“Forbes”in Ermənistan üçün iflas proqnozu

post-img

Jurnalın təhlilindən bu qənaət hasil olur ki, İrəvanın Bakının şərtlərini qəbul etməkdən başqa, çarəsi yoxdur

Azərbaycanın 2020-ci il müharibəsindəki Qələbəsindən dərhal sonra Cənubi Qafqaz regionunda birgəyaşayış planları qurulmağa başlandı. Ermənistanla Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması barədə danışıqlar bu planları daha da stimullaşdırır. Heç kəs ölkələrdən sıx əməkdaşlıq gözləmir, amma ümid var ki, onlar bir-birinə, heç olmasa, öz ərazilərindən tranzit məqsədilə istifadəyə icazə verəcəklər. Bu fikirlər nüfuzlu “Forbes” jurnalının yayımladığı məqalədəndir.

Məqalədə bildirilib ki, azərbaycanlıların Naxçıvana və Türkiyəyə çıxışa ehtiyacı var. Oraya getməyin ən asan yolu isə Ermənistan ərazisindən keçən dəmir yolunun bərpasıdır. Ermənilər üçün də Rusiyaya yeni çıxış lazımdır və onu əldə etmək üçün Azərbaycandan münasib yol yoxdur: “Düzdür, hər yerdə olduğu kimi, bu məsələdə də güclülərin hökmranlığı öz işini görür. İlk mərhələdə müzakirəyə çıxarılmış bütün kommunikasiyaların açılması əvəzinə, faktiki olaraq, yalnız bir infrastruktur layihəsi – Ermənistan ərazisindən keçməklə Naxçıvana yol alan və Zəngəzur dəhlizi kimi adlandırılmış layihə müzakirə olunur”.

Məqalədə, eyni zamanda, bildirilib ki, Zəngəzur dəhlizi məsələsində onun təhlükəsizliyə zəmanətdən və istismar şərtlərindən tutmuş, adına qədər hər şey mübahisəlidir. Azərbaycanlılar “dəhliz” sözü ilə bu yoldan istifadə baxımından müstəsna hüquq qazanmaq istəyirlər. “Forbes” regionun strateji əhəmiyyətini nəzərə alaraq, bu istəyin təhlükəli olduğu qənaətinə gəlib. Jurnalın məqaləsində hesab edilib ki, Bakının nəzəri imkanları Ermənistanı İranla sərhədə çıxışdan məhrum etməyə qadirdir. Bu isə ermənilərin xarici dünyaya iki pəncərə əvəzinə, bir pəncərəsi ilə çıxması demək olacaq. 

Maraqlıdır, jurnal nəzərə alırmı ki, Zəngəzur dəhlizi, belə demək mümkünsə, özünün klassik anlamında reallaşmasa, Ermənistanın dünyaya neçə çıxışı olacaq? Məlumdur ki, ölkənin baş naziri Nikol Paşinyanın da imzasının yer aldığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yoldakı təhlükəsizliyin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təmin ediləcəyi yazılıb. İrəvan hazırda bu müddəanı görməzdən gəlməkdə israrlıdır. Belə olan təqdirdə, məsələ Ermənistanın Rusiya ilə konfrantasiyası müstəvisinə daxil olur. O zaman birinci ikincidəki bazarları itirir. Üstəlik, “Forbes”, vaxtilə dəfələrlə israr etməsinə baxmayaraq, hazırda Bakı üçün Ermənistandan keçən marşrutun cəlbediciliyinin itdiyini diqqətə çatdırır və əvəzində ideyanın İran vasitəsilə həyata keçirilə biləcəyinin gündəmə gəldiyini vurğulayır. Bu isə o deməkdir ki, İrəvan əvvəlki kimi, yalnız İrana çıxış imkanlarını saxlayacaq, böyük miqyaslı layihədən kənarda qalacaq. Deməli, Zəngəzur dəhlizi ideyasından imtina, Ermənistanı həm Rusiya bazarlarından, həm də sözügedən dəhlizin imkanlarından istifadədən məhrum duruma gətirəcək. 

“Forbes” məqaləsində onu da bildirib ki, İran ərazisindən yolun çəkilməsi ehtimalı əvvəllər də müzakirə edilmişdi. Lakin söhbətlər ciddi qəbul edilməmişdi. Çünki bu halda, Bakının Ermənistana təzyiq üçün əsas motivlərindən biri aradan qalxırdı. Bakı öz ritorikası ilə nümayiş etdirdi ki, ona təkcə marşrut yox, ən əsası İrəvanın nəzarəti olmayan tranzit marşrutu lazımdır. Bu isə daha uzunmüddətli məqsəddir. Söhbət azərbaycanlıların Ermənistanın cənubuna köçürülməsindən gedir. Jurnal belə düşüncədədir ki, mövcud kontekstdə Bakının İrandan keçən dəhlizə razılığı, İrəvana güzəşt kimi görünür. 

