Səmərqənddə Qlobal Ətraf Mühit Fondunun VIII Assambleyasının iclası olub

post-img

Səmərqənddə Qlobal Ətraf Mühit Fondunun (QƏMF) VIII Assambleyasının iclası keçirilib.

Bu mühüm ekoloji tədbirdə dünyanın186 ölkədən gələn nümayəndə heyətləri-dövlət strukturlarının nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və təmsilşiləri, elm adamları, vətəndaş cəmiyyəti nümayəndələri, gənclər müstəqil ekoloqlar iştirak edib. 

Ölkəmizi bu tədbirə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev təmsil edib. 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tədbir iştirakçılarına müraciətini Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyayeva oxuyub.  Müraciətdə deyilir ki, iqlim problemlərini həll etmək üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacib məsələdir.

Sənəddə bildirilir ki, torpaqların deqradasiyası, su ehtiyatlarının azalması və buzlaqların əriməsi əsas təhdidlər arasındadır.

Prezident Özbəkistanın ətraf mühitin modernləşdirilməsini əsas inkişaf sahəsi kimi gördüyünü bildirir, deyilir ki, 2030-cu ilə qədər qorunan təbii ərazilərin payını ölkə ərazisinin 21%-nə çatdırmaq, tullantıları 10,5% azaltmaq və ölkənin bütün bölgələrində botanika bağları yaratması planlaşdırılır.

Müraciətdə deyilir: ”Tullantıların təkrar emalı sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Növbəti illərdə Özbəkistan milyonlarla ton tullantı emal edəcək və istixana qazı tullantılarını azaldacaq yeni müəssisələr istifadəyə verməyi planlaşdırır.Təhsil sahəsində ekologiya və davamlı inkişaf üzrə mütəxəssislər hazırlamaq üçün universitetləri, tədqiqat mərkəzlərini və texniki məktəbləri birləşdirən Yaşıl Universitet sistemi inkişaf etdiriləcək”.

Dövlət başçısının yeni təşəbbüslər arasında Səmərqənd şəhərini "Mərkəzi Asiyanın Yaşıl İnvestisiya və İnnovasiya Paytaxtı" elan etməyi və Uluqbəy Davamlı İnkişaf üzrə Tədqiqat İnstitutunun yaradılmasını təklif edib. Mərkəz iqlim proseslərini izləyəcək, elmi tədqiqatlar aparacaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün tədbirlər hazırlayacaq.

Prezident həmçinin Qazaxıstanla birgə "Təmiz Hava" hökumətlərarası konsorsiumunun fəaliyyətə başladığını elan edib və regiondakı digər ölkələri ekoloji layihələrə qoşulmağa dəvət edib.

Bundan əlavə, Özbəkistan Aral dənizi bölgəsində "səhra iqtisadiyyatı" konsepsiyası çərçivəsində layihələri təşviq etmək və 2027-ci ildə Daşkənddə davamlı inkişafa və yaşıl investisiyalara həsr olunmuş beynəlxalq investisiya forumuna ev sahibliyi etmək niyyətindədir.

Müraciətdə bildirilir ki, Səmərqənd Assambleyası regionda ekoloji əməkdaşlıq üçün yeni mexanizmlərin hazırlanması və iqlim təşəbbüslərinin praktiki tətbiqi üçün bir platformaya çevrilməlidir.

Sonra çıxış edənlər öz ölkələrində bu sahədə olan vəziyyət haqqında məlumat veriblər. 

 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Səmərqənd

 

 

 





Ekologiya