Uzun illər el-oba həsrətilə yaşayan keçmiş məcburi qaçqınlar indi doğma evlərinə qayıdırlar. Bütün bu uğurlar Prezident İlham Əliyevin qətiyyətinin, əzmkarlığının və uzaqgörənliyinin, ən əsası lider-xalq birliyinin nəticəsidir. Məhz bu birlik Azərbaycana üç onilliyin əsas problemini parlaq şəkildə həll etməyə - öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməyə, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsini təmin etməyə imkan verdi.
Otuz illik işğal dövründə düşmənin amansızcasına xarabalığa çevirdiyi Qarabağ bu gün quruculuq ünvanıdır. Bir sıra beynəlxalq əhəmiyyətli layihələrə, o cümlədən ağıllı şəhər və kəndlərin salınması, enerji infrastrukturunun yaradılması, Zəngilan, Füzuli və Laçın rayonlarında beynəlxalq hava limanları, Füzuli və Zəngilan hava limanlarının açılışı artıq baş tutub və Laçın hava limanının qısa müddət ərzində açılışı planlaşdırılır. Təqdirəlayiq haldır ki, işğaldan azad edilmiş ərazilərini maliyyə imkanları hesabına bərpa edən Azərbaycan bu sahədə öz standartlarını yaradır-bütün sahələrdə bərpa və yenidənqurma işləri yüksək templə və sistemli şəkildə davam etdirilir. Prezident İlham Əliyev zəruri infrastrukturun qurulmasına xüsusi önəm verir, ona görə də dövlət başçısı aparılan tikinti-bərpa işləri ilə birbaşa tanış olmaq üçün işğaldan azad edilmiş ərazilərə tez-tez baş çəkir, görülən işləri şəxsən nəzarətində saxlayır.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmiş ərazilərimizə səfəri, Şuşada birinci yaşayış kompleksinin açılışında iştirakı və şəhərə köçmüş ilk sakinlərlə görüşü tarixi hadisəyə çevrildi. Bu görüşdə dövlət başçısı önəmli açıqlamalar verdi. Azərbaycan xalqının ədaləti döyüş meydanında bərpa etdiyini vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Dövlət başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək.
İndi Şuşa şəhəri yenidən qurulur, tarixi abidələrinin bərpası sürətlə aparılır. Qısa müddət ərzində Molla Pənah Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edildi. Gövhər Ağa və Saatlı məscidləri bərpa olundu. Şuşa sakinlərilə görüşdə dövlət başçısı bildirdi ki, Çöl Qala məscidində bərpa işləri başlanılıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu və ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur.
Ermənistanın otuz illik işğalı ərazilərimiz dəhşətli dağıntılara məruz qalıb. Amma Azərbaycan indiyədək müşahidə edilməyən tempdə tikinti-quruculuq işləri həyata keçirir. Bu temp daha sürətli ola bilərdi, lakin ərazilərə basdırılmış yüz minlərlə mina ehtiyatlı olmağa vadar edir. Eyni zamanda, minalardan təmizlənmiş ərazilər keçmiş köçkünlərin öz ata-baba yurdlarına təhlükəsiz qayıtması üçün ən mühüm şərtdir. Bununla belə, azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərinin miqyası görənləri yaxşı mənada təəccübləndirir. Azərbayсan öz gücünə arxalanaraq azad olunmuş misli görünməyən dağıntıların nəticələrini aradan qaldırır. Ötən müddət ərzində heç bir ölkədən, təşkilatdan, donordan yardım olmadan ölkəmiz azad olunmuş ərazilərimizi yenidən dirçəldir. İşğaldan azad edilmiş ərazilərinə səfər edərkən aparılan quruculuq işlərinin miqyasını qiymətləndirməmək mümkün deyil. Görülən işlərin nəticələri belə deməyə əsas verir ki, dəhşətli işğalın izləri silinir, kabusa dönmüş şəhərlərimizə yeni həyat qayıdır.
Amma ölkəmizə düşmən kəsilən qüvvələr bütün bu prosesin qarşısını almağa çalışdılar. Otuz il Azərbaycan torpaqlarında törədilmiş vandalizm aktlarına göz yuman Qərbin bəzi ölkələri rəsmi Bakıya dəstək olmaq əvəzinə, regionu bu müddət ərzində terrora məruz qoyan Ermənistana arxa durmaqla ədalətsizliyi dəstəkləməyə çalışdılar. Fransa və ABŞ erməniləri boş vədlərlə ümidləndirərək, regionda yaranmış yeni reallıqları dəyişdirməyə can atdılar. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizə qarşı qurulan bütün məkrli planlar uğursuzluqla nəticələndi. Azərbaycan liderinin beynəlxalq hüquq normaları çərçivəsində yürütdüyü mükəmməl siyasət nəticəsində erməniləri özlərinin geosiyasi ambisiyalarının qurbanına çevirən qeyri-regional dövlətləri “tərk-silah” etdi. Müzəffər Ali Komandan İlham Əliyevin zərgər dəqiqliyilə yürütdüyü siyasət otuz il Qarabağ problemini ancaq dondurmağa çalışan keçmiş Minsk qrupunu yenidən canlandırmağa cəhd göstərən dövlətlərin planlarını iflasa uğratdı, istəklərinin üzərindən qalın qara xətt çəkildi.
Erməniləri dəstəkləyən ölkələr anlamalıdırlar ki, Azərbaycanın yaratdığı reallıqları qəbul etməlidirlər. Fransa kimi ölkələr Ermənistana silah verməklə regionu yeni qanlı müharibəyə sürükləyirlər. Amma Bakı buna imkan verməyəcək. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.
Qərbin ermənipərəst ölkələri Azərbaycan xalqının ədalətli səsini eşitməli, regionda möhkəm sülhün yaradılması istiqamətində aparılan prosesə müdaxiləsini dayandırmalıdır. Ölkə başçısının vurğuladığı kimi, Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Vaxtilə erməni quldurlarının işğal etdiyi Şuşa artıq dörd ildir ki, azad nəfəs alır və bu gün yenidən doğulur. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Şuşa xalqımızın döyünən ürəyi, mənəvi simvolu, şərəfi, iftixar və ləyaqətidir.
Prezident İlham Əliyevin “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışında ifadə etdiyi kimi qəhrəmanlığın, zəfərin və sülhün rəmzi olan Şuşa bu gün əvvəlki əzəmətini qaytarır, aurası və füsunkar təbiəti ilə hamını heyran edir. Bu gün Şuşada irimiqyaslı sosial-iqtisadi, infrastruktur layihələri həyata keçirilir. Şəhər qlobal gündəmdəki aktual məsələlərin müzakirəsi üçün mühüm beynəlxalq platformaya çevrilir. Prezident İlham Əliyev bu şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Bu il üçün Şuşa İslam Dünyasının Mədəniyyət paytaxtıdır və qala şəhərimizdə keçirilən festivallar təsadüfi deyil. Məhz bu baxımdan ənənəvi olaraq keçirilən “Xarıbülbül” təkcə sıradan bir musiqi festivalı yox, Azərbaycanın dünyaya sülhə çağırış mesajıdır.
Festivalda iştirak edən Prezident İlham Əliyev çıxışında əmin olduğunu bildirdi ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Buna kimsənin şübhəsi olmasın.
Deputat yekunda qeyd edib ki, bu gün Azərbaycan xalqı xoşbəxtdir, çünki ən böyük problemini- ərazi bütövlüyünü tam bərpa edib, mədəniyyət beşiyimiz olan Şuşanı düşmən əsirliyindən xilas edib. Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə əmin idi ki, bir gün əziz Şuşamıza qayıdacağıq və indi biz bu xoşbəxtliyi yaşayırıq. Uzun illər işğal həyatı yaşayan Şuşa özgələşmədi, unikallığını, bizə məxsus olduğunu qoynunda-abidələrində, evlərində gizlədib saxladı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilmədilər, çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Dövlət başçımızın hamını əmin etdiyi kimi, biz əbədi yaşamaq üçün Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq. Qalib Komandanın bu mesajı dünya üçün Azərbaycan gücünün həqiqətidir!