Qarabağ və Şərqi Zəngəzurun xarabalıqları cənnətə çevrilir

post-img

3 ildə bölgənin dirçəldilməsinə 7 milyard manat vəsait yönəldilib

Artıq 3 ildir ki, azadlığına qovuşan torpaqlarımızda böyük quruculuq və bərpa layihələrinin icrası getdikcə sürətlənir. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı strateji infrastruktur obyektləri işə salınır, yenilərinin təməli qoyulur. Bununla da 30 ildə düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə yeni nəfəs gəlir, şəhər və kəndlərimizdə həyat yenidən dirçəlir. 

Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi, istehsal və xidmət infrast­rukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm layihələr həyata keçirilib, müasir texno­logiyalar əsasında “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunub. Əhalinin dayanıq­lı məskunlaşmasını, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilmə­sini şərtləndirən aqrar sahənin inkişafı diqqətdə saxlanılıb. 

Bölgənin bərpasına başlanıldığı vaxt­dan ötən müddətdə dövlət başçısının işti­rakı ilə Ağdam, Füzuli, Cəbrayıl şəhərləri­nin bərpasının təməl daşı qoyulub, digər şəhərlərimizin isə baş planının hazırlan­masına başlanılıb. Həmçinin Ağdamda sənaye, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının, Zəngilan və Laçında hava limanlarının və digər inf­rastruktur obyektlərinin təməlqoyma mə­rasimləri keçirilib.

Düşməndən təmizlənən ərazilərdə bütün bu işlərlə yanaşı, Silahlı Qüvvələ­rimizin modernləşməsinə, yeni müasir si­lahlarla, döyüş texnikası ilə təminatına və şərti sərhədlərin möhkəmləndirilməsinə xüsusi önəm verilib. 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 3 il ərzində genişmiqyaslı bərpa-quruculuq layihələri sırasında yol infrastrukturunun sürətlə qurulmasına daha çox əhəmiyyət verilib. Vətən mü­haribəsindən dərhal sonra başlanan 28,5 kilometrlik Tərtər–Çaylı–Suqovuşan–Ta­lış avtomobil yolu 2020-ci ildə, 101,5 ki­lometrlik “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan 22 kilometrlik yeni alternativ av­tomobil yolunun tikintisi başa çatdırılıb. 

Hazırda düşməndən təmizlənən əra­zilərdə 14 avtomobil yolu tikilir ki, onlar­dan 8-inin çəkilişinin cari ildə yekunlaşa­cağı gözlənilir. İnşaat işləri davam edən Füzuli–Hadrut, Hadrut–Tuğ–Azıx mağa­rası, Bərdə–Ağdam, Qubadlı–Eyvazlı, Qubadlı–Mahmudlu–Yazdüzü–Ermənis­tan sərhədi, Talış–Tapqaraqoyunlu–Qa­şaltı–Naftalan, Kəlbəcər və Laçın rayon­ları ərazisində reallaşdırılan layihələrin isə son mərhələsi həyata keçirilir. 

Xatırladaq ki, “Azərbaycan Respub­likasının işğaldan azad edilmiş ərazilə­rinə Böyük Qayıdışa dair I Dövlət Proq­ramı”nın icrasına dair Tədbirlər Planına əsasən, 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kilometrlik 20 avtomobil yolunun və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Qarabağ və Şərqi Zəngəzurda məs­kunlaşmanın sürətlə aparılması bu əra­zilərin elektrik enerjisi ilə təchizatı siste­minin yüksək səviyyədə qurulmasından asılıdır. Ona görə də müharibədən sonra bölgənin energetika sisteminin gücləndi­rilməsi daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu sahə əsaslı şəkildə müasirləşdirilir, “itiril­miş” generasiya gücləri bərpa edilir. Cari ilin ötən ayları ərzində “Cəbrayıl”, “Had­rut”, “Qorçu”, “Laçın” yarımstansiyaları­nın, “Qamışlı”, “Meydan”, “Çıraq-1”, “Çı­raq-2”, “Soyuqbulaq”, “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının istismara verilməsi də bunun bariz ifadəsidir. 

Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”nin realllaşdırılması da prioritet is­tiqamətlərdən biridir. Bununla bağlı 2022–2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məh­dudlaşmır, enerji keçidinin bütün kompo­nentləri üzrə fəaliyyəti də təşviq edir. Bu çərçivədə azad olunan ərazilərdə ümu­mi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox binada günəş pa­neli, ictimai və sosial obyektlərdə ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, həmçinin enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayancaqlar, elektrik dol­durma məntəqələri quraşdırılıb.

Bölgədə “yaşıl enerji”nin realllaşdırıl­masından bəhs edərkən bir göstəricini də xatırlatmaq yerinə düşərdi. Belə ki, Qara­bağ və Şərqi Zəngəzurda indiyədək 90 meqavat həcmində hidroelektrik enerji potensialı hərəkətə gətirilib. Başqa sözlə, bu həcmdə enerji ölkəmizin mərkəzi şə­bəkəsinə ötürülüb və düşməndən təmiz­lənən yaşayış sahələrinə tam inteqrasiya edilib. 

Respublikamızın azad olunan ərazilə­rində hidroelektrik enerjinin həcmi isə bu ilin sonunadək 170 meqavata, 2024-cü ilin sonuna qədər isə 270 meqavata ça­tacaq. Bu da təbii ki, Azərbaycanın “yaşıl enerji” gündəliyinə böyük töhfə olacaq. Belə bir proqnozun isə əsası var. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarının 10 min meqavat “yaşıl enerji” potensialı mövcuddur. Bura həm günəş, həm külək, həm də su elektrik stansiyala­rı aiddir. Əslində, bu, Azərbaycanın ener­ji potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialını (157 qiqavat) bura əlavə etsək, mövcud vəziyyət haqqında aydın təsəvvür yaranar. 

Bütün bu infrastruktur tədbirlərinin re­allaşdırılması nəticəsində Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarında bu gün bir coşğun­luq yaşanır, Zəngilan, Laçın və Füzuli­nin yurd-yuva həsrəti ilə yaşayan keçmiş məcburi köçkünləri məskunlaşdırılır. 

Vətən savaşından sonra ilk dəfə yurd həsrətinə Zəngilan rayonunun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınan Ağalı kəndində son qoyulub. Xatırladaq ki, bu yaşayış məntəqəsində sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait qurulub. Kənddə “Ağıllı kənd” konsepsiyasının hər üç kom­ponenti – “ağıllı dövlət idarəçiliyi”, “ağıllı infrastruktur və xidmətlər”, eyni zamanda, “ağıllı təsərrüfat və biznes mühiti” yaradı­lıb.

Zəngilan rayonunda yaradılan “Dost Aqropark” isə klaster yanaşmanın bariz nümunəsidir. Üç mərhələdə həyata keçi­rilən layihənin təməli 2021-ci il oktyabrın 26-da dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo­ğan tərəfindən qoyulub. Artıq aqroparkda birinci mərhələ üzrə görüləcək bütün iş­lər başa çatdırılıb. İnzibati binalar, 5 min 200 kvadratmetrlik qapalı, 113 min kvad­ratmetrlik açıq tipli heyvandarlıq komp­leksləri, xidməti heyətin yaşayış binaları tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsa­lı reallaşdırılıb. 

Bu gün “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər davam et­dirilir. Layihənin hər 3 mərhələsinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün böl­gəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurula­caq, tutumu 100 min ton olan anbar inşa ediləcək. İstehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, “Made in Qa­rabağ” brendi ilə dünya bazarına çıxarı­lacaq.

“Dost Aqropark” ətraf mühitin və tə­biətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Burada ekosistemin yaradılması üçün ümumilik­də 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.

Füzuli rayonunun Dövlətyarlı kəndin­də də “Ağıllı kənd” layihəsinin təməli qo­yulub. “Yaşıl” və alternativ enerjinin, “ağıl­lı idarəetmə” sisteminin reallaşdırılacağı “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tu­tulub. Burada, həmçinin məktəb və uşaq bağçasının tikilməsi planlaşdırılıb. Kən­din ətrafında isə “Ağıllı kənd təsərrüfatı” sahəsinin salınacağı nəzərdə tutulub. Beləliklə, sakinlərin rahat yaşamaları və kənd təsərrüfatı ilə məşğul olmaları üçün bütün zəruri işlərih həyata keçirilməsi mü­hüm vəzifə kimi qarşıya qoyulub. 

İkinci Qarabağ müharibəsi başa çat­dıqdan sonra bugünədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dol­lar həcmində vəsait sərf edilib. Növbəti il üçün isə planlaşdırılan minimum büd­cə 2,4 milyard dollar həcmində nəzərdə tutulub. Deməli, ölkəmiz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzurun bərpasını həyata keçirirb. Düzdür, burada istis­na olaraq iki qardaş ölkə – Özbəkistan və Qazaxıstan biri məktəb, digəri isə in­cəsənət mərkəzinin inşasını üzərlərinə götürüb və təhsil müəssisəsi artıq mək­təblilərin ixtiyarına verilib. 

Sonda qeyd edək ki, müvafiq Dövlət Proqramına əsasən, Qarabağ və Şərqi Zəngəzurda ilkin mərhələdə 8 şəhər, 8 qəsəbə və 84 kəndin bərpa edilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin iştirakı ilə 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə, müharibədən ötən müddətdə bərpa-quruculuq layihələri çər­çivəsində dövlətimizin başçısı tərəfindən 63 müxtəlif təyinatlı obyektin açılışı olub, çoxsaylı sosial infrastruktur yenidən qu­rulub, iki hava limanı, avtomobil və dəmir yolları, su elektrik stansiyaları, su anbar­ları, məktəblər, xəstəxanalar və digər ob­yektlər tikilərək istifadəyə verilib. Bütün bunlarla bərabər, Laçın və Füzuli şəhər­lərinə, Zəngilanın Ağalı, Tərtərin Talış və Laçının Zabux kəndlərinə keçmiş məc­buri köçkünlərin qayıdışı gerçəkləşdirilib.

 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat