Şuşalıların doğma yurdlarına qayıtmaları tarixi hadisədir

post-img

Ermənistan üzərindəki tarixi qələbəmizdən və Azərbaycan Ordusunun Qarabağda apardığı lokal xarakterli antiterror tədbirlərindən sonra doğma  dədə-baba yurdlarından didərgin salınmış soydaşlarımız böyük coşqu ilə isti ocaqlarına qayıdırlar. Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında işğaldan azad edilmiş ərazilərimizdə tikilmiş hər cür infrastruktura malik yaşayayış kompleksləri doğma yurdlarından didərgin salınmış soydaşlarımızın ixtiyarına verilib. Bugünlərdə şuşalıların da 32 illik həsrətinə son qoyuldu. Bir neçə gün əvvəl Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. 

Bu fikri Prezident İlham Əliyevin Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü ilə əlaqədar keçirilən tədbirə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. 

Bu barədə redaksiyamıza açıqlama verən Ç.Qənizadə deyib ki, Şuşaya ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. Hüquq müdafiəçisi Şuşanın asad edilməsi uğrunda gedən döyüşləri də xatırladaraq deyib ki, cəsur hərbçilərimiz bu döyüşlərdə elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar. Dövlətimizin başçısı Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı dedi ki, biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.  44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”.

Tanınmış hüquqşünas hazırda Şuşada aparılan  genişmiqyaslı quruculuq işlərindən söhbət açaraq Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməlinin qoyulduğunu bildirib. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda Şuşanın ənənəvi üslubunda inşa edilir. Bununla yanaşı, Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır.  Dövlətimizin başçısının qeyd etdiyi kimi, Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu, ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Göründüyü kimi, Şuşanın dirçəldilməsi geniş vüsət alıb. 

Ç.Qənizadə şuşalılarla görüşü zamanı Prezident İlham Əliyevin Şuşanın ermənilər tərəfindən işğal olunduğu günləri də xatırlatdığını bildirib: “Hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti  Zəfərimizə sevinməyiblər. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa, ermənilərlə əlbir olub Zəfərimizi aşağılamağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə, öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir”.  

Dövlətimizin başçısı, həmçinin bildirdi ki,  Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Prezident, Ali Baş Komandan İlham Əliyev qəti olaraq bildirdi: ”Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.

XQ

 

 

Siyasət