İstək və reallığın üst-üstə düşmədiyi məqam

post-img

Ermənistanın Avropa İttifaqına hansı statusda üzv olacağı heç özünə də aydın deyil

Dünən Ermənistan Milli Assambleyasında “Ermənistanın Avropa İttifaqına üzvlüyü üçün müraciətin verilməsi məsələsi üzrə referendumun keçirilməsi təklifi” mövzusunda parlament dinləmələrinə start verilib. Buna qədər həm baş nazir,  həm də hay parlamentariləri oxşar təklif və təşəbbüslərlə çıxış edirdilər. Avropalıların özlərinin “xristian klubu” adlandırdıqları Aİ-nin içindən İrəvana dəstək verənlər var. Onların sırasında qurumun “baş diplomatı” Cosep Borrel hamıdan çox canfəşanlıq edir. Paşinyan hökuməti belələrinin şifahi dəstəyinə güvənərək Hayastanı Aİ üzvlüyünə layiq sayır. Fəqət, mövcud reallıq və müəyyən edilmiş qaydalar onun istəyi ilə heç də üst-üstə düşmür. İrəvanın üzv olmaqdan ötrü Aİ-nin bütün şərtlərinə cavab verməsi məsələsi suallar doğurur. 

Birincisi, onu qeyd etməliyik ki, bu, çox maraqlı təşəbbüsdür. Amma burada rəsmi İrəvanın “avropalı olmaq” üçün həddən artıq tələsdiyini demək lazımdır. Axı həmin Aİ-də yaxşı bilirlər ki, Ermənistan Moskvanın dominantlıq etdiyi bir sıra siyasi, iqtisadi, eləcə də hərbi ittifaqların, xüsusən də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. 

İkincisi, Aİ-yə üzv olmağın əsas şərti ölkənin Avropa qitəsində yerləşməsidir. Ermənistan isə coğrafi nöqteyi-nəzərdən Asiyaya aiddir. Daxili qaydalara görə, Aİ Şurası üzvlüklə bağlı müraciəti ya yekdilliklə rədd, ya da təsdiqləyə bilər. Ermənistanın Aİ üzvlüyünə namizəd statusu almasını mümkünsüz edən digər amillər də var. Bu ölkənin dövlət sərhədini rus hərbçiləri qoruyurlar və orada Rusiyanın 102 saylı hərbi bazası yerləşir. 

Üçüncüsü, Ermənistanın müstəqil iqtisadiyyatı mövcud deyil. Hayastan bu sahədə Moskvadan tam asılı vəziyyətdədir. Bundan başqa, regional şərait və reallıq da İrəvanın Aİ üzvlüyünə namizəd olmasına imkan vermir. 

Dördüncüsü, Ermənistanın beynəlxalq hüququn tələblərinə cavab verən konstitusiyası yoxdur. Onun əsas qanunu qonşu dövlətlərə qarşı ərazi iddialarını özündə ehtiva edir.

***

Ümumiyyətlə, hətta bütün bu çatışmazlıqlara baxmayaraq, Brüssel İrəvanın müraciətinə müsbət yanaşsa belə, onun Aİ üzvlüyünə namizədlik statusu uzun müddət davam edə bilər. Bu durumda Ermənistanın Avropa ailəsinə hansı parametrlərə görə üzv olmağa çalışması heç özünə də tam aydın deyil.   

Aydın məsələdir ki, Hayastanı Aİ-yə üzv etməyə çalışanların məqsədi İrəvanı Moskvadan mümkün qədər tez və fəsadsız uzaqlaşdırmaqdır. Erməni mediasının verdiyi məlumata görə, Ermənistan parlamentində məlum dinləmələr parlamentin Avropaya inteqrasiya daimi komissiyasının təşəbbüsü ilə aparılır. Bununla bağlı referendumun keçirilməsi təklifi ilə Respublika (sədri Aram Sarkisyandır – red.), “Respublika naminə” (sədri Arman Babacanyandır -red.) partiyalarını birləşdirən Demokratik Qüvvələrin Platforması və Xristian Demokrat Partiyası (sədri Levon Şirinyandır -red.) və Ermənistan Avropa Partiyası (sədri Tiqran Xzmalyandır – red.) çıxış ediblər. “Respublika naminə” partiyasının lideri A.Babacanyan çıxışında bildirib ki, referendumu keçirməkdə məqsəd Ermənistanın sabitliyini və dayanıqlığını artırmaqdır. 

***

Arzusunu gerçəklik kimi qəbul etməyə meyilli İrəvanın Aİ sövdasının daşa dirənəcəyini indidən söyləmək olar. Çünki bu “siyasi proje”nin Ermənistan hakimiyyətinin istək və iradəsindən asılı olmadığı hər kəsə məlumdur.   

Mövzu ilə bağlı “XQ”yə açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovun fikrincə, rəsmi İrəvanın Aİ-yə üzvlük təşəbbüsü yeni addım deyil: “Nikol Paşinyan bu təklifi dəfələrlə təkrarlayıb. Məqsəd Ermənistanı Rusiyadan uzaqlaşdırmaq, onu bölgədən kənarlaşdırmaqdır. Yəni Avropa İttifaqı düşünür ki, əgər Ermənistanı özlərinə daha da yaxınlaşdırsalar, bu halda Rusiyadan qopma prosesinə müsbət təkan verə bilər. Amma reallıq ondan ibarətdir ki, Aİ-yə daxil olmaq üçün müəyyən şərtləri yerinə yetirmək lazımdır. Tələblər çox və ciddidir. İrəvan hələ üzvlüyə qədər namizədlik statusunu qazanmalıdır. Bu statusun ömrü isə uzun illəri əhatə edə bilər. Fəqət bir həqiqət də var ki, Aİ, eləcə də Avropanın digər təşkilatları qəbul qaydalarını asanlıqla siyasi formata çevirirlər. Əgər onların gündəliyində Cənubi Qafqazda mövcudluğunu təsdiqləmək məsələsi varsa, həmin qaydaların və şərtlərin kifayət qədər yumşaldılması, qəbulun tezləşdirilməsi presedenti nəzərdən keçirilə bilər. Amma bunun özü də asan məsələ deyil. Ona görə ki, Avropanın özündə elə ölkələr vardır ki, onlar üzvlük məsələsinə özəl yanaşma sərgiləyirlər”.

Tanınmış siyasi ekspert Ermənistanın Aİ-yə üzvlük məsələsinin yaxın perspektivdə həll olunacağına əmin olmadığını da dilə gətirdi: “Çünki Rusiya bu təşəbbüsə qıcıqla yanaşacaq və Ermənistan hakimiyyətinin planlarının həyata keçməməsindən ötrü əlindən gələn hər şeyi edəcək” .         

Rəsmi İrəvanın parlamentdə dinləmələrinə başlatdığı məsələyə xarici ekspertlərin yanaşması yerli politoloqun mövqeyi ilə, demək olar ki, eynidir. 

Qazaxıstanlı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Kazbek Beysebayev mövzuya münasibətini məşhur sovet komediyasında personajın dediyi sağlıqla paralel aparmaqla başladı: “İstəklərimiz və imkanlarımız üst-üstə düşsün”. Komediya qəhrəmanının arzusu Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi ilə eynidir. Əlbəttə, arzulamaq bir şeydir, real imkan isə başqa şey. Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan Ermənistan müəyyən üstünlüklərə malikdir. Burada onun, ilk növbədə, iqtisadi maraqları var. Avropa İttifaqına aparan yola başlamaq üçün isə əvvəlcə Aİİ-dən çıxmalısan. Başqa sözlə, bu üstünlüklərin hamısından imtina etməli olacaqsan”.

Bunun ardınca qazax ekspert K.Beysebayev sual edir: “Ermənistan belə bir addımı atmağa hazırdırmı? Bu, böyük sualdır. Üstəlik, Aİ üzvlüyünə qəbul proseduru tez baş tutan məsələ deyil, azı bir ildən yuxarı vaxt aparacaq. Biz onu da unutmamalıyıq ki, Aİ-nin özünün kifayət qədər problemi var. Ümumiyyətlə, Avropa İttifaqı indiki formatda sağ qalacaqmı? – kimi suallar dolaşmaqdadır. Ona görə də Aİ-yə daxil olmaqla bağlı çox şeylər deyə bilərik, amma bu zaman sözdən icraya qədər olan məsafə böyükdür. Moskvanın Ermənistanın quruma hipotetik üzvlüyü ilə bağlı mövqeyinə gəlincə, hesab edirik ki, Rusiya bundan az itirəcək”.

***

Əcnəbi siyasi ekspertlərin bir məsələdə mövqeləri üst-üstə düşür. Onların hamısı rəsmi İrəvanın Aİ məsələsini özxoşuna gündəmə gətirmədiyi qənaətini bölüşürlər. 

