Pallonenin “müdafiə uvertürası”

post-img

Amerikalı konqresmen Ermənistanın cənubunu “mümkün hücumdan” qorumağa hazırlaşır

Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığı barədə dəfələrlə verilən yüksək səviyyəli bəyanatlara baxmayaraq, Qərbdəki bəzi dairələr bu sayaq fikirlərdən əl çəkmirlər. Ölkəmizin, guya, Ermənistanın cənubuna hücum edəcəyi iddiası ermənipərəstlərin Azərbaycanın ünvanına atdıqları çoxsaylı böhtanların yeni bir elementinə çevrilib. Zaman onların fikirlərinin əsassız olduğunu sübut etməkdədir. Ancaq onlar ayıblarına kor olmaqdansa, yenə də tutuquşu kimi eyni sözləri təkrarlamaqdadırlar.

Sonuncu dəfə ermənilərə ABŞ Konqresinin Nümayəndələr Palatası­nın üzvü Frenk Pallone “canıyananlıq” edib. O, yenidən Ermənistanın təhlükə­sizliyinin təmin olunmasına çağırıb və ABŞ-ın humanitar sahədə köməyinə ehtiyac olduğunu vurğulayıb. Konqres­men bunu Nyu-Cersi ştatının Elberon şəhərində yerləşən Müqəddəs Stefan erməni kilsəsinin 35 illiyinə həsr olun­muş mərasimdə bildirib. Mərasimlə bağlı “X” platformasındakı hesabında yazıb: “Müqəddəs Stefan erməni kil­səsinin 35-ci ildönümünə həsr olun­muş mərasimdə Azərbaycanın “Art­saxa” hücumundan (?) sonra ABŞ-ın Ermənistana təhlükəsizlik sahəsində kömək etməsinin və humanitar yardım göstərməsinin zəruriliyindən danışdım. Azərbaycanın Ermənistanın cənubuna mümkün hücumu ABŞ-dan tədbir gör­məyi tələb edir”.

Qeyd edək ki, F.Pallone ABŞ Konqresindəki qatı ermənipərəstlərdən biridir. Azərbaycana və bütün türk dün­yasına nifrət onun siyasi karyerasın­dan, necə deyərlər, qırmızı xətlə keçir. 1951-ci ildə dünyaya göz açmış Pallo­ne Demokratlar Partiyasının üzvüdür. Demokratlar Partiyasının üzvləri isə bir qayda olaraq, ermənilərə həddən artıq yaxınlıqları ilə tanınırlar. Konqresdəki erməni lobbi qrupuna daxil olanlar da əsasən demokratlardır. Sirr deyil ki, Azərbaycan uzun illərdir ABŞ-ın strate­ji müttəfiqi olan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Rusiya–Ukrayna müharibəsi fonunda ölkəmizin önəmi daha da artıb. Azərbaycanın 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarından sonra Birləşmiş Ştatlara verdiyi dəstək də son dərəcə böyük idi. Əlbəttə, Azərbaycanın Qərbə dəstəyi ilə bağlı daha çox danışmaq və yaz­maq olar. Ancaq buna ehtiyac yoxdur. Amerikalı demokrat konqresmenlər öz­ləri də hər şeyi çox yaxşı bilirlər. Ancaq bunu bildikləri halda Azərbaycanı itti­ham etmək, ölkəmizin ünvanına böh­tan atmaq yolunu tutublar. Onların bu mövqeyi ABŞ-ın özünün milli maraqla­rına ziddir.

Azərbaycanın torpaqlarının işğal altında olduğu dövrdə ölkəmizlə bağlı bütün bədnam təşəbbüslərin müəllif­ləri əsasən demokratlar olublar. Er­məni lobbisinin maraqlarından çıxış edən demokratlar 1992-ci ildə Azad­lığa Dəstək Aktına 907-ci düzəlişin edilməsinə nail olublar. Həmin düzəliş Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edib. Nəticədə ərazisi işğal olunmuş, böyük qaçqın ordusu ilə üzləşmiş, iqtisadi imkanları zəif olan Azərbaycan ABŞ hökumətin­dən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevrilmişdi. 907-ci düzəliş sonralar (2013-2017-ci illərdə) ABŞ-ın Dövlət katibi olan demokrat senator Con Kerri tərəfindən irəli sürü­lüb. Respublikaçı senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etsə də, düzəliş Konqres tərəfin­dən qəbul edilib. ABŞ-ın hazırkı prezi­denti, demokrat Cozef Bayden düzəli­şin qəbulunda fəal rol oynayıb. Yalnız 2001-ci il 11 sentyabr terrorundan son­ra Azərbaycanın beynəlxalq terrorizm­lə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandır­maq səlahiyyəti verib. Zənnimizcə, bu, ABŞ demokratlarla respublikaçıların Ermənistan–Azərbaycan münasibət­ləri ilə bağlı mövqeyinə dair ən yaxşı nümunələrdən biridir. Bundan əlavə, demokratlar ABŞ-ın Azərbaycana heli­kopter satışına icazə verən Konqresin qətnaməsini, eləcə də Metyu Brayza­nın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmasını ən­gəlləyiblər.

