Ağ ev “valı” dəyişməkmi istəyir?

post-img

ABŞ Dövlət katibinin Bakıya telefon zənginin doğurduğu assosiasiyalar 

İyirmi yeddi il ərzində münaqişənin nizamlanmasına vasitəçilik edənlər (ABŞ, Fransa və Rusiya – ATƏT-in Minsk qrupunun həmsədrləri), Bakıya və İrəvana “atəşkəsə riayət edin”, “problemin hərbi yolla həlli mümkün deyil” çağırışlarını edənlər bu gün tərəflərə sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması və sülh sazişinin tez bir zamanda imzalanması ilə bağlı tövsiyələrini verirlər. Kənardan xoş niyyətli görünən bu çağırışların altqatında yenə də ikili standartın, tərəfkeşliyin “quyruğu” görünməkdədir. 

Telefon təmasında Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəhbəri Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə bir çox məsələləri müzakirə edib. Amma nədənsə Ermənistanda konstitusiya islahatının aparılması, onun qonşu dövlətlərə ərazi iddiasından əl çəkməsi ilə bağlı məsləhət vermir. Ağ ev Bakı üçün bu çox vacib məsələdə İrəvana təzyiq etməkdənsə əvvəlki dövrlərdə edilən ədalətsizliyi “yada salır”. Söhbət o ədalətsizlikdən gedir ki, iyirmi yeddi ildə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana təzyiqlər göstərməkdənsə, həmsədr ölkələr kimi, rəsmi Bakıya hansı güzəştlərə getməyi ilə bağlı “maraqlı” təkliflər irəli sürürdülər. 

Amma bu gün vasitəçiliyi iflasa uğramış həmin “böyük güclər” əsas qanununda Azərbaycan torpaqlarını işğal və ilhaq etməyi nəzərdə tutan Ermənistanı bu istiqamətdə zəruri islahatlar aparmağa məcbur etməkdənsə, rəsmi Bakıya potensial işğalçı ilə tələm-tələsik sülh sazişini imzalamaq təklifini verirlər. Yəni, bu, o deməkdir ki, kollektiv Qərb Ermənistan amilindən bundan sonra da Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlanmağa cəhd edəcəklər. 

* * * 

Qayıdaq ABŞ-ın baş diplomatının dövlətimizin başçısı ilə telefon danışığında toxunduğu məsələlərə. Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. O, iki ölkə arasında sülh gündəliyinin irəlilədilməsi baxımından nəticələri təqdir etməklə yanaşı, Birləşmiş Ştatların normallaşdırılma prosesinə dəstəyini davam etdirməkdə əzmli olduğunu vurğulayıb. 

Bundan başqa, Dövlət katibi Vaşinqtonun Bakı ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətindən danışaraq iqlim dəyişikliyi və “yaşıl enerji” sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələr arasındakı konstruktiv əməkdaşlığı da vurğulayıb. 

Nikbin notlara köklənmiş açıqlamasında daha sonra A.Blinken ölkəsinin Azərbaycanla yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini bildirib. O, ABŞ-nin Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcəyini də vurğulayıb. 

“Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır”, – deyən Dövlət katibi Cənubi Qafqazda sabitliyin və qarşılıqlı əlaqələrin ölkəsi üçün prioritet olduğunu vurğulayıb. 

Əslində, A.Blinkenin telefonda dedikləri ABŞ Prezidenti Co Baydenin keçən ay Bakıya ünvanladığı məktubunda vurğulanan məsələlərin davamı sayıla bilər. Sadəcə olaraq, Ağ evin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesinə əvvəlki münasibəti dəyişmədiyi, “valı” tam çevirmədiyi təqdirdə, Prezident İlham Əliyevin də bu məsələlərə yanaşmasının sabit qalacağı şübhəsizdir. Cənab Prezident Ağ ev rəsmisinin diqqətinə regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu çatdıraraq vasitəçisiz formatda sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb. Bu mənada ABŞ-nin sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımdan vacibliyini qeyd edib.

Telefon danışığının kənar müşahidəçidə doğurduğu assosiasiya ondan ibarətdir ki, rəsmi Bakı sülhün və regional əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edir. Çünki Azərbaycan həm regional, həm də beynəlxalq müstəvilərdə iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Axı, Cənubi Qafqazdan keçməsi nəzərdə tutulan Orta Dəhliz layihəsinin aparıcı iştirakçılarından biri məhz Azərbaycandır. Bu bölgədə üstün mövqeyə malik başqa dövlətin olmadığını Vaşinqtonda da yaxşı dərk edirlər. Ermənistan isə böyük gəlirlərə malik transmilli layihələrdə yalnız tranzit ölkə kimi iştirak edə bilər. Ona görə də İrəvan sülh və əməkdaşlıq kimi vacib məsələlərdən yan keçməməli, böyük layihələrdə iştirak ehtimalına siyasi alver predmeti kimi baxmaqdan əl çəkməlidir.

* * *

ABŞ-nin sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımdan vacibliyini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini sözlərinə əlavə edib.

Telefon danışığında Dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb. Dövlət katibi ABŞ-nin Azərbaycanla ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığı təqdir etdiyini vurğulayıb. 

Daha sonra telefon danışığı əsnasında iki ölkə arasında ali səviyyədə məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən məmnunluq ifadə edilib. Həmçinin insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

İ.HƏSƏNQALA
XQ

 

Siyasət