfili Bakı küçələrinə təklif gözləmədən, bircə qəpik ummadan maşın-maşın daşımışdılar.
O günlər idi ki, hamı bir ata-ananın övladı olduğu kimi, bir millətin balası olmasına izah etmədən, öyüd eşitmədən elə sövq-təbii yəqin kəsilmişdi. Hamı can atırdı ki, hər kəsin və hamının olan millət mərasiminə öz töhfəsini verə bilsin.
Və həmin günlərin içərisində bir möcüzə də baş verdi. Azərbaycan mətbuat tarixinin heç vaxt olmamış, yəqin ki, bundan sonra da təkrarlanmayacaq bir hadisəsinə şahid olduq. Azərbaycan qəzetçiliyinin 1875-ci ildən – Həsən bəy Zərdabidən başlanıb bugünə çatan tarixi boyunca saysız qəzetlərimiz nəşr edilib, nəşr edilir, şübhə yox, gələcəkdə yeniləri də olacaq. Ancaq həmin yanvar günlərində nəşr edilən “Səhər” qəzetinin tirajı, yəqin ki, bir də heç vaxt rast gəlinməz. “Səhər” o yanvar günlərində 2 milyon sayda çıxdı. Səsimizin kəsildiyi, sözümüzün dünyaya çıxmasının qarşısının alındığı günlərdə “Səhər” qəzeti Azərbaycan insanının təsəllisi, toxtaq yeri idi. “Səhər” o vaxtlar Azərbaycanın bir saylı qəzeti “Kommunist”in əlavəsi kimi nəşr olunurdu. Azərbaycanın partiya rəhbəri Əbdürrəhman Vəzirov vəzifədən kənarlaşdırılandan sonra onun yaxın adamı sayılan Cəmil Əlibəyov da “Kommunist”in redaktoru vəzifəsindən getmişdi. Qəzetə rəhbərliyi redaktor müavini Rəfail Nağıyev edirdi. “Səhər” möcüzəsini onun və ətrafındakı cavan jurnalistlərin fədakar şücaəti doğurdu. 1990-cı ilin yanvarında elə Bakının əhalisi də 2 milyon civarında idi. Rəfail müəllim mənə “Səhər”in o sayının necə üzə çıxa bilməsinin macəralı tarixçəsini nağıl edib. Söyləyirdi ki, hazır materialları götürüb hərbi senzor Boris Aleksandrovun yanına getdim. 12 səhifə buraxmağı düşündüyümüz qəzetdəki hər yazı, hər foto ilə bağlı senzorla dəqiqələrlə deyil, saatlarla çənə-boğaz etməli oldum.
“Səhər”in redaktoru Məzahir Süleymanzadə isə mənə çoxlarının bilmədiyi başqa bir tarixi hekayəti danışdı.
Azərbaycan xalqının o nigaran günlərində Türk dünyasının böyük oğlu Oljas Süleymenov Bakıda idi. Sonralar özü söyləyirdi ki, yanvarın 20-də bərk soyuqlayıbmış, “qızdırmam 39-u keçib 40-a çatmışdı, ancaq dayanmaq məqamı deyildi, xəbəri eşidən kimi bilet alıb elə qızdırmadan yana-yana təyyarəyə mindim, Bakıya uçdum. Çünki gəlməsəydim, vicdanım rahat olmayacaqdı, digər tərəfdən də, nə illah etsəm də, heç kəsi inandıra bilməyəcəkdim ki, o günlərdə doğrudan da bərk xəstə olmuşam”.
Və Oljasın həyatını da, karyerasını da ciddi təhlükələr altında qoyaraq Bakıya gəlməsinin, təkləndiyimiz o günlərdə Azərbaycanla olmasının mənəvi dayaq durmaqdan savayı başqa bir faydasını bilin. Oljasın uzaqgörən nəcib tövsiyəsi olmasaymış, “Səhər”in yanvarın 22-də işıq üzü görən o buraxılışı da nəşr edilməzmiş. Məzahir yada salırdı ki, Bakı şəhərinin ovaxtkı hərbi komendantı general V.Dubinyak şərt qoymuşdu ki, qəzetin çıxmasına o halda icazə verirəm ki, komendantlığın bir əmri də orada dərc edilsin. Redaksiya işçiləri isə hamılıqla bunun əleyhinə imiş, millətin ağrısını daşıyan, ana dilində çıxan bir qəzetin içərisində hərbi komendantlığın əmrinin, özü də onların öz dilində yer almasını təhqir sayırmışlar. Məzahir söyləyirdi ki, bu vəziyyət haqqında Oljasa dedim və soruşdum ki, nə məsləhət görürsünüz, neyləyək?
Oljas da suala sualla cavab verir ki, təsəvvür edin, hərbi komendantlıq ümumən heç bir qəzetin çıxmasına icazə vermir, özləri lazımi xəbərlərini və əmrlərini dərc etdikləri 2, ya 4 səhifəlik rusca qəzet buraxır, sizə də orada balaca yer ayıraraq hadisələrlə əlaqədar kiçik məqalənizi, ya bir-iki fotonu yerləşdirməyə icazə verir. Səsinizin xalqa çatması üçün bu imkandan istifadə edərdiniz, ya yox?
Məzahir etiraf edirdi ki, gördüm Oljas haqlıdır. Əlimizin hər yerdən üzüldüyü, qəzetlərin çıxmadığı, radio-televiziyanın dayandığı məqamda, doğrudan da, bir qəzetin balaca bir hissəsində kiçicik bir yazımızın dərc edilməsi də o günlərdə bizim üçün qənimət olardı, indi isə ixtiyarımızda 12 səhifə vardı. Ona görə də Bakı şəhərinin hərbi komendantının o qəzetin içərisində əmrinin yer almasına razılığımızı verdik.
Bəs necə olmuşdu ki, “Səhər” qəzetini belə fantastik tirajla nəşr edə bilmişdilər? Bunu da mənə Rəfail Nağıyev danışırdı ki, “Kommunist” o vaxt 600.000 tirajla çıxırdı. Ancaq bir neçə gün idi ki, nəşr edilmirdi. Üst-üstə yığılaraq “Səhər”i 2 milyon sayda buraxa biləcək qədər kağız ehtiyatımız vardı, bu fürsəti də əldən qaçırmadıq.
Bu minvalla 20 Yanvar qurbanlarının dəfni günü, ayın 22-də “Səhər” bütün Bakıya və Azərbaycana yayıldı, bir-birindən təsirli məqalələri, şeirləri, fotoları ilə 20 Yanvarın göynəkli mənzərəsini hamıya göstərən aynaya, millət ağrısının məlhəminə döndü, ürəklərdən tikan çıxartdı.
...Xalqımızın bütün mübarizələr tarixinin ən ali Zəfərinin Memarı, Fateh Prezidentimiz İlham Əliyevin tariximizin 1990-cı il 20 Yanvar səhifəsi haqqında yekun qənaəti və qiymətləndirməsi olub-keçənlərin cövhərini nişan verir və çox sərrastdır: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi... 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
Tariximizə və taleyimizə 31 mart və 26 fevral kimi soyqırımı günləri də düşüb, Millət Təqvimimizdə 20 Yanvar kimi ümumxalq matəmi də möhürlənib, Vətənin yaddaşında yurdun ayrı-ayrı parçalarının işğal günlərini də illərcə millətin itki və nisgil tarixçələri kimi qeyd etməyimizin dərd şırımları qalır. Bu, qədərdir – Vaxtın bu cür möhnətli aşırımlarından və girdablarından adlaya-adlaya xalq xalq olur, millət millət olur, Vətən Vətən olur! Yaddaşsız nə torpaq Vətənə çevrilər, nə də kütlələr millətə dönər!
Ancaq bütün ələmli günlərimizin müqabilində, milyonlarla soydaşımızın əsəblərini və heysiyyətini gəmirən zəbt günlərinin əvəzində bir-birinin ardınca milləti məsud edən fəth günləri də gəldi axı! Axı biz təqvimində bayramların ən əzizi ZƏFƏR GÜNÜ olan xalqıq!
Qalib dövlətə, Müzəffər millətə qürur yaraşır. Biz Zəfərə dərin hüznləri arxada qoyaraq çatmışıq. O səbəbdən də hər 20 Yanvarda can yanğısı ilə bütün itirdiklərimizi anaq, onların mübariz ruhları qarşısında sayğı duruşuna sıralanaq, amma daha artıq həmin günün Ümumxalq Hüzn Günündən qabaq Ümummilli Hünər Günü olması həqiqətinə tapınaq.
Bunu dövlətimizin başçısı da deyir, tarixin dəmir məntiqi də təsdiqləyir!
...Şəhidlər xiyabanının lap girəcəyində Əbədi məşəl şölələnir, bayrağımız dalğalanır.
O dalğalanan bayraq, o yanan məşəl Bakının hündür bir nöqtəsindədir. Azərbaycanın xəritəsində bundan qat-qat yüksək dağlar da var, zirvələr də. Ancaq bu millətin mənəviyyat dünyasında o bayrağın indi dalğalandığı nöqtədən, o məşəlin indi yandığı ucalıqdan daha yüksək bir yer yurdun heç harasında yoxdur.
O bayraq istiqlalımızın, müstəqilliyimizin rəmzidir. O alovlanan məşəl 1990-cı ilin yanvarında və bütün tariximiz boyu istiqlalımız və müstəqilliyimiz yolunda mübarizələrə qatılmış, can fəda etmiş insanların qəlbidir ki, alovlanır.
Və nə qədər ki ürəyi bu yurda, bu millətə məhəbbətlə çırpınan vətən yavruları var, o məşəl yanmaqda davam edəcək, o bayraq ən ucalarda dalğalanacaq!
Rafael HÜSEYNOV,
Milli Məclisin sədr müavini, akademik