Makronun Mərkəzi Asiya fəallığı və vaxtsız banlayan xoruzun aqibəti

post-img

Afrikada rüsvay olmuş Fransa titanların rəqabət platformasında necə görünür?

Fransa Afrikada itirdiyi mövqeyini konpensasiya etməyə, xarici siyasətdə uğradığı məğlubiyyəti aradan qaldırmağa çalışır. Ölkə prezidenti Emmanuel Makronun Mərkəzi Asiya turnesi təşəbbüsünə, başlıca olaraq, məhz bu baxımdan yanaşmaq mümkündür. Elə dünyanın bir çox siyasi ekspertləri də mövcud xüsusda fikir bildirərək, rəsmi Parisin düşdüyü aciz durumun trayektoriyasını cızmaqdadırlar. Onların bəziləri Makronun Rusiyadan qisas almağa cəhd göstərdiyini bildirirlər. Nəzərə alaq ki, Fransanın bir çox müstəmləkələrində baş vermiş dövlət çevrilişləri nəticəsində hakimiyyətə Rusiya yönümlü qüvvələr gəliblər. 

Əlbəttə, Yelisey sarayı Makronun əsl niyyətini pərdələmək yolunu tutur. Onun yaydığı məlumatda Fransa prezidentinin Mərkəzi Asiya respublikalarında islahatları və modernləşməni dəstəkləmək niyyəti açıqlanır. Ancaq məsələ yalnız bu deyil: “Fransa islahatlar və modernləşmə yolunda Qazaxıstan və Özbəkistanı dəstəkləməyə, beynəlxalq əlaqələrin şaxələndirilməsinə töhfə verməyə, onların müstəqilliyini və suverenliyini dəstəkləməyə, Avropa ilə əlaqələrini gücləndirməyə hazırdır”. 

Kolonial təfəkkür sahiblərinin idarə etdiyi ölkə Qazaxıstanın və Özbəkistanın müstəqilliyini dəstəkləyəcəkmiş. Üstəlik, bunu islahatlara və mödernləşməyə kömək göstərməklə edəcəkmiş. Hər halda, belə nağıl danışmaq yalnız Makron administrasiyasının ağlına gələ bilərdi. Tam aydındır ki, adını çəkdiyimiz ölkələr həm kifayət qədər moderndir, həm də yüksək inkişafları ilə seçilirlər. Məsələn, iqtisadi inkişaf tempinə baxsaq, Özbəkistan Fransanın özünü də qabaqlamaqdadır. Üstəlik, hər iki ölkə Rusiya ilə kifayət qədər ölçülü-biçili və bərabərhüquqlu münasibətlərə malikdir. Deməli, əsas məsələ Makronun onları necə təsəvvürə gətirməsidir. Fransa prezidentinin kif atmış müstəmləkəçi baxışlarına görə, həm Özbəkistan, həm də Qazaxıstan Moskvanın peykləridir və öz aləmində bu ölkələrlə əlaqələri gücləndirir ki, ümumən Mərkəzi Asiyadakı rus təsirinə zərbə vursun. 

Yelisey sarayının məlumatında, həmçinin qeyd edilib ki, Qazaxıstan və Özbəkistanı Fransaya yaxınlaşdırmaqda məqsəd enerji, mühüm xammal tədarükü, nəqliyyat infrastrukturu, səhiyyə, kənd-ərzaq və müdafiə sahələrində əməkdaşlığı dərinləşdirməkdir. Elə buna görə də səfərlər zamanı Fransa şirkətlərinin iştirakı ilə iqtisadi forumların keçirilməsi nəzərdə tutulur. 

Bu yerdə onu da vurğulayaq ki, istər Qazaxıstanın, istərsə də Özbəkistanın Rusiya ilə olduğu kimi, Fransa ilə də kifayət qədər səmərəli nəticələrə hesablanmış münasibətləri var. Ancaq məlumdur ki, hazırda Parisin gözləntisi bunun üzərindədir və əslində, gözləntinin təzahür formaları olan mesajların səslənməsi yalnız indinin söhbəti deyil. 

Yada salaq ki, Qazaxıstan və Özbəkistan liderlərinin Fransaya ötən illərdə gerçəkləşmiş səfərlərindən sonra Parisdə ölkə parlamentinin himayəsi ilə “dəyirmi masa” keçirilmişdi. Nüfuzlu diplomatların və beynəlxalq əlaqələr üzrə ekspertlərin qatıldıqları həmin toplantıda Fransanın Mərkəzi Asiyadakı rolunun artırılmasına yönələn çağırışlar səslənmişdi. Ən əsası isə aşkar təxribatçılıq xətti götürülmüş və bildirilmişdi ki, Mərkəzi Asiya ölkələri Rusiyadan uzaqlaşır, guya, öz suverenlikləri və təhlükəsizliyi üçün qorxurlar və buna görə Fransa onları qorumalıdır.

Hər halda, Fransanın “qısır” siyasi sənayesindən bundan cəfəng arqument tapmasını gözləmək olar. Aydındır ki, Makron kimi, onun polittexnoloqlarının da başı müstəmləkəçilik məntiqi ilə işləməkdədir. Çox güman, özlərini orta əsr fransız cəngavərləri kimi hiss edirlər. Guya ki, gedib kimlərisə, indiki halda Mərkəzi Asiya ölkələrini “tiran Rusiyanın” ekspansiyasından qoruyacaqlar. O boyda tarixi ənənələrə malik ölkənin təklif etdiyi çürüklüyə bax! Allah ağıl versin! 

Tutalım, Fransanın məqsədi Rusiyanı sıxışdırmaqdır. Tamam, bunu anladıq. Onsuz da ayrı-ayrı dövlətlər arasında rəqabət gedir. Ancaq bu rəqabəti aparmaq üçün tutarlı rıçaqların, əsaslı arqumentlərin mövcudluğu, zamanın və şəraitin düzgün qiymətləndirilməsi şərtdir. Görünür, Fransanın beyin mərkəzləri o qədər quruyub ki, özlərini ancaq keçmişin ritorikasında tapır, reallıqları düşünmürlər. Vəziyyət, təxminən, keçmiş SSRİ-nin kommunizmin dünya xalqlarına xoşbəxtlik gətirəcəyinə dair uydurma beynəlmiləl tezislər irəli sürərək təbliğat aparmasına oxşayır. Yox bir, Fransa Qazaxıstanı və Özbəkistanı Rusiyadan müdafiə edəcəkmiş. Görünür, Parisdə bilmirlər ki, Mərkəzi Asiya ölkələri belə nağıllara inanmayacaq qədər tədbirlidirlər. Hesab edirlər ki, Qazaxıstan və Özbəkistanın dünyadan, indiki halda Fransanın niyyətlərindən xəbərsizdirlər.

Gələk digər məsələ üzərinə. Yəni, real iş müstəvisi baxımından bir məqamı vurğulayaq. Məlumdur ki, Fransa ilk növbədə iqtisadi maraqlar güdür. Ölkə nüvə enerjisi istehsalı üzrə Avropada liderdir. Qazaxıstan isə uran hasilatı üzrə dünya liderliyinə sahibdir. Hazırda ölkə bu göstərici üzrə dünya tədarükünün 40 faizini təmin edir. 

Onu da bildirək ki, hazırda Fransa və Qazaxıstan mövcud sahədə işbirliyinə malikdirlər. Belə ki, onların müştərək müəssisəsi olan KATCO fəaliyyətdədir. Lakin Afrika bazarının itirilməsindən sonra Paris KATCO-nun ölkədə hasil edilən uranın 15 faizini emal etməsi ilə kifayətlənə bilmir. Üstəlik, Fransa Rusiyanın “Rosatom”u ilə rəqabətdədir. Çalışır ki, onu sıxışdırsın. Afrikada fransız patronajının rus patronajı ilə əvəzləndiyi hazırkı durumda isə Makronun məsələyə prinsipial yanaşmasının əlavə sübuta ehtiyacı yoxdur. Göründüyü kimi, durum geosiyasi əhəmiyyət də daşımaqdadır.

Ancaq Fransa–Rusiya rəqabətinin Cənubi Qafqaz platforması da aktivdir. Paris özünün ermənipərəst mövqeyi ilə Moskvanı bu bölgədə sıxışdırmağı hədəf seçir.  Makron administrasiyası həm iqtisadi maraqlar güdür, həm də dünya siyasətində üzləşdiyi acınacaqlı durumu, o cümlədən, özünə qarşı saymazyana münasibət trendini heçə endirməyə çalışır. Məsələyə bu baxımdan yanaşsaq və Fransanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa can atmaq əzmini nəzərə alsaq, ortaya başqa məsələ də çıxır. 

Rusiyanı bir kənara qoyaq, məlum olduğu kimi, Mərkəzi Asiya ölkələri, eyni zamanda, Türk Dövlətləri Təşkilatında təmsil olunurlar. Son zamanlar onların mövcud müstəvidəki rolu xeyli güclənib, habelə ideya və məzmun qazanıb. Və ermənipərəst mövqe tutan Makron Fransasının sözü bu təşkilatda fəal rol oynayan Azərbaycan və Türkiyə ilə düz gəlmir. Deməli, ölkənin mövcud istiqamətdə uğur qazanması həm də bu baxımdan mümkünsüzdür. 

Digər tərəfdən, yenə də Rusiyanı bir kənara qoyaraq bildirək ki, Mərkəzi Asiya regionu ABŞ və Çinin nüfuz uğrunda bir-biri ilə fəal rəqabət apardığı platformadır. Hərçənd, Moskvanı mövcud platformadan kənar tutmaq mümkünsüzdür və  bu amil sözügedən rəqabətə bir növ əlavə siyasi rəng qatmaqdadır. Hələ bölgə ilə bağlı ayrılıqda Türkiyə faktoru da var. 

Göründüyü kimi, Afrikadan əli üzülmüş Fransanın siyasətdə piyada olduğu aşkardır. Onun itirilmişlərin bərpası üçün baş vurduğu Mərkəzi Asiya siyasi titanların platformasıdır. Bu platformada ölkənin bəsit iddialarını gerçəkləşdirməsi, qətiyyən mümkün deyil. Nəzərə alsaq ki, Makron çox fəallıq göstərir, belə dəstxətt seçməsi ilə, o, obrazlı desək, Fransanın rəmzindəki xoruza oxşayır. Vaxtsız banlayan xoruzu isə kəsirlər. Ən yaxşı halda, yolub buraxırlar.

Əvəz RÜSTƏMOV
XQ

 

Siyasət