Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakıda “Foniatriyada yeni üfüqlər” mövzusunda Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin IV, Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyətinin I Beynəlxalq konqresi keçirilib.

XQ xəbər verir ki, konqres Avropa Foniatrlar İttifaqının, həmçinin Türkiyənin Qulaq, Burun, Boğaz ve Baş Boyun Cerrahiyyəsi Dərnəyi, Səs, Danışma, Udqunma Problemləri Dərnəyi, Professional Səs Dərnəyi və Larinqoloji Dərnəyinin birgə dəstəyi ilə təşkil olunub.

Konqresin hədəfi səs problemlərinin müayinə və müalicə üsullarının geniş müzakirəsindən ibarətdir. Proqrama sözügedən problemlərin həllinə dair 10 elmi panel daxil edilib. 200-ə yaxın otorinolarinqoloqun iştirakı ilə keçirilən konqresin məruzəçiləri arasında Azərbaycan, Türkiyə və Amerika Birləşmiş Ştatlarından 40-a yaxın otorinolarinqoloq və loqopedlər yer alıb.

Konqresin ilk günü Avropa Foniatrlar İttifaqının prezidenti, professor Haldun Oğuz, “DoctorVOX” səs terapiyası üsulunun müəllifi İlter Denizoğlu və Avropa Foniatrlar İttifaqı İdarə Heyətinin üzvü Ramil Həşimlinin səs xəstəkiklərinin müalicəsində geniş istifadə olunan “Səs terapiyası tətbiqi” haqqında geniş müzakirəli interaktiv kurs keçirilib. Kursda həkim-otorinolarinqoloqlarla bərabər defektoloq-loqopedlər, sənətçilər, Milli Konservatoriyanın müəllim-tələbə heyəti də iştirak edib.

İyunun 4-də konqres rəsmi açılış mərasimindən sonra müxtəlif səs problemlərinin müayinə və müalicəsinə həsr olunmuş 7 elmi panellə davam edib.

Qeyd edək ki, iyunun 5-də Qarabağ Universitetinin ev sahibliyi ilə “I Qarabağ Səs Konqresi” də təşkil olunacaq.

Konqresin keçirilməsində məqsəd yerli və xarici mütəxəssislərlə bərabər professional səsin müxtəlif aspektlərini, Azərbaycan musiqisi, muğam və milli vokal üslubunun xüsusiyyətlərini elmi istiqamətdə müzakirə etmək, gələcək elmi araşdırmalar üçün ortaq platforma qurmaqdan ibarətdir.

Konqres Səhiyyə Nazirliyinin Elmi-tibbi şurası tərəfindən 13 DTT krediti ilə akkreditasiya edilib.

Sosial həyat