Paris Qarabağ “orbitindən” uzaqlaşdırılır

post-img

Bu, son iki ayda Bakının yeritdiyi uğurlu xarici siyasətin nəticəsidir

Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaqda maraqlı olan Fransanın Avropa İttifaqının xətti ilə reallaşdırmağa çalışdığı “planlar” baş tutmadı. Bölgəni oda bürüməklə “bir güllə ilə iki dovşanı vuracağına” ümidlənən Paris indi nəinki burnunun ovulduğu Qafqazda, “köhnə qitə”nin özündə belə ciddi qınaq obyektinə, məzəmmət ünvanına çevrilib. Ölkəsindəki erməni diasporunun təsiri altında impulsiv hərəkətlərə yol verən Fransa prezidenti Emmanuel Makron artıq Avropa İttifaqındakı dünənki tərəfdaşlarının tənqid və ittihamlarını eşitməyə məcburdur.

“Avropa İttifaqı öz tələsinə düşüb”

Fransanın Cənubi Qafqaz regionunda fəallaşmasına “stimul” verən əsas amilin bu ölkədəki erməni diasporu olduğu hamıya bəllidir. Fəqət bu gün Avropanın nəhəng və qosqoca dövlətinin başında duranlar hərdən etnik ermənilərin ölkənin milli maraqları ilə üst-üstə düşməyən tələblərinə uymasına şahidlik edirik. Hazırda Avropa İttifaqı çərçivəsində Fransanın, yaxud Almaniyanın müstəqil siyasət yürüdə bilməyəcəklərini dilə gətirən ekspertlər, politoloqlar bu zaman vurğunu məhz birinci ölkənin üzərinə yönəldirlər. 

Mövzu ilə bağlı alman politoloq Aleksandr Rarın “NEWS.am”-ın əməkdaşının suallarına verdiyi cavablar maraq doğurur. “Avropa ölkələri arasında geosiyasi xarakterli məsələlərin birgə həlli ilə bağlı müəyyən razılıq var. Hazırda Qafqazda baş verənlər isə çox ciddi geosiyasi hadisələrdir. Buna görə də Fransa Avropa İttifaqının genişləndirilmiş əməkdaşlıq sahəsi üzrə özünün müstəqil siyasətini yeridə bilməz. Çünki bu sahəyə Ermənistan və Azərbaycan da aiddir. Avropa ölkələrinin sanki özləri qurduqları tələyə düşmüş vəziyyətdədirlər. Onlar, elə bil, hər zaman saatlarını Aİ-nin aparıcı dövlətlərinin saatı ilə tutuşdurmalı olurlar. Hərçənd, bu, o qədər də asan məsələ deyil. Axı, ortada müxtəlif ölkələrin bir-birindən fərqli maraqları var” – deyən almaniyalı ekspert hesab edir ki, Ermənistanı və Azərbaycanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışan Qərb KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı–red.) və Aİİ-yə (Avrasiya İqtisadi İttifaqı –red.) qarşı işlər görür. Amma bu işlərin axırının Aİ-nin özü üçün pis nəticələnəcəyini istisna etməyən Rar Qərbin Qafqazda nüfuzunun xeyli aşağı düşdüyünü bildirir. Burada Fransanın “ayı xidməti”nin üzərindən sükutla keçən almaniyalı siyasətçi Avropanın soyuq və məntiqli düşünəcəyi təqdirdə, ona bölgədə ikinci “qaynar nöqtə” lazım olmadığını bildirir. Çünki hesab edir ki, yeni münaqişənin fəsadlarından biri də “köhnə qitə”yə kütləvi mühacir axınının üz tutması ola bilər. 

Alman dəqiqliyi və soyuqqanlılığı ilə yanaşanda, həqiqətən də, indiki durumda Aİ Rusiya və Qərb arasında Qafqazda təzə qarşıdurma nöqtəsinