Növbədənkənar parlament seçkilərinin təyin olunması üçün Prezidentə müraciət edildi

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclasın gündəliyi təsdiq edildikdən sonra spiker dedi ki, Azərbaycan dünya miqyaslı müxtəlif tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Paytaxt Bakı nüfuzlu beynəlxalq təşkilatların toplantılarına və digər tədbirlərə uğurla evsahibliyi edir. Bu tədbirlərdən biri də – COP29  noyabr ayında Azərbaycanda keçiriləcək. Beynəlxalq tədbirə Azərbaycanın ev sahibi seçilməsi dövlətimizə növbəti dəfə göstərilən böyük etimad və hörmətin ifadəsi olmuşdur. Bununla birlikdə, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının da noyabr ayında Azərbaycanda keçiriləcəyi qürurverici hadisədir. Qlobal əhəmiyyətli bu tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına imkan yaradacaq. 

S.Qafarova 2020-ci ilin fevral ayında  Milli Məclisə növbədənkənar seçkilərin  keçirildiyni xatırladaraq dedi ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrə uyğun olaraq ötən dövrdə parlamentin  qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, qanunların icrasına nəzarət və təmsilçilik funksiyalarının müasir tələblər səviyyəsində qurulması yolunda lazımi addımlar atılmışdır.  Milli Məclis möhtərəm cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən  quruculuq işlərinin və əsaslı islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. 

S.Qafarova bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti beş ildir. Eyni zamanda, Konstitusiyanın 981-ci maddəsinin II hissəsinə əsasən növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Ölkəmizdə həm dünya səviyyəli tədbirlərin, həm də ictimai-siyasi həyatımızda böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin vaxtı noyabr ayına təsadüf edir. Həmin beynəlxalq tədbirlərin və parlament seçkilərinin yüksək səviyyədə təşkil edilməsi dövlətimiz üçün ən böyük əhəmiyyətə malik olan məsələlərdir.  

Spiker dedi ki, bütün bunları nəzərə alaraq, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri ona müraciət etmişlər. Onlar Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması məsələsinə baxılmasını xahiş etmişlər.  

Spiker Milli Məclisdə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi üçün komissiya yaradıldığını dedi. 

Çıxış edənlər növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacib olduğunu bildirdilər. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan  Prezidentinə göndəriləcək müraciətin mətnini deputat Tahir Rzayev oxudu. 

Deputatlar  parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanan müraciətə səs verdilər.

Sonra gündəlikdəki digər qanun layihələri təqdim olundu və müzakirələrdən sonra səsə qoyularaq qəbul edildi.

Əliqismət BƏDƏLOV 
XQ

 

Son xəbərlər