Postmüharibə dövründə liderlik

post-img

II məqalə

Kapitan daha yaxşısına ümid etməklə ən pisinə də hazır olmalıdır.

Frensis Korzye

Böhranlı və ya sürətlə dəyişən geosiyasi situasiyalarda dövlətin siyasətinin həm təhlili, həm də proqnoqstik aspektdə uğuru liderin şəxsi keyfiyyətləri ilə sıx bağlıdır. Qərb politoloji fikrində bu qənaət möhkəm yer almışdır. Liderliyə aid Rusiya fəlsəfi və politoloji araşdırmalarında da eyni qənaət mövcuddur (məsələn, fəlsəfə elmləri doktoru Y.Kudryaşovanın siyasi liderliyin sinergetik araşdırılmasına həsr edilmiş əsərləri). Liderin şəxsi keyfiyyətləri ilə uğurlu liderlik arasındakı bu sıx bağlantının isə hər bir ölkə və tarixi mərhələ üçün öz məzmunu mövcud olur. Buna görə də liderin şəxsi liderlik qüdrəti, tarixi situasiyanın özəllikləri və qlobal miqyasda mənzərənin xüsusiyyətləri aspektləri praktiki fəaliyyətdə vəhdət halında olmalıdır. Bu vəziyyətin mərkəzi faktoru isə liderin şəxsi keyfiyyətləridir. 

Burada zəka, iradə, mənəvi-əxlaqi dəyərlər, bilgi genişliyi, psixoloji özəlliklər çox mühüm rol oynayır. Bunlarla yanaşı, liderin situasiyaya yanaşması özəlliyi proqnozlaşdırmada ciddi faktorlardır. Bu baxımdan “siyasi metodologiya” və “siyasi diaqnostika” anlayışları idarəetmədə və praktiki siyasi-diplomatik fəaliyyətdə mühüm məqamlardan sayılırlar. Bu anlayışlar üzərində yeni tarixi mərhələ kontekstində bir qədər geniş dayanaq.

Liderin siyasi metodologiyası

Siyasi metodologiya, ümumilikdə, siyasətçinin (həm də araşdırmaçının) şüurunun siyasi reallığı dərk etmək üsuludur. Bu bağlılıqda siyasi metodologiya başqa bir maraqlı politoloji faktoru – siyasi mentallığın dərk edilməsini aktuallaşdırır. Yəni, siyasi metodologiya siyasətçinin şüurunu yalnız siyasi reallığı dərk etməyə istiqamətləndirmir, eyni zamanda, insanın siyasi mentallığının özünüdərki prosesini motivə edir. Deməli, siyasi liderin situasiyanı dərk etməyə yanaşması həm də onun siyasi mentallığının, kimliyinin təzahürüdür. Məsələnin bu tərəfi xüsusi böhranlı situasiyalarda daha əhəmiyyətli olur. Çünki siyasi liderin böhranlı situasiydan çıxmaq üsulu faktiki olaraq onun siyasi aspektdə zəkavi, iradi, emosional və mənəvi-əxlaqi kimliyi əsasında müəyyənləşir. Proqnozlaşdırmanın dəqiqliyi, müddəti və səmərələliliyi də bu faktordan çox asılı olur. Bu prosesdə isə liderin siyasi diaqnozlaşdırma qabiliyyəti prinsipial rol oynayır.

Liderin siyasi diaqnostika qabiliyyəti    

“Diaqnostika” ümumi halda “dərketmə qabiliyyəti” (yunanca) deməkdir. Lakonik ifadə etsək, siyasi diaqnostika siyasi situasiyanı peşəkarcasına qiymətləndirmə bacarığıdır. Bu anlamda siyasi hadisələr və proseslərin diaqnostikası aparılmasa, proqnozlaşdırmadan danışmaq imkansızdır. Yəni düzgün siyasi diaqnoz doğru proqnozlaşdırmanın təməlidir. Burada siyasi proseslərlə yanaşı, siyasi subyektlərin də dəqiq analizi lazımdır. Onların fəaliyyət istiqamətləri və funksional özəllikləri təhlil edilməlidir. Bundan sonra siyasi diaqnozun üsul və metodlarının düzgün müəyyən edilməsi olmalıdır. 

Deməli, siyasi diaqnostika özlüyündə elmi və siyasi tərəfi ehtiva edən mürəkkəb və kompleks xarakterli prosesdir. Geniş anlamda diaqnostikanı proqnozlaşdırmanın tərkib hissəsi kimi də qəbul etmək olar. Hər bir halda, onlar bir-biri ilə sıx əlaqədə olurlar. Burada maraqlı olan diaqnostikanın tarixi mərhələnin xüsusiyyətlərindən asılı olmasıdır. Hər tarixi mərhələ üçün xüsusi yanaşma tələb olunduğundan burada diaqnostikada hansı faktorun nə dərəcədə nəzərə alınması liderin seçimindən asılıdır. Bu da siyasi diaqnostikaya liderin yaradıcı yanaşması zərurətini ortaya qoyur. 

Birinci mərhələnin siyasi proqnozlaşdırılması

“Birinci mərhələ” dedikdə, milli ideyanın “ərazi bütövlüyünün bərpası” kimi müəyyən edildiyi dövrü nəzərdə tuturuq. Həmin mərhələnin başlanğıcı milli ideyanın müəyyən edildiyi, sonu isə onun tam reallaşması tarixidir. Yəni 1993-2020-ci illər nəzərdə tutulur. Bu mərhələnin ilkin proqnozunu ulu öndər Heydər Əliyev vermişdir. 2003-cü ildən başlayaraq isə Prezident İlham Əliyev yaradıcı surətdə təhlilini aparmış və onun əsasında proqnozlaşdırmışdır. İlham Əliyevin siyasi diaqnozu dəqiq olmuşdur ki, 2020-ci ildə milli ideya tam həyata keçmişdir. Şübhəsiz ki, həmin diaqnoz əsasında Azərbaycan lideri siyasi proqnozaşdırmanı da düzgün vermişdir. Həmin mərhələdə siyasi diaqnozla siyasi proqnozlaşdırmanın əsas xüsusiyyətləri nədən ibarət olmuşdur? 

Bizim təhlilimizə görə, Azərbaycan Prezidenti mövcud vəziyyətə üç faktorun qarşılıqlı əlaqəsində yanaşmışdır: lider,  Azərbaycan üçün yaranmış real geosiyasi və siyasi situasiya (milli və regional miqyasların vəhdətində) və qlobal səviyyədə geosiyasi dinamika. 

Bu üç faktorun mərkəzində liderin yüksək şəxsi keyfiyyətləri ilə siyasi-diplomatik məharətinin sintezi dayanır. Əslində, bu, zamanın tələbidir. Lider şəxsiyyət kimi elə yaradıcı və mənəviyyatca zəngin olmalıdır ki, hər bir gözlənilməz situasiyada milli maraqlardan çıxış edə bilsin. 2003-cü ildən bu yana Azərbaycan Prezidenti üçün sınaq kimi olan çox sayda situasiyalar meydana gəldi. 

Məsələn, 2005-2008-ci illərdə Gürcüstan üçün xüsusilə çətin vəziyyətlər yarananda Prezident İlham Əliyev dövlət başçısı və lider kimi mərdanə, ədalətli, zəkalı, təmkinli və qətiyyətli şəkildə qonşu dövlətə dəstək oldu. Enerji layihələrinin reallaşmasından nəinki bir addım geri çəkildi, hətta Moskvanın belə qəbul etdiyi üsulla yoluna davam etdi – Gürcüstandakı açılış mərasimlərində iştirak etdi, yeni təşəbbüslər irəli sürdü. 

2008-ci ildə məlum Rusiya–Gürcüstan münaqişəsi zamanı da İlham Əliyev çevik və ədalətli siyasəti ilə neft strategiyasını həyata keçirməkdə davam etdi. Xarici siyasətin bütün istiqamətlərində İlham Əliyevin real situasiyanı və dünya miqyasında geosiyasi prosesləri çox düzgün diaqnoz edərək proqnozlaşdırdığının təsdiqlərindən biri 2011-ci ilin oktyabrında baş verdi. O zaman müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmiz BMT TŞ-nin müvəqqəti üzvü seçildi. 2012-2013-cü illərdə Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasına uğurla sədrlik etdi. Burada liderin proseslərə diaqnozu ilə proqnozlaşdırması arasında sıx əlaqəni aydın görə bilərik.

Məsələ onunla bağlıdır ki, Cənubi Qafqaz çox mürəkkəb geosiyasi dinamikanın mövcud olduğu və böyük dövlətlərin toqquşmalarının məkanı kimi, son dərəcə olduqca həssas bir vəziyyətdə idi. Lakin Azərbaycan liderinin yüksək zəkalı fəaliyyəti ölkəmizi hətta bu cür böhranlı vəziyyətdə dünya miqyasında nüfuzlu etdi. BMT-də Azərbaycanın lehinə böyük əksəriyyət səs verdi! Bu fakt real düzgün siyasi diaqnoz əsasında doğru proqnozlaşdırmanın birbaşa nəticəsidir!

Digər fakt kimi Azərbaycan Prezidentinin yenə də həmin illərdə Avropa İttifaqı siyasətini göstərə bilərik. O mərhələdə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramına “hurrey”lə gedənlər az deyildi. Onlar mənasına varmadan assosiativ üzvlüyə də “hə” dedilər. Azərbaycan Prezidenti isə dərin və əhatəli təhlili ilə düzgün strateji qərar qəbul etdi: Aİ ilə münasibətlər bütün istiqamətlər üzrə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq şərtləri daxilində inkişaf etməlidir. Bu tezisin ədalətliliyinə İlham Əliyev öncə Brüsseli inandırdı. İndi məlumdur ki, bu, asan olmadı. 

Təqribən 2010-2015-ci illər arasında müxtəlif sammitlər və görüşlərdə əsaslı izahlar Bakının haqlı olduğunu sübut etdi. Bununla Azərbaycan Prezidentinin təklif etdiyi əməkdaşlıq paketi müzakirəyə qəbul edildi. 

2015-ci ildə Avropa İttifaqının özünün qonşuluq siyasətinə və geniş əhatədə xarici siyasətinə düzəlişlər etməyə məcbur olması İlham Əliyevin strateji proqnozlaşdırma qabiliyyətinin potensialını bir daha ortaya qoydu. Çünki Azərbaycan Prezidenti illər öncə məhz həmin istiqamətdə yeniliklərin zəruriliyini əsaslandırırdı. 

Bu baxımdan Prezident İlham Əliyevin 2016-cı ildə neft strategiyasında yeniliklərin aparılması zərurətindən bəhs etməsi də öncədən proseslərin diaqnozu və proqnozlaşdırmaq qabiliyyətinin yüksək olmasını nümayiş etdirdi. Çünki 2016-cı ildən sonra geosiyasətdə, o cümlədən enerji sferasında baş verən hadisələr Prezident İlham Əliyevin təhlilinin çox doğru olduğunu təsdiq etdi. 

Bu kimi faktlar İlham Əliyevin Azərbaycanın milli və regional miqyaslarda real vəziyyətini düzgün qiymətləndirməsi əsasında onun regional və qlobal təhdidlərdən, risklərdən uğurla qorumasının əlamətləridir. Əksər region dövlətləri maliyyə böhranından, müxtəlif kənar təsirlərdən və təhdidlərdən zərər gördüyü bir zamanda Azərbaycan dayanmadan inkişaf edirdi. Bütün ziddiyyətləri aşaraq enerji siyasətini, ordu quruculuğunu və daxili birliyi gücləndirirdi. Bu proses davamlı olaraq Azərbaycan Respublikasını regional liderə çevirirdi. 

Deməli, çevik zəkaya əsaslanan və dərin təhlil nəticəsində addımlar atan Azərbaycan lideri regional miqyasda uğurun etibarlı bazasını yaradırdı. Bunu o dövrdə bəlkə də az adam anlaya bilərdi. Lakin 2020-ci ilin II Qarabağ savaşı göstərdi ki, regionda heç bir dövlət Azərbaycanın fəaliyyətinin qarşısında ciddi surətdə durmaq istəmir. Rusiya və İran da bura daxildir. Səbəbi məhz illərlə addım-addım həyata keçirilən siyasətlə bağlıdır. Həmin siyasət isə siyasi diaqnoza və düzgün proqnozlaşdırmaya əsaslanırdı.

Beləliklə, aydın olur ki, İlham Əliyev 2003-cü ildən başlayaraq dərin mənası və ciddi strateji hədəfi olan siyasi kursu davamlı həyata keçirmişdir. Əsas hədəf ərazi bütövlüyünün bərpası və suverenliyin bütün ölkə ərazisində təmini idi. Bu çərçivədə enerji siyasəti ilə milli təhlükəsizliyin təmini və müdafiə qüdrətinin artırılması tam şəkildə aparılırdı.

Azərbaycan Prezidenti, faktiki olaraq, bir neçə istiqamətdə mücadilə apardı. Cəmiyyət daxilində birliyi daha da gücləndirmək üçün multikultural daxili siyasəti daha da inkişaf etdirdi. Bura iqtisadi, sosial, mənəvi, əxlaqi sferalarla yanaşı, ideoloji istiqamət – azərbaycançılıq da daxildir. II Qarabağ savaşı konkret hərb meydanında göstərdi ki, Prezident İlham Əliyev həmin istiqamətdə böyük irəliləyişə nail olmuşdur. 

Digər mücadilə istiqaməti regional geosiyasi mühitin nəzarət olunmayacaq səviyyədə qarışıq olmasına imkan verməməklə bağlıdır. Əslində, bu aspekt Prezident İlham Əliyevin həm siyasi prosesləri diaqnoz etmək, həm də onun əsasında düzgün proqnozlaşdırmaq qabiliyyəti baxımından çox az diqqət yetirilən istiqamətdir. Çünki söhbət Cənubi Qafqaz tarixində ilk dəfə olaraq yerli dövlətlərdən birinin regional geosiyasi dinamikanın müəyyən çərçivəni aşmaması üçün tənzimləməsi cəhdindən gedir. Bu məqam Azərbaycanın milli ideyasının reallaşması baxımından həyati əhəmiyyətə malik idi. Səbəbi nədən ibarətdir?

Doğrudan da, milli ideya son məqsəd kimi ərazi bütövlüyünün bərpası idisə, buna nail olmağa imkan verən bütün ssenarilər Azərbaycanın uğurlu olması üzərində qurulmalı idi. Burada əsas şərt Azərbaycanın siyasi-diplomatik aspektdə situasiyanı nəzarətdə saxlaması ilə yanaşı, arzuolunmaz sayılan (Azərbaycan üçün ən yaxşı ssenari dinc yolla ərazi bütövlüyünün təmini idi, çünki Bakı daim inkişaf paradiqmasına üstünlük vermişdir) müharibə ssenarisinə də regional mühitin uyğun olmasından ibarət ola bilərdi. Ona görə ki, regionda hər hansı xaos işğalda olan torpaqları azad etməyin qarşısına sədd çəkmək demək idi. Buna görə də Azərbaycan nəyin bahasına olursa-olsun “ən pis ssenari”də belə uğurlu olmağın formulunu tapmalı idi. Burada liderin zəkası ilə peşəkarlıq məharəti, siyasi-diplomatik qüdrəti harmoniya təşkil etməli idi.

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət