Anklavlara “sülh sazişi” aydınlıq gətirəcək

post-img

“Ermənistan tarixi” dərsliyində Qarabağ Azərbaycanın tərkibindədir

Deyəsən, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi kənar aktor-vasitəçi olmadan birbaşa dialoqda müzakirə ediləcək və tərəflər həmin sənədi Tbilisidə təsdiqləyəcəklər. Yəni, Cənubi Qafqazın ən uzunömürlü münaqişəsi başa çatacaq. Bununla da regionda maraqları kəsişən və elə bu səbəbdən, davamlı problem yaradan kənar güclərin müdaxiləsinə son qoyulacaq. İndi əsas müzakirə mövzusu sülh müqaviləsinin bu ilin sonuna qədər imzalanmasıdır.

Faktiki olaraq, həm Bakı, həm də İrəvan bunun məhz bu il baş verəcəyinə inamını ifadə edib. Düzdür, Cənubi Qafqazın gündəmini zəbt etmiş bu məsələ ətrafında dəqiqləşdirilməli, kifayət qədər mübahisə doğuran məqamlar da mövcuddur. Həmin önəmli məqamlardan biri anklavlar problemidir. Hayastan mediası Paşinyan hakimiyyətinin anklavların Azərbaycana qaytarılması ilə bağlı müzakirələr apardığını yazır. Rəsmi İrəvan hələlik həmin kəndlərin Azərbaycana hansı prinsiplə qaytarılacağı üzərində düşünüb-daşınır. 

2023-cü ilin may ayında Paşinyan parlamentdəki çıxışında anklavlar mövzusuna bu cür aydınlıq gətirməyə çalışmışdı: “Bu məsələnin siyasi və hüquqi tərəfi var. Münxen və Brüssel formatlarında siyasi danışıqlar zamanı belə bir məqam oldu. Yəni biz qarşılıqlı olaraq anklavların, yəni Ermənistan Respublikasına aid olan Başkəndin və hazırda Azərbaycanın ərazimizdəki anklavların mövcudluğunu tanıyırıqmı? Bəs Azərbaycana aid olan Ermənistan ərazisi? Bəli, biz bunu siyasi səviyyədə tanıyırıq”. 

Başqa sözlə, Hayastan baş naziri problemin həlli kimi anklavların dəyişdirilməsi variantını da yada salıb. Onu da qeyd edək ki, rəsmi İrəvan sülh sazişinin imzalanmasına əminliyini Azərbaycanla üç önəmli prinsip üzərində anlaşmanın əldə olunması ilə əsaslandırmağa çalışır. Əslində, bunu Ermənistanın mövqeyində pozitiv irəliləyiş saymaq olar. Aşağıdakı fakt bu pozitiv düşüncənin qonşu toplumun və onun önündə gedənlərinin alt şurunda oturuşmağa başlamasının əyani sübutu kimi qəbul olunmalıdır. Orta məktəblərin 7-ci sinif üçün “Ermənistan tarixi” dərsliyində Qarabağın Azərbaycanın tərkibində göstərilməsi bunun bariz təzahürüdür.

“Sülh sazişi imzalananda anklavlar məsələsinə də tam aydınlıq gətiriləcək”. Bu sözləri iki gün bundan əvvəl parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan deyib. Erməni nazirin sözlərinə görə, sülh müqaviləsi imzalananda onun müddəalarından biri sərhədin delimitasiya və demarkasiyası prosesi olacaq. Həmin məsələlərin mövcud hüquqi  əsaslara söykənərək nəzərdən keçiriləcəyini nəzərə çatdıran Sanosyan anklav, yaxud ərazi üçün hüququn şərtlərinə müraciət olunmasını vacib sayır. “Onların kəndləri bizim ərazimizdə, bizim kəndimiz də onların ərazisindədir” – deyən nazir hökumətlərarası komissiyaların bu istiqamətdə müəyyən işi gördükdən sonra bu məsələnin hərtərəfli müzakirə olunacağını və konkret qərara gəlinəcəyini vurğulayıb. Sanosyan onların, ilk növbədə, Arsvaşen məsələsini də müzakirəyə çıxarmalı olduğunu deyib. 

* * * 

Oxucularımıza xatırladaq ki, Sanosyanın Arsvaşen adlandırdığı kənd sovetlər dönəmində Azərbaycanın Gədəbəy rayonu ərazisində ermənilərin yaşadığı Başkənddir. Mediaya verdiyi açıqlamada rəsmi Bakının geri alacağı anklavlarda sərhəd-nəzarət buraxılış məntəqəsi quraşdırmaq niyyətində olduğunu bildirən nazir bu təqdirdə Ermənistanın Tavuş vilayətinin sakinlərinin digər rayonlara getməkdən ötrü Azərbaycan sərhəd məntəqəsində yoxlamaya məruz qalacaqlarını qeyd edib. Yeri gəlmişkən, nəzərdə tutulan sərhəd nəzarət-buraxılış məntəqəsinin Ermənistan–Gürcüstan beynəlxalq magistralı üzərində qoyulacağı ehtimal edilir. Ermənistan parlamentindəki müzakirələrdə bu faktı xatırladan deputatlar da anklavların Azərbaycana qaytarılacağı halda, Ermənistanın Gürcüstan və İrana yollarının Bakının tam nəzarəti altına keçəcəyindən narahatlıqlarını bildiriblər. Bir faktı da yada salaq ki, həmin kəndlər SSRİ dövründə aparılan qeyri-qanuni delimitasiya işləri zamanı Azərbaycanın əsas hissəsindən ayrılaraq Ermənistana verilib.               

Daşnakların elektron media tribunası sayılan “armenianweekly” saytında Benyamin Poqosyanın “Azerbaijan’s new shopping list” (“Azərbaycanın yeni alış-veriş siyahısı”) adlı məqaləsi dərc edilib. Həmin məqalədə diqqət çəkən məqamlardan biri məhz anklavlarla bağlıdır. Müəllif yazır ki, Nikol Paşinyan Azərbaycan ərazisini Alma-Ata Bəyannaməsinə əsasən, 86,600 kvadrat kilometr  kimi tanıyır. “Bu isə o deməkdir ki, hazırda Ermənistanın nəzarətində olan Azərbaycan anklavları (söhbət 7+1 kənddən gedir – red.) geri qaytarılmalıdır” – yazan Poqosyanın fərziyəsinə görə, ümumi sahəsi 109 kvadrat kilometr olan səkkiz kəndi Ermənistan könüllü şəkildə qaytarmasa, Azərbaycan hərbi yola əl ata bilər.

ARAYIŞ: vikipediya açıq platformasının tərtib etdiyi yeni xəritədə Qazaxın 7 kəndi anklav kimi deyil, Azərbaycanın əsas ərazisinə birləşdirilmiş formada təsvir edilib. Hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qazaxın 7 yaşayış məntəqəsi – Sofulu, Barxudarlı, Bağanis-Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Azərbaycanın Ermənistan ərazisindəki anklavları olsa da, yeni xəritədə “quru yolla” ölkəmizə birləşdirilib. 

Həmin kəndlər sərhəddə, bir-birinə yaxın məsafədə, həm də olduqca önəmli mövqedə yerləşir. 1920-ci ildə Ermənistana verilən Başkənd isə sərhəddən 8 kilometr içəridə, dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Əslində, Ermənistandan Başkəndə dağlıq ərazidən gələn yol keçilməz, kənd isə yaşayış üçün əlverişsizdir. Üstəlik, dörd tərəfdən Azərbaycan kəndləri ilə əhatə olunub. Eyni zamanda, məlumat üçün onu da qeyd edək ki, həmin 7 kənd 1990–1992-ci illərdə Ermənistan ordusu tərəfindən işğal edilib.

* * *

Müzakirələrə və mübahisələrə səbəb olacaq nüanslarla sülhə doğru irəlilədikcə Hayastanın bəzi məsələlərdə anlayış göstərməsi təqdir olunası haldır. Elə Qarabağın Azərbaycan ərazisi kimi yazıldığı həmin “Ermənistan tarixi” dərsliyi sağlam yanaşmanın, normal düşüncənin təzahürü hesab edə bilərik. Digər tərəfdən isə hüquqi nonsens ondadır ki, qonşuların mövcud konstitusiyasına əsasən, “Dağlıq Qarabağ” Ermənistana məxsusdur. İrəvanda isə hələ də “Dağlıq Qarabağ nümayəndəliyi” fəaliyyət göstərir. Bəs, bu hüquqi-siyasi yanlışlıqlar nə zaman aradan qaldırılacaq? Nə qədər ki, gözümüzün önündəki bu qeyri–reallıq dəyişməyib, iki xalq arasında barışığa nail olmaq çətin, sülh müqaviləsinin imzalanması isə müşkül olacaq.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov haqlı olaraq hesab edir ki, Ermənistanın hazırkı konstitusiyası hüquqi baxımdan sülh müqaviləsinin imzalanmasını mümkünsüz edir. Ona görə ki, Paşinyan Qarabağı Ermənistanın tərkib hissəsi sayan konstitusiyaya dəyişiklik etmək səlahiyyətinə malik deyil. “Bizim Ermənistanda danışacaq kimsə yoxdur, çünki, siyasi elita cinayət törətdiyini anlamır. Nə üçün biz Paşinyanın və ya başqasının quru sözünə inanmalıyıq? Qoy onda Şarl Mişel desin ki, Ermənistan referendum keçirməli və bu hüquqi iddiaları aradan qaldırmalıdır”– deyən T.Zülfüqarovla razılaşmamaq mümkün deyil.  

İ.HƏSƏNQALA 
XQ

 



Siyasət