Erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” adlı qondarma hərəkat yaradaraq ölkədə iğtişaş salmaq, qarşıdurmaya getmək cəhdlərinə cəmiyyətin mütləq əksəriyyətinin mənfi münasibət bildirməsinə baxmayaraq, “din xadimi” öz əməllərindən əl çəkənə bənzəmir. Dünən səhər B.Qalstanyan Qazax rayonunun Xeyrımlı kəndi ilə üzbəüz mövqedə yerləşən Tavuş vilayətinin Kirants kəndinə gedib.
Səfərdən öncə jurnalistlərə açıqlama verən Baqrat deyib: “Mən Tavuşa getmək, xalqla görüşmək, yerdəki vəziyyətlə tanış olmaq, eyni zamanda, “hasar” deyilən yerin harada olduğunu anlamaq istəyirəm. Hasar, sərhəd xətti, tikanlı məftillər... Bu, harada yerləşir, niyə hələ də video və fotoşəkillərdə görünmür? Gedək, hər şeyi öz gözümüzlə görək, əmin olaq ki, o var, ya da yoxdur. Deyirlər, Voskepardadır, gedək bir baxaq. Biz Tavuşda bütün sərhəd xətti boyunca gəzmək və Paşinyanın nümayiş etdirdiyi bədnam hasarı tapmaq niyyətindəyik, çünki onun mövcudluğuna şübhə edirik”. Onun sözlərinə görə, əvvəllər kənd sakinlərindən video təsdiq tələb edib, lakin onlar hasarları (?) tapmayıblar.
Onu səfərdə hərəkatın digər nümayəndələri müşayiət ediblər. Kirantsa səfərlə bağlı elan və digər məlumatlar Baqrat tərəfdarları yaratdıqları və “Müqəddəs mübarizə” adı verdikləri teleqram kanalında yerləşdirilib. “Srbazan”ın Kirants və qonşu kəndlərin sakinləri ilə görüşdüyü qeyd olunub.
Etirazçıların lideri kənddə yerləşən kilsənin həyətində sakinlərlə görüş keçirib. Ənənəsinə sadiq qalaraq, bu zaman bir sıra təxribatçı, nifaq salan bəyanatlar verib. Bildirib ki, guya, kənddə insanlar qorxudulub, çıxılmaz vəziyyətə salınıb və qərar qəbul etmək məcburiyyətində qalıblar: “Kəndi iki yerə bölüblər. Bəzilərini “qeyri-vətənpərvər”, bəzilərini isə “vətənpərvər” ediblər. Kəndlilər arasında gərginlik yaranıb və indi bəzi məsələlərdə birlik yoxdur. Baxmayaraq ki, əksəriyyəti bunu gizlətməyə və problem barədə susmağa çalışır. Bütün bu sərhədyanı kəndlərdə onların hamısını birləşdirən bir cəhət var idi – sərhəd. İndi bu sərhəd də insanları parçalayıb, onların ictimai təsəvvürünü məhv edib. O, insanları bölüb”.
Baqrat onu da bildirib ki, evləri Azərbaycanın nəzarətinə keçməli olan Mher Simonyan və Xanum Tamrazyanın artıq dövlətdən kompensasiya aldıqları barədə onunla məlumat paylaşılıb.
Bu arada “Hraparak” qəzeti sərhədlərin delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələsində Kərki kəndinin də Azərbaycana təhvil veriləcəyi barədə məlumat yayıb. Nəşr sərhəd komissiyalarının iclasından sonra baş nazirin müavini Şahin Mustafayevin xidmətinin martın 7-də verdiyi bəyanatı xatırladıb. Qeyd edib ki, Azərbaycan rəsmisi Qazax rayonunun sərhədə bitişik 4 kəndi ilə yanaşı, Ermənistan tərəfindən işğal olunmuş eksklav kəndlərimizin də azad edilməsini gündəmə gətirmişdi. Bunlar Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki kəndləridir.
“Nikol Paşinyan Bakının tələblərinin bir hissəsini artıq yerinə yetirib. Siyasi düşərgə növbədə Kərki kəndinin olduğunu iddia edir, hökumət bu kəndi də təhvil vermək niyyətindədir. Siyasətçi Meşrop Arakelyan da belə bir məlumata malikdir. Onun sözlərinə görə, hakimiyyətin Kərkidə inkişaf, mənzil tikintisi ilə bağlı heç bir planı yoxdur, onlar bu kənddən əllərini çəkiblər” – deyə qəzet yazır.
“Hraparak” bildirir ki, Ermənistan hökumətinin son iclasında Qarabağ erməniləri üçün mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib: “Təsdiq edilmiş kənd və qəsəbələrin siyahısında Kərkinin adı yoxdur. Ermənistanın bütün digər sərhədyanı kəndləri isə siyahıda yer alıb. Kərkinin adının siyahıda olmaması normaldır, çünki erməni kəndi deyil, Azərbaycana məxsusdur və qaytarılacaq”. Arakelyan isə söyləyib ki, hakimiyyətin bu qərarı Kərkini təhvil vermək niyyətini göstərir. O, bunun tezliklə olacağını istisna etməyib.
Göründüyu kimi, artıq ermənilər özləri də vəziyyətlə barışıblar və kəndlərin Azərbaycana qaytarılmasının alternativinin olmadığını anlayırlar. Bunu anlamayan, yaxud anlasa da özünü qanmamış kimi göstərənlər isə sayları bir neçə min nəfəri ötməyən radikal-revanşist kəsimdir. Onların öndə gedənlərindən olan B.Qalstanyan hələ də fəaliyyətini davam etdirdiyini, mövcudluğunu göstərmək üçün bölgələrə səfərlər edə, hansısa görüşlər keçirə və jurnalistlərə müsahibə verə bilər. Amma onun siyasi ömrü sona yetib və etirazçı hərəkat da tam uğursuzluğa düçar olub. Proseslərin təhlili belə fikir söyləmək üçün ciddi əsaslar verir. Zənnimizcə, bunun da əsas səbəbi, etirazçıların revanşist əhval-ruhiyyəli şəxslərdən ibarət olmasıdır. “Qarabağ klanı” adlandırılan siyasi zümrə başda olmaqla, Ermənistanda bütün revanşist düşüncəli şəxslər Baqratın ətrafında cəm olmuşdular. Onlar erməni xalqına yaxşı heç nə vəd etmirdilər. Xalq başa düşürdü ki, Baqratın hərəkatı onlara yalnız yeni müharibə, yeni ərazi və insan itkiləri vəd edir. İkinci Qarabağ müharibəsində azı 7-8 min nəfər itki verən haylar Baqratı rədd etməklə, əslində, yeni müharibəyə “yox!” demiş oldular. Erməni xalqı artıq müharibələrdən yorulub. Eyni zamanda, başa düşür ki, indi 1990-cı illərin əvvəli deyil. Qüvvələr nisbəti onların ziyanınadır. Yenidən müharibə edib itkilər verməkdənsə, Azərbaycana məxsus olan kəndləri geri qaytarmaq, sülh müqaviləsi imzalamaq və dinc yanaşı yaşamaq daha doğrudur.
Bundan əlavə, ermənilər onu da başa düşürlər ki, yeni müharibənin baş verəcəyi təqdirdə onu başladanlara heç nə olmayacaq. Zərbə yenə də geniş xalq kütlələrinə dəyəcək. Nə Birinci, nə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistanda özünü vətənpərvər kimi göstərən, müharibəni qızışdıran rəhbər şəxslərin heç birinin nə özü, nə övladları, nə də yaxın qohumları həlak olub. Bütün bu məqamlar xalqın baş nazir Nikol Paşinyanın tərəfdarı kimi çıxış etməsində mühüm rol oynadı.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Baqratın etiraz hərəkatının uğursuz olması ilə bağlı “XQ”-nin sualını cavablandırarkən bildirdi ki, bunun ilkin səbəbi Paşinyanın bütün əleyhdarlarının, yəni həm sabiq prezidentlərin, həm kilsənin, həm Rusiyadakı diasporun, həm də “Daşnaksütyun” partiyasının və digərlərinin Ermənistanda narazı kütləni müxalif kütləyə çevirə bilməməsindədir. Onun sözlərinə görə, Paşinyana qarşı olan etiraz avtomatik olaraq müxalifətə rəğbət bəsləmək demək deyil: “Bəli, etiraz var. Amma bu etirazı siyasi müstəvidə, siyasi texnologiyalardan istifadə edərək müxalif kütləyə çevirmək mümkün olmur. Çox zəif lider seçilmişdi. Həmin lider ötən həftələr ərzində verdiyi bəyanatlarla, belə deyək, hazırlıqsız olması ilə özünü tamamilə məhv etdi. Paşinyan da bundan məharətlə yararlandı”.
F.Məmmədovun sözlərinə görə, halbuki, Paşinyanın özünün də vəziyyəti bir o qədər yaxşı deyil. Çünki o, əvvəllər müxalifətin 10 min nəfərlik mitinqinə cavab olaraq, 20 minlik mitinq təşkil edirdi. Amma Nikol bu dəfə buna cürət etmədi. Daha çox polisin gücündən istifadə etdi və məsələnin həllini zamanın öhdəsinə buraxdı. Onun hesablamaları düzgün çıxdı. Polis kritik dövrdə müdaxilə edib etirazçı kütləni zərərsizləşdirə bildi. Digər tərəfdən Paşinyan məsələnin həllində etirazçıların liderinin zəifliyindən istifadə edərək ona nail oldu ki, bu gün etirazlar nəinki kütləvidir, heç sistemli də deyil.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev isə qəzetimizə açıqlamasında bildirdi ki, Baqratın hərəkatının uğursuz olmasının iki başlıca səbəbi var: Birincisi, daxildən kütləvi dəstək görməməsi, yəni, çox dar çərçivədə dəstək görməsidir. Bu, əvvəlki illərdə müxalifətə verilən dəstəkdən çox deyildi. Uğursuzluğun ikinci səbəbi isə xaricdən yetərli dəstək görməməsidir.
C.Vəliyevin fikrincə, daxildən dəstək görməməsi Baqratı Ermənistanın keçmişini məhv etmiş siyasi liderlərin, yəni, Robert Koçaryanın və Serj Sarkisyanın nümayəndəsi olaraq tanıtdı: “Koçaryanın və Sarkisyanın dövründə Ermənistan korrupsiyaya bulaşmış, insan hüquqlarının kobud şəkildə pozulduğu, regionda təcrid edilmiş, kütləvi miqrasiyanın yaşandığı, iqtisadi vəziyyətin bərbad vəziyyətdə olduğu bir ölkə idi. Buna görə də insanlar düşündülər ki, Baqratın hərəkatı uğurlu olsa, həmin düşüncə və siyasət Ermənistanda təkrar idarəçilik modeli olacaq”.
Müsahibimiz qeyd etdi ki, uğursuzluğun xarici siyasətlə də əlaqəsi var. Bəlkə də, artıq Ermənistan cəmiyyəti Azərbaycan və Türkiyə ilə düşmən olmaq istəmir: “Mənə elə gəlir ki, Paşinyan iqtidarı dövründə bununla bağlı aparılan təbliğatın da burada rolu var. Paşinyan tərəfdarları Koçaryan və Sarkisyanın dövründə çox uğursuz siyasət həyata keçrildiyini təbliğ edirlər”.
İkinci Qarabağ müharibəsində məğlubiyyətə gəldikdə isə ekspert hesab edir ki, cəmiyyət uğursuzluğun səbəbi kimi Paşinyanın deyil, Koçaryan və Sarkisyanın siyasətini görürlər: “Cəmiyyətin bu cür düşünməsində Paşinyanın da rolu ola bilər. Çünki o, tez-tez açıqlama verir ki, əslində, Qarabağ məsələsi Koçaryan–Sarkisyan dövründə həll olunmuşdu, onlar işğal edilmiş ərazilərin Azərbaycana veriləcəyini bildirirdilər”.
Politoloq onu da bildirdi ki, müxalifətin Rusiya ilə bağlı olma ehtimalı gündəmdə idi. Bu isə ictimaiyyət tərəfindən dəstəklənmədi. Ona görə də uğursuz oldu. Bundan əlavə, hərəkat xaricdən də dəstək görmədi. Çünki etirazçılar yeni müharibə, yeni qarşıdurma, Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsinin həşirində idilər. Bu səbəbdən xaricdən də dəstək görmədilər. Hərəkat xaricdən dəstək görmədiyi səbəbindən daxildə də yayıla bilmədi. Əgər daxildə daha geniş yayılmış olsaydı, bəlkə xaricdən daha çox dəstək görərdi. Paşinyan etirazçılarla müqayisədə daha geniş dəstəyə malik olduğu üçün etirazçılara başqa ölkələrdən dəstək gəlmədi. Çünki xaricdəki qüvvələr də Baqratla bir yerdə, necə deyərlər, bataqlığa batmaq istəmədilər. Bütün bu səbəblərdən Baqratın hərəkatı bu gün fiaskoya uğramış durumdadır.
Səxavət HƏMİD
XQ