Azərbaycan Respublikasının həyata keçirdiyi çoxşaxəli və prinsipial xarici siyasət bu gün təkcə Cənubi Qafqazda deyil, daha geniş geosiyasi məkanda ölkəmizin nüfuzunun artmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində sabitlik, əməkdaşlıq və ədalət naminə səmərəli təşəbbüslərlə çıxış edən, etibarlı və qətiyyətli tərəfdaş imicini möhkəmləndirib.
Məhz bu siyasətin məntiqi davamı kimi, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri Azərbaycan–Suriya münasibətlərində yeni tarixi mərhələnin başlanğıcını qoyur. Bu mühüm səfər iki ölkə arasında qarşılıqlı etimada və mehriban dostluğa əsaslanan münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçdiyinin bariz ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Suriya keçid dövrünün Prezidenti Əhməd Əl Şaara arasında keçirilən təkbətək və geniş tərkibdə görüşlər zamanı tərəflər siyasi, iqtisadi, enerji, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı mühüm müzakirələr apardılar. Bu səfər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin tarixində dönüş nöqtəsi kimi dəyərləndirilə bilər.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkəmiz Suriyanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib və bu prinsipial mövqe gələcək əməkdaşlığın möhkəm təməli olaraq qalır. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yaxınlarda yüksək səviyyəli nümayəndə heyətinin Suriyaya göndərilməsi və bərpa-quruculuq işlərində iştirak imkanlarının araşdırılması Azərbaycan dövlətinin sülhə, sabitliyə və inkişaf proseslərinə verdiyi real dəstəyin ifadəsi idi.
Azərbaycan bu gün regional və beynəlxalq müstəvidə obyektiv, ədalətli və prinsipial diplomatik mövqeyi ilə seçilir. Suriyada uzun illər davam edən münaqişənin aradan qaldırılması və sülhün bərpası prosesində Azərbaycanın ortaya qoyduğu “sakit diplomatiya” xətti ölkəmizi Yaxın Şərqdə sabitliyin təşviqinə töhfə verən əsas aktorlardan birinə çevirib. Prezident İlham Əliyevin qlobal diplomatik təşəbbüsləri həm də Azərbaycanın beynəlxalq hüququn əsas prinsiplərinə söykənən, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan yeni dünya nizamının təşəkkülündə fəal iştirak etdiyini göstərir.
Əlbəttə, Azərbaycan bu gün etibarlı enerji tərəfdaşı kimi beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir. Artıq dünyanın 12 ölkəsinə qaz ixrac edən Azərbaycan üçün Suriya ilə enerji əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Prezidentlərin görüşü zamanı bu sahədə aparılan müzakirələr nəticəsində Suriya bazarına Azərbaycan qazının Türkiyə üzərindən çatdırılması perspektivi real və strateji hədəf kimi ortaya qoyuldu. Bu, regionda enerji təhlükəsizliyinin təmininə töhfə verməklə yanaşı, Azərbaycanın qlobal enerji oyunçusu statusunu daha da gücləndirəcək.
Eyni zamanda, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə sürətli və genişmiqyaslı bərpa-quruculuq işləri apararaq beynəlxalq səviyyədə nümunəvi model təqdim edib. “Ağıllı kənd”, “yaşıl enerji” və innovativ urbanizasiya sahəsində toplanan təcrübə artıq dünyanın müxtəlif bölgələri, o cümlədən Suriya üçün maraqlı əməkdaşlıq istiqamətinə çevrilib.
Azərbaycan bu təcrübəni Suriyada tətbiq etməyə, texniki dəstək və humanitar yardım göstərməyə hazır olduğunu nümayiş etdirir. Bu yanaşma təkcə siyasi və iqtisadi deyil, həm də insani baxımdan dəyərli və strateji xarakter daşıyır. Suriya liderinin Azərbaycana səfəri göstərdi ki, iki ölkə arasında münasibətlər yalnız tarixi dostluğa deyil, həm də gələcəyə hesablanmış güclü strateji baxışa söykənir. Bu baxış Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan xarici siyasətinin tərkib hissəsidir.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və Cənubi Qafqazda lider rolunu möhkəmləndirməsi ölkəmizin artan qlobal çəkisinin göstəricisidir. Bu kontekstdə Suriya ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycan diplomatiyasının məntiqi və strateji addımı kimi qiymətləndirilməlidir.
Suriya Prezidentinin Azərbaycana rəsmi səfəri dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Azərbaycan bu gün yalnız regionda deyil, qlobal səviyyədə sülhün, sabitliyin və inkişafın təminatçısı rolunu uğurla icra edir. Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən bu ardıcıl siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaqla, ölkəmizi qlobal əməkdaşlığın ön sıralarında möhkəmləndirir.