Çex radiosunun (Praqa) beynəlxalq əlaqələr şöbəsinin müxbiri, postsovet ölkələri üzrə ekspert Ondra Soukup vurğulayır ki, Ermənistanda Avropaya inteqrasiya ilə bağlı referendum ideyası, təbii olaraq, birbaşa siyasi müstəviyə bağlıdır: “İntəhası, bunun hüquqi nəticələri ola bilməz. Yəni, bu, daha çox niyyət bəyannaməsinə bənzəyir. Belə bir şeyi, məsələn, bir neçə il əvvəl separatçı Dnestryanıda keçirilən “referendum”la müqayisə etmək olar. Onlar da, guya, Rusiya Federasiyasının bir hissəsi olmaq istəyirlər. Yaxud Moldovada qarşıdan gələn prezident seçkilərində Avropaya istiqamətə dair, bir növ, referendum da keçiriləcək. Amma bunun da praktikada heç bir nəticəsi olmayacaq”. 

MDB məsələləri üzrə ekspert açıq şəkildə bildirdi ki, Ermənistanın belə bir təşəbbüsü Rusiyanın onlara münasibətdə mövqeyindən çox məyus olan erməni siyasətçilərin hansısa alternativlər axtarmaq cəhdidir: “Ancaq aydın məsələdir ki, hələlik heç kim coğrafiyanı ləğv etməyib. İndi asiyalı ermənilərin məlum səyləri onların bu vaxta qədərki bəzi xəyal və arzularına bənzəyir”.

Ermənistan parlamentində başlanan Aİ dinləmələrinin daha çox daxili auditoriya üçün nəzərdə tutulduğu qənaətini paylaşan digər xarici ekspert, polşalı politoloq, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin elmlər doktoru Konrad Zaştotun açıqlaması diqqəti çəkdi. Şərqşünas alim öz növbəsində qeyd etdi ki, baş nazir Nikol Paşinyan indi bir sıra hüquqi islahatlar aparmaq, o cümlədən referendum keçirmək qərarına gəlib. K.Zaştot baş nazirin bununla hökumətin legitimliyini gücləndirmək, Azərbaycanla sərhədin delimitasiyasını başa çatdırmaq məqsədini güddüyünü bildirdi: “Arxiyepiskop Baqra Qalstanyanın ətrafında səfərbər olmuş müxalifətin Paşinyana qarşı kifayət qədər şiddətli etirazlarının davam etdiyi də nəzərə alınmalıdır. Etirazlar nəticəsində hökumət devrilməsə də, onun populyarlığına hissolunacaq zərbə vuruldu. Nikol Paşinyan Ermənistanın xarici siyasətinə görə bütün məsuliyyəti öz üzərinə götürmək fikrində deyil. O, bunu təkcə daxildəki siyasi qüvvələrin palitrası ilə deyil, həm də bütün cəmiyyətlə bölüşmək istəyir. Yəqin ki, elə buna görə də referenduma getməyi düşünür”. 

***

Bu arada Ermənistan xarici diplomatiya idarəsinin rəhbəri Ararat Mirzoyanın Litvaya səfəri diqqəti özünə cəlb etdi. Mirzoyanın Vilnüs görüşlərinin əsas mövzularından biri məhz Aİ-yə üzvlük məsələsi olub. Erməni həmkarını qəbil edən Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, onun ölkəsi  Avropa İttifaqına gedən yolda Ermənistanı dəstəkləyəcək. Bu açıqlama Litva XİN-in “X” mikrobloqunda yerləşdirilib.

Litvanın baş diplomatı bir qədər də irəli gedərək bunları söyləyib: “Ermənistanın müstəqilliyini ilk tanıyanlardan biri Litva olub və biz bu ölkənin Avropaya doğru atdığı çətin, lakin vacib addımlarda ona kömək etməkdən məmnunuq. Bu gün mən Ararat Mirzoyanı əmin etdim ki, biz keçid dövründəki təcrübəmizi onlarla bölüşəcəyik və Ermənistanı hər zaman dəstəkləyəcəyik”.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Aİ adlı “xristian klubu”nun, misal üçün, Litva kimi bəzi üzvləri Hayastanı dəstəkləyə, ona “gəl-gəl” deyə bilər. Amma həmin “köhnə qitə”nin kandarında Azərbaycanın etibarlı dostları və tərəfdaşları da az deyil. Bu amili atası otuz il bundan əvvəl dissident demokrat kimi ad çıxarmış nazir Landsbergis nəzərə almaya bilər, amma Paşinyanın unutması mümkün deyil...  

İmran BƏDİRXANLI 
XQ

 









Siyasət