Ermənistanla Azərbaycan arasın­da mövcud olmuş münaqişənin başa çatmasına, bölgədə yeni reallıqların yaranmasına, iki ölkənin sülh müqa­viləsi üzrə danışıqlar aparmasına baxmayaraq, demokratlar öz amp­lualarındadır. Bundan öncə digər er­mənipərəst demokrat konqresmen, 2023-cü ilin sentyabrında məxfi in­formasiyaların Misir hakimiyyətinə ötürülməsində və rüşvət müqabilin­də onların maraqları üçün fəaliyyət göstərməkdə ittiham olunan Robert (Bob) Menendes də oxşar açıqlama­larla çıxış etmişdi. Maraqlıdır ki, hər ikisinin eyni partiyanın üzvü olması ilə yanaşı, Menendeslə Pallonenin bir sıra oxşarlıqları var. Onlardan hər ikisi Nyu-Cersi ştatında doğulub. Hazırda da Konqresdə bu ştatı təmsil edirlər. Birinin 69, digərinin 72 yaşı var. R.Me­nendesin arvadı Nadin Arslanyan mil­liyyətcə ermənidir. Qatı ermənipərəst konqremen, uzun illərdir ki, Konqres­də ermənilərə lobbiçilik edən və hər fürsətdə onların tərəfini tutan F.Pal­lonenin də həyat yoldaşının erməni olduğu bildirilir. Artıq ömrünün ixtiyar çağında olan bu şəxslər hazırda iki xalq arasında sülhə, əmin-amanlığa çağırış etmək əvəzinə, yenidən etnik nifrəti qızışdırmaq yolunda növbəti addımlarını atırlar. Bu isə ancaq təəs­süf doğurur. 

Mövzu ilə bağlı fikirlərini “Xalq qəze­ti” ilə bölüşən politoloq Zaur Məmmə­dov bildirib ki, son bir neçə ay ərzində, ələlxüsus, torpaqlarımızın hər qarışı üzərində suverenliyimizin bərpa edildi­yi uğurlu antiterror tədbirlərindən sonra Avropa qitəsində və ABŞ-da anti-Azər­baycan elementləri güclənməkdədir. Onun sözlərinə görə, bu sırada Avropa­da Fransa, Avropa Parlamenti, qitənin bir sıra ölkələrinin parlamentləri, ABŞ-da isə Frenk Pallone, Robert Menen­des kimi konqresmenlər xüsusi fəallıq göstərirlər: “Biz son vaxtlar anti-Azər­baycan və ermənipərəst qüvvələrin bütün istiqamətlərdə paralel olaraq fəallaşmasının şahidiyik. Zənnimcə, bu bir təsadüf deyil. Sinxron hərəkət­lənmə mövcuddur. Yəni, bir tərəfdən ermənilərin xeyrinə olan addımlar atı­lır. Bunu həm erməni diaspor fəalları, yaxud onların ətrafındakı mərkəzlər edirlər. Digər tərəfdən, siyasət adam­ları, ictimai rəyə təsir edən şəxslər öz fəaliyyətlərini genişləndiriblər. Frenk Pallonenin aktivləşməsi də bunun bir göstəricisidir. Qeyd etdiyim kimi, bu da təsadüfi deyil. Həmin sinxron hərəkət­lənmə Azərbaycan dövlətinin və xalqı­nın Vətən müharibəsindən ötən üç il ərzində ardıcıl qələbələr əldə etməsi ilə bağlıdır. Bu qələbələrin ən sonun­cusu antiterror tədbirləri oldu. Bununla da ərazilərimiz üzərində suverenliyimiz tam təmin edildi”.

Zaur Məmmədov qeyd edib ki, bütün bunlar Ermənistandakı revan­şist kəsimlə yanaşı, onların xaricdə­ki havadarlarının da yuxusunun ərşə çəkilməsinə səbəb olub. Nəticədə Azərbaycanın, guya, Ermənistanın cə­nubuna hücum edəcəyi ilə bağlı saxta xəbərlər yayırlar: “Pallonenin və digər­lərinin bu cür fikirlərinin heç bir əsası yoxdur. Azərbaycan Ermənistanın 29,8 min kvadratkilometr çərçivəsində ərazi bütövlüyünü tanıdığını hələ ötən ilin oktyabrında Praqada keçirilən Avropa Siyasi Birliyinin I sammiti çərçivəsində imzalanmış sənəddə bəyan edib. Er­mənistan da Azərbaycanın 86,6 min kvadratkilometrdə ərazi bütövlüyünü tanıdığını bildirib. Bu baxımdan Pal­lonenin Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Onlar bu kimi açıqlamalarla bölgədə vəziyyətin gərgin olaraq qalmasında xüsusi ma­raqlarını ortaya qoymuş olurlar”.

 

Səxavət HƏMİD
XQ



Siyasət