Ümumiyyətlə, Azərbaycanın Yaxın Şərq siyasəti regionun mürəkkəb geosiyasi mənzərəsi və beynəlxalq maraqların toqquşduğu məkan kontekstində həyata keçirilir. Rəsmi Bakı bu istiqamətdə müstəqil, balanslaşdırılmış və prinsipial xarici siyasət kursu yürüdərək regional sabitlik, əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərini əsas götürür. Azərbaycan Yaxın Şərqdəki münaqişələrə münasibətdə beynəlxalq hüquq və BMT prinsiplərinə əsaslanan neytral və balanslı mövqe tutur. Rəsmi Bakı regionda qarşıdurmaların deyil, dialoq və siyasi həll yollarının tərəfdarıdır. Məsələn, Azərbaycan həm İran, həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ ilə münasibətləri paralel şəkildə inkişaf etdirir. Eyni zamanda, Fələstin məsələsi üzrə ölkə iki dövlətli həll modelini dəstəkləyir, həmçinin İsraillə strateji əməkdaşlığını davam etdirir. Bu yanaşma Azərbaycanı regionda tərəflər arasında vasitəçilik potensialına malik ölkə kimi tanıdır.
Bundan başqa, Yaxın Şərq Azərbaycanın enerji siyasətində həm tərəfdaş bazar, həm də tranzit imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Məsələn, İsraillə energetika və yüksək texnologiyalar, BƏƏ və Səudiyyə Ərəbistanı ilə investisiya və “yaşıl enerji”, Qətərlə qaz bazarlarında koordinasiya imkanları müzakirə olunur. Suriya ilə enerji və bərpa əməkdaşlığı münaqişədən sonrakı dövrdə Azərbaycanın Yaxın Şərqdə yeni bir aktora çevrilməsinə imkan yaradır. Bu iqtisadi diplomatiya xətti həm Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsi, həm də regionda enerji təhlükəsizliyinin təşviqi baxımından önəmlidir.
Azərbaycan Yaxın Şərqdə bir çox humanitar layihələr həyata keçirir. İƏT, Ərəb Dövlətləri Liqası və digər regional qurumlarla əməkdaşlıq çərçivəsində Fələstində, İraqda, Suriyada bərpa və yardım layihələri, Yaxın Şərq ölkələri ilə təhsil, səhiyyə və urbanizasiya sahələrində təcrübə mübadiləsi aparılır. Bakı region ölkələri ilə münasibətlərdə İslam həmrəyliyi, mədəni yaxınlıq və tolerantlıq dəyərlərini ön plana çəkir. İƏT çərçivəsində fəal diplomatik xətt yürüdülür. Suriya, Liviya, Yəmən və digər ölkələrdəki gərginliklərlə bağlı çağırışlar zamanı Azərbaycan prinsipial və insani yanaşmalar sərgiləyib. Eyni zamanda, Azərbaycan İslam dininə qarşı ayrı-seçkiliyə və islamofobiyaya qarşı beynəlxalq tribunalarda çıxış edir.
Azərbaycanın Türkiyə ilə strateji ittifaqı, İsraillə əməkdaşlığı, İranla mehriban qonşuluğu və ərəb ölkələri ilə diplomatik fəallığı rəsmi Bakıya regionda birləşdirici və vasitəçi rol oynamaq imkanı verir. Bu çərçivədə Azərbaycanın “sakit diplomatiya” modeli, yəni kənardan səs-küysüz, amma davamlı dialoq təşəbbüsləri uğurla tətbiq edilir.
Danılmaz faktdır ki, Qarabağ zəfərindən sonra Azərbaycanın regional çəkisi artıb. Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya–Yaxın Şərq körpüsü kimi yeni geoiqtisadi imkanlar Azərbaycanı Yaxın Şərqdə logistika və ticarət qovşağına çevirmək potensialına malikdir. Azərbaycanın Qlobal Cənubun liderlərindən biri kimi formalaşması da bu strategiyanın mühüm tərkib hissəsidir. Bütün bunların fonunda demək olar ki, Azərbaycanın Yaxın Şərq siyasəti geosiyasi neytrallıq, iqtisadi maraqlar, humanitar diplomatiya və regional sabitliyə töhfə prinsipləri üzərində qurulub. Bu siyasət Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən qlobal miqyaslı, çoxvektorlu və milli maraqlara söykənən xarici siyasət strategiyasının mühüm tərkib hissəsidir.
Bir sözlə, Azərbaycanın Suriya ilə münasibətləri, ölkənin qlobal güc mərkəzləri ilə balanslı əlaqələr saxlaması, regional münaqişələrin həllində vasitəçilik təşəbbüsləri göstərməsi və enerji siyasətində aktiv rolu onun artıq təkcə Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın mühüm aktoruna çevrildiyini təsdiqləyir. Bu münasibətlər Azərbaycanın strateji baxışının, diplomatik çevikliyinin və beynəlxalq aləmdə qazandığı nüfuzun real nəticələrindən biridir. Azərbaycanın gələcəkdə də regional sabitliyin təmin olunmasında və beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağı şübhəsizdir.
Səbuhi MƏMMƏDOV
XQ