Gözlənilən bir cəzanın tarixçəsi

post-img

Bu, soydaşlarımıza qarşı cinayətlər törətmiş erməni cəlladlarından hələlik birincinin – Vaqif Xaçatryanın üzərində qurulmuş ədalət mühakiməsinin yekunudur

Məhkəmə dinləmələrindən, üzləşmə səhnələrindən ən çox yaddaqalan epi­zodlardan biri şahidlərdən birinin erməni cəlladı Vaqif Xaçatryanın gözlərinin içinə baxaraq “bu adam bizi maşının içində yandırmaq istəyirdi” söyləməsi oldu. Otuz iki il əvvəl erməni silahlı quldurları­nın Meşəlidə törətdiyi vəhşiliklərin canlı şahidi, kənd sakini Ziyəddin Salmanovun sözləridir. 

1991-ci ildə Şuşanın post-patrul xid­mətinin qərargah rəisi vəzifəsində ça­lışmış Azay Kərimovun Vaqif Xaçatryan barədə dedikləri: “O zaman bir nömrəli terrorçu qrupların rəhbərləri Samvel Babayan, Armais, Köçəryan, Balasan­yan və Serj Sarkisyan idi. Bu quldur dəstəsi Qarabağın müxtəlif rayonlarına, kəndlərinə daxil olub münaqişə yaradır, anti-Azərbaycan təbliğatı aparırdılar. Əmrə tabe olmayanları döyür, qadınla­ra zor tətbiq edirdilər. Bu şəxslərdən biri Vladik ləqəbi ilə tanınan Vaqif idi. Onu həbs edib Şuşa türməsinə apardıq. İki aydan sonra oradan qaçdı. Bax, Meşəli soyqırımı da bundan sonra başladı...”. 

Həmin faciəli günləri təkrar xatır­lamağa və deməli, yaşamağa məcbur olan Meşəli soyqırımından sağ çıxmış insanların, o cinayətin canlı şahidlərinin Vaqif Xaçatryanın əməllərindən danış­dıqlarına həyəcansız qulaq asmaq ol­murdu. O anlar hakimlər heyətinin və dövlət ittihamçılarının hansı hissləri ke­çirdiklərini sözlə ifadə etmək mümkün deyil. Məgər insanlıq sifətlərini itirmiş erməni silahlı quldurlarının Meşəlinin dinc sakinlərinə qarşı törətdikləri əməl­ləri sakitcə dinləmək olardımı? 

Son 200 ildə erməni millətçi-şovi­nistlərin, daşnakların yürütdüyü “an­ti-türk”, “anti-Azərbaycan” siyasətinə məruz qalmış, doğma yurdlarından qovulmuş soydaşlarımız qaçqına, məc­buri köçkünə çevrildi. İntəhası, hər baş­lanğıcın bir sonu var. Atalar demişkən, haqq nazilər, amma üzülməz. Bu gün Azərbaycan dövləti tarixi ədaləti bər­pa edir. Torpaqlarımız işğaldan azad edildi, xalqımız öz doğma yurdlarına qovuşur. Dünyanın tanıdığı beynəlxalq ədalət, böyük güclər, ermənipərəst dairələr, anti-Azərbaycan koalisiyala­rı hər nə qədər ikili standart sərgiləyib erməni vandalizminin üstünü örtməyə çalışsalar da, həqiqət on illərin altından boy atıb çıxdı. İndi haqsızlığa “ləbbey” deyənlər kimi, əlləri xalqımızın qanına bulaşmış erməni cəlladları üçün da məhşər günüdür. 

* * * 

İş üzrə təyin edilmiş kompleks am­bulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2023-cü il 13 sentyabr tarixli 2621 saylı rəyinə əsasən, Vaqif Xaçatryan hər hansı bir psixi xəstəlik­dən əziyyət çəkmir. V.Xaçatryanda, həmçinin ona ittiham olunan əməl döv­ründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xa­rakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub. Buna görə də V.Xaçatryan ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. 

Məhkəmə prosesində, həmçinin qeyd edilib ki, Vaqif Xaçatryan cinayət əməllərini törədərkən psixi-emosional sferasında qəzəb, aqressiya kimi emo­sional hallar yaranıb və bu vəziyyət onun davranışını müəyyən edib. Həmin halın yaranması Azərbaycan xalqına qarşı düşmənçilik münasibəti, kin, nifrət bəsləməsi ilə şərtlənib. Vaqif Xaçatr­yan emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətində olub. Yəni, o, ci­nayət əməllərini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziy­yətində, fizioloji affekt halında olmayıb. Azərbaycan femidası bu prosesi bey­nəlxalq hüququn norma və qaydalarına riayət etməklə, cinayətkarın günahsız­lıq prezumpsiyasını, digər hüquqlarını tam gözləməklə aparıb. 

Qanunsuz erməni silahlı birləş­mələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerke­zoviçin cinayət əməlləri üzrə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə aparılan məhkəmə istintaqı dünən başa çatdı. Qaldırılan cinayət işi üzrə V.Xaçaturyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasi­ya etmə və ya məcburi köçürmə) mad­dələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdi. Vaqif Xaçatrya­nın hüquqlarını Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edirdi. 

Prosesdə dövlət ittihamçıları – baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşavi­ri Cövdət Mehrəliyev çıxış ediblər. Pro­kuror ittiham nitqində Vaqif Xaçatryana 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edib. Erməni cəlladına istənilən cəzanın yüngüllüyü oxucunu təəccübləndirə bilər. Amma ortada bey­nəlxalq hüquqla yanaşı, Azərbaycanın milli qanunvericiliyi var. Prokuror Meşəli soyqırımını törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryana niyə ömürlük deyil, məhz 15 il cəza tələb et­məsinin səbəbini də izah etdi. 

Əslində, soyqırımı, sülh və müha­ribə əleyhinə cinayətlərə görə cəzanın ən yuxarı həddi ömürlük azadlıqdan məhrumetmə sayılır. İntəhası, Azərbay­can Respublikasının qanunvericiliyinə əsasən, hökm çıxarılanadək 65 yaşı tamam olan şəxslərə ömürlük azadlıq­dan məhrumetmə cəzasının verilməsi qadağandır. 

* * * 

Prokurorun izahına görə, V.Xaçatr­yanın bu yaş həddini keçməsi səbə­bindən ona ömürlük azadlıqdan məh­rumetmə cəzasının verilməsi mümkün deyil. Bundan başqa, hazırda Azərbay­can qanunvericiliyinə görə, 65 yaşından yuxarı şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məh­rumetmə cəzası ən yuxarı hədd sayılır. Fəqət V.Xaçatryan cinayət əməllərini otuz iki il bundan əvvəl, 1991-ci ildə törədib. Azərbaycan Respublikasının 2014-cü ilə qədər qüvvədə olan qanun­vericiliyində sülh və müharibə əleyhinə olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məh­rumetmə nəzərdə tutulub. Ölkəmizin qoşulduğu Beynəlxalq konvensiyalara əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cə­zalanmalıdır. Yəni, Vaqif Xaçatryan hazırkı qanunvericilikdə olan sanksiya həddində yox, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalan­ması hüquqi baxımdan doğrudur.

Bu səbəbdən də prokuror çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən, ittiham olunduğu maddələr üzrə ən yuxarı hədd olan 15 il azadlıqdan məh­rumetmə cəzası tələb edib.

Hazırda məhkəməsi yekunlaşan Vaqif Xaçatryanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşə­li kəndində 27 azərbaycanlını öldürüb, 21 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adı məlum olub. Onu da qeyd edək ki, o vaxt kəndin sakinlərinə 13 568 060 ma­nat, dövlətə isə 130 800 manat dəyərin­də ziyan vurulub. 

Həmin şəxslər Xocalı rayonu­nun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan Benik Astano­vic, Abramyan Xoren Melikoviç, Ava­nesyan Armen Sarkisoviç, Sarkisyan Vova Armaisovic Xaçaturyan Qariy Ni­kolayeviç, Kaçaturyan Nikolay Begla­rovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic, Abram­yan Zina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic, Ohanyan Naorik Aşotoviç, Qasparyan Qurgen Benikoviç, Gasparyan Valery Benkovic, Davidyan Albert Melikoviç, Saakyan Samvel Rafikoviç, Osipyan Asatur Baxşıyeviç, Xaçatryan Karlen Baxşıyeviç, Israelyan Eduard Begla­rovic, Avakyan Artur Vartanoviç, Sar­kisyan Surik Armaisoviç, habelə Verdi Allahverdiyan. Vilen Verdiyan, Qrişa Magişoviç, Slavik Ardemoviç, Qavru­şa Zaduroviç, Ruben, Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərdir.

* * * 

Onların hamısı Qarabağ iqtisadi rayonumuzda yaşayan, həmçinin Er­mənistandan gələn digər millətçilərlə birləşib, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı harbi birləşmələrdən ibarət ci­nayətkar birliyin fəaliyyətində yaxından iştirak ediblər.

Artıq birmənalı şəkildə deyə bilərik ki, həmin cinayət əməllərinin törədil­məsi məqsədilə Vaqif Xaçatryan və digərləri Azərbaycan və erməni millət­ləri arasında milli nifrət və düşmənçilik salmaqda itiham olunurlar. Onlar azər­baycanlıların milli layaqətinin alçaldıl­masında, etnik mənsubiyyətinə görə hüquqlarının məhdudlaşdırılmasında və bəşəri cinayətlərin törədilməsində fəal iştirak ediblər. Məhz V.Xaçatrya­nın üzvü olduğu erməni quldur dəstəsi 1988-ci ilin yayından etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam, Xocalı, Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda mütəmadi hücumlar təşkil et­miş, onları döymüş, təhqir etmiş, öl­dürməklə hədələmişlər. Bunlar erməni faşizminin heç vaxt unudulmayacaq, həm də ən yeni tarixin silinməyən sə­hifələridir. 

Yuxarıda qeyd etdiyimiz kimi, bu, hələ başlanğıcdır. On, iyirmi, otuz iki il bundan əvvəl soydaşlarımıza qarşı bəşəri cinayətlər törətmiş erməni cəl­ladlarının hamısını ədalət mühakiməsi gözləyir. İndi növbə kimindir? 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Bu məhkəmə prosesinin siyasi və mənəvi tərəfi ondan ibarətdir ki, cinayət heç vaxt cə­zasız qalmır. Törədilmiş cinayət əmələrinin üzərindən otuz il keçməsinə baxmayaraq həmin erməni cəlladları mütləq məh­kəmə qarşısında cavab verməli­dirlər. Nəticədə layiqli cəzalarını da alacaqlar. Düşünürük ki, bu baxımdan, yəni ədalətin bərqə­rar olması nöqteyi-nəzərindən bu proses olduqca vacibdir. Həmin qanlı terror hadisələri­nin başqa iştirakçıları da olub. Meşəli soyqırımının təşkilat­çıları da, icraçıları da bizə mə­lumdur. Ermənistanın keçmiş müdafiə naziri Ohanyan da o cinayətkarların arasındadır. O dövrdə Xankəndidəki 366-cı atı­cı alayın batalyon komandiri idi və Sovet ordusundan dinc azər­baycanlılara qarşı istifadə edən­lərin başında dururdu. Onun kimi insanlığa qarşı cinayət törətmiş digərləri də var. Əslin­də, bu məhkəmə prosesi onlar üçün bir siqnaldır. Yəni, Qara­bağda, işğal etdikləri rayonla­rımızda azərbaycanlılara qarşı cinayətlərdə əli olan müharibə canilərinin, erməni faşistlərinin hamısı femida qarşısına çıxa­rılacaq. Bu, təkcə onlara deyil, separatizmə və revanşizmə me­yilli qüvvələrə də görk olmalıdır. 

 

İmran BƏDİRXANLI
XQ



Siyasət