Ancaq məsələ burasındadır ki, hazırda Ermənistan tranzit marşrutlarının öz ərazisindən keçməsi naminə daha çox canfəşanlıq edir. Yəni, İrəvan bu işdə maraqlıdır. N.Paşinyan məsələyə, hətta, ad da düşünüb – “Dünya kəsişməsi”. Amma Nikol istəyir ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yola nəzarəti Ermənistanın təhlükəsizlik qüvvələri həyata keçirsinlər. Beləliklə, ölkəsi həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutları üzrə ortaq nöqtəyə çevrilsin. Hadisələrin buna doğru getməyəcəyi, dəqiq desək, Zəngəzur dəhlizi ideyasının İrandan keçəcəyi təqdirdə, Ermənistanın aqibətindən, onun nələri itirəcəyindən bəhs etdiyimizdən, məsələnin üzərinə yenidən qayıtmaq istəməzdik. 

***

Qeyd edək ki, “Forbes”in analitiklərini Azərbaycanın Ermənistan ərazisindən keçən yoldan imtinasını rəsmi Moskvanın asanlıqla qəbul etməsi təəccübləndirib. Məlum olduğu kimi, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, bu məsələdə ölkəsinin maraqları baxımından heç bir fərq yoxdur. Əslində isə fərq var. Sadəcə oyun qaydalarını pozan Azərbaycan yox, Ermənistandır və bunu Rusiyanın rəsmi və siyasi dairələrində çox yaxşı anlayırlar. İndiki durumda əgər Bakı İrəvanın Naxçıvana gedən yolda təhlükəsizlik təminatı, gömrük-keçid məntəqəsi məntiqi ilə razılaşsaydı, bu, Kremlin maraqlarını heçə saymaq olardı. Çünki ortada az əvvəl barəsində danışdığımız üçtərəfli Bəyanat var. 

Bəli, Azərbaycan prinsiplərə sadiqdir. Prinsiplərdə isə başlıca məsələ Azərbaycandan Naxçıvana gedən, böyük anlamda isə ölkəmizi Türkiyə ilə birləşdirən sərfəli marşrutun olmasıdır. Ölkəmiz üçün bu marşrutun Ermənistandansa, İrandan keçməsi təhlükəsizlik nöqteyi-nəzərdən daha məqsədəuyğundur. Birincisi, İran Ermənistandan fərqli olaraq müstəqil dövlətdir, öz maraqlarını düşünür, müxtəlif xarici qüvvələrin əlində alətə çevrilmir. Deməli, onun qlobal layihə üçün risk yaratma ehtimalı yoxdur. Həm də ona görə risk yaratma ehtimalı yoxdur ki, böyük anlamda Zəngəzur dəhlizi Çinin mallarının Avropa bazarına tez və səmərəli daşınma platforması kimi Orta dəhliz ideyasının tərkib hissəsidir. Pekinin Tehranla müsbət əlaqələrinin, o cümlədən, neft sazişlərinin mövcudluğunu isə xüsusi qeyd etməyə ehtiyac yoxdur. Hər şey aydındır.

Görünür, elə bu səbəbdən, “Forbes” bir sıra məqamlar vurğulayır və bu nəticəyə gəlir ki, Ermənistan üçün heç də hər şey Paşinyanın izahındakı qədər sadə deyil. Çünki ölkənin dəmir yolları Rusiyanın dəmir yolları strukturunun tərkib hissəsidir. Hazırda Ermənistanın İranla sərhədini Rusiya sərhədçiləri qoruduqlarından, bu, Kremlə yeni nəqliyyat arteriyası üzərində nəzarət imkanı qazandıracaq. Təbii ki, üçtərəfli Bəyanat məntiqi də var. Əgər yol Arazın o biri sahilindən keçirsə, onda sxemin fəaliyyəti dayanır. Eyni zamanda, İranın hazırkı şəraitdə Rusiyanın mühüm tərəfdaşı olduğu reallığı da var. Tehranın İrəvanla daha sıx surətdə yaxınlaşacağını təsəvvürə gətirmək, hələlik, mümkün deyil.

***

Bütün bunların fonunda “Forbes” analitikləri N.Paşinyanın bu il oktyabrın 26-da Tbilisidəki çıxışı üzərində dayanıblar. Onlar çıxışı gözlənilməz adlandırıblar. Məlumdur ki, Nikol Gürcüstan paytaxtındakı nitqi zamanı böyük ekranda Ermənistanın xəritəsini nümayiş etdirib. Onun hazırladığı slayddakı dörd ox – Qara dənizə, Xəzər dənizinə, Aralıq dənizinə və Fars körfəzinə doğru yönəlib. Haqqında söz açdığımız “Dünya kəsişməsi” elə budur. Paşinyan çıxışında göstərdiyi tranzitin hansı prinsiplər əsasında həyata keçiriləcəyini də təklif edib. “Forbes” vurğulayır ki, əslində, bu nümayiş və təkliflərin səslənməsi İrəvanın məsələdəki narahatlığının təsviridir. Narahatlıq isə bundan ibarətdir ki, birincisi, Nikolun bildirdiyi kimi, “bütün infrastruktur, o cümlədən, avtomobil, dəmir, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərsin”. Yəni, o bunun baş verə bilməyəcəyi ehtimalını yaxına buraxır. İkincisi, “hər bir ölkə dövlət orqanları vasitəsilə öz ərazisində sərhəd və gömrük nəzarətini həyata keçirsin, həmçinin infrastrukturun təhlükəsizliyini, o cümlədən, malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin etsin”. Erməni baş nazir, həmçinin qeyd edib ki, “ölkələr bir-birinin infrastrukturundan bərabərlik və qarşılıqlılıq əsasında yararlansın”.

“Forbes” vurğulayır ki, Paşinyanın söylədikləri gözəl səslənir. Lakin bu, yalnız o halda işləyə bilərdi ki, Ermənistan Azərbaycan, Rusiya və Türkiyə tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilsin. Hər üç oyunçunun isə özləri üçün daha yaxşı şərait yaratmaq imkanı var və onların mövcud istiqamətdə çalışacaqları şübhə doğurmur. Dolayısı ilə, jurnal Paşinyanın təklif verəcək və onu qəbul etdirəcək potensialda olmadığını vurğulayır. Nəşr məqaləsində onu da bildirir ki, İrəvanın dörd dənizə və iki okeana eyni dərəcədə rahat çıxış əldə etmək ideyası yalnız özünə lazımdır. Erməni politoloq Sergey Melkonyanın da dediyi kimi, Naxçıvan ticarət yollarının kəsişməsi kimi kifayət qədər münasibdir, Ermənistan isə dörd sərhədindən ikisi açıq olan nəqliyyat dalanıdır.

***

“Forbes”in yazdığına görə, Paşinyanın təklifi cəlbedici olsa da, Zəngəzur dəhlizi ideyasının klassik qoyuluşuna, daha doğrusu, Ermənistan ərazisindən özünə sərfəli şərtlərlə keçməyə artıq ehtiyac duymayan Bakı, prinsip etibarilə, İrəvanla sülh müqaviləsindən imtina edə bilər. Belə bir hal yaşansa, Ermənistanda vəziyyət tamamilə acınacaqlı olacaq. Çünki ölkənin nəqliyyat kommunikasiyaları yoxdur, Qarabağ əlindən çıxıb, Rusiya ilə münasibətləri korlanıb. Üstəlik, Azərbaycanla sərhəddəki vəziyyət təhlükəli olaraq qalır. Mövcud şəraitdə İrəvanın ata biləcəyi yeganə addım, bacardığı qədər, Gürcüstan və İranla münasibətləri gücləndirmək olacaq.

“Forbes” analitiklərinin qənaətincə, Bakının İran ərazisindən keçməklə Naxçıvana yol açacağı təqdirdə, Ermənistan üçün nisbətən yaxşı addım bu olar ki, ölkə Azərbaycanla bir-birinin ərazi bütövlüyünü tanımaqla, amma  kommunikasiyaların açılmasını nəzərdə tutmayan sülh sazişi imzalasın. Belə olan halda İrəvanın Türkiyə ilə sərhədi açmaq imkanı qalacaq. Hələlik Ankaradan gələn siqnallar göstərir ki, bunun mümkünlüyü yalnız Bakı–İrəvan sülh razılaşmasından asılıdır. Digər tərəfdən, “Forbes” vurğulayır ki, Azərbaycanın 2009-cu ildə Ermənistanla Türkiyənin yaxınlaşmasına birbaşa müdaxilə etməsinə dair presedent var və prinsipcə heç nə Prezident İlham Əliyevə bunu təkrarlamağa mane olmur.

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət