AP-nin mövqeyi və Borrelin fikirləri Bakı–İrəvan sülh prosesinə zərbədir

post-img

İrəvanın illüziya bataqlığında çapalayanlar

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzi məlumdur. Bu qərəzin heç bir mənəvi və hüquqi sərhədlər tanımadığı, onları aşdığı da həmçinin.  Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin ölkəmizə qarşı mövqeyindəki ənənəvi yarıtmaz motivlər də hər kəsə yaxşı bəllidir. İndi birinci ikincidən anti-Azərbaycan ritorikasına, ermənipərəstlik xəttinə, belə demək mümkünsə, güc verməsini istəyib. Ola bilər, tərəflər bir-biri ilə razılaşıblar. Yəni  AP-nin deputatları soruşacaqlar, C.Borrel cavab verəcək. Nəyi soruşacaqlar və hansı cavabı alacaqlar? Mövzumuz bu barədədir. 

Bəli, pensionerlər klubu imicinə malik AP-nin deputatları C.Borrelə “erməni məhbusları”nın azad olunmaları ilə bağlı suallar ünvanlayıblar. Əlbəttə, söhbət yalnız saxta məhbus məsələsindən düşməyib. Borrel cavabında Qarabağı tərk etmiş ermənilərin hüquqları, o cümlədən öz evlərinə qayıtmalarının təminatı istiqamətində Azərbaycana çağırış səsləndirib. 

Necə deyərlər, it əl çəkir, motal əl çəkmir. Məsələ burasındadır ki, Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də ölkənin digər rəsmiləri dəfələrlə agah ediblər ki, Qarabağda yaşamış ermənilərin bölgəyə qayıtmaları mümkünsüzdür. Məsələ rəsmi İrəvanın xarici siyasət hədəflərindən çıxmış durumdadır. Ancaq Avropada Roma papasından daha artıq katolikliyə girişənlər qalmaqdadırlar. Deyəsən, onlar hayların özlərindən daha qatı erməniyə çevrilmək sevdasına düşüblər. Belələrinə nə deyəsən?

Ancaq deyiləcək sözlər çoxdur. İlk növbədə onu vurğulamaq lazımdır ki, Qarabağın erməni əhalisi ərazidən zorla çıxarılmayıb. Onlar bölgəni öz xoşlarına tərk ediblər. Daha doğrusu, Azərbaycanın yox, elə Ermənistanın təhriki prosesdə həlledici rol oynayıb. 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirlərindən sonra rəsmi İrəvan çalışmışdı ki, Qarabağın erməni sakinlərinin bölgədən uzaq tutulması ilə Qarabağ avantürasına sentimentallıq notları gətirib beynəlxalq dividend qazansın. Ancaq sonradan bunun mümkünsüzlüyünü anlamışdı. Görmüşdü ki, rəsmi Bakı prinsipial mövqeyindən dönən, hansısa təzyiq qarşısında geri çəkilən deyil. Digər tərəfdən, Azərbaycan Qarabağ ermənilərinin bölgədə vətəndaş kimi qalmalarının tərəfdarı olduğunu dəfələrlə sübuta yetirib. Mövcud istiqamətdə təkliflər irəli sürüb. Reinteqrasiya təşəbbüsünü qaldırıb. Ancaq bütün bunlar nəzərə alınmayıb. 

Ölkəmiz öz ərazisində hansısa separatçı quruluşun mövcudluğuna dözə bilməzdi və dözmədi də. Ancaq dünya birliyi evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına dair məsələyə 30 ilə yaxın müddətdə tam etinasız yanaşdı. Etinasız yanaşanlar sırasında AP lap öndə gedirdi. İndi C.Borrelin və AP-nin deputatlarının irəli sürdükləri məntiq onu deməyə əsas verir ki, Azərbaycan özünün konstitusyon quruluşunu, ərazi bütövlüyünü və suverenliyini bərpa etməməli, Qarabağdakı xunta rejimi saxlanılmalı, hətta belə görünür, beynəlxalq hüququn subyekti qismində qəbul edilməli idi. Yəqin ona görədir ki, “erməni məhbusların” azad olunmaları və Qarabağ ermənilərinin geri qayıtmaları barədə sərsəmləyir, beynəlxalq hüququn normal və prinsiplərini saymırlar. Nəticədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin vurğuladığı kimi, Aİ-nin ali nümayəndəsi erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək istəyir: “Biz bu yalan və təhrikedici iddiaları rədd edirik”. 

A.Hacızadə onu da bildirib ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, həmçinin beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu daşıyan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Habelə, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlərlə və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun davranılıb, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar. Hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, Beynəlxalq Qırmızı Xaç Komitəsi həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmaslarını qurub. Buna baxmayaraq, Azərbaycan onları geri qaytardıqdan sonra bəziləri həbslə üzləşib, sorğu-suala məruz qalıblar.

Bəli, Ermənistan hakimiyyəti sözügedən kateqoriyadan olanlara münasibətdə nalayiq rəftara üstünlük verib. Yaxşı olardı ki, cənab Borrel və onu “hərəkətə gətirən” AP-nin pensioner deputatları bu məqamı nəzərə alaydılar. Onlar onu da düşünməlidirlər ki, bu gün Azərbaycanda həbs olunan Qarabağdakı keçmiş separatçı rejimin rəhbərləri azadlığa buraxılsalar da, Ermənistanda yaxşı aqibətlə üzləşməyəcəklər. Çünki bu şəxslərin baş nazir N.Paşinyana qarşı çıxacaqları şübhəsizdir. Nikol və tərəfdarları üçün belələrinin ömürlərini Bakı həbsxanalarında çürütmələri daha sərfəlidir, nəinki İrəvanda olmaları. Gərək, Borrel bu barədə də yaxşı-yaxşı düşünsün. Amma düşünməyərək köhnə “siyasi şparqalkaları” işə salır.

Bakı Qarabağ canilərinə, əli Azərbaycan xalqının qanına batmışlara qarşı heç bir güzəştə getməyəcək. Ölkəmiz İlahi ədaləti təmin edəcək və edir də. Bunun qarşısında nə Borrel, nə AP-nin məişət pozğunu olan korrupsioner deputatları, nə də digər ermənipərəstlər dayana bilərlər. Həm də ona görə ki, Azərbaycanın mövcud istiqamətdəki mövqeyi beynəlxalq hüquqa əsaslanır. Bunu A.Hacızadə də vurğulayır: “Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər”.

Bəli, mövcud durumda başlıca diqqət Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəlməlidir. Çünki Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlumdur. Yeri gəlmişkən, itkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir ki, bunu A.Hacızadə də öz açıqlamasında diqqətə çatdırıb.

Onu da deyək ki, C.Borrelin fikirləri, eləcə də AP-nin ortaya qoymaqdan yorulmadığı ermənipərəst mövqe Azərbaycan–Ermənistan sülh prosesinə maneçilik törətməkdən başqa bir şey deyil. Belə fikirlər rəsmi İrəvanın düşdüyü illüziya bataqlığındakı yerini daha da möhkəmləndirir. Bu möhkəmlənmə isə son dərəcə zərərlidir. Ona görə A.Hacızadə açıqlamasının sonunda bunları da bildirir: “Azərbaycan bu həlledici məqamda Avropa İttifaqı tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir”.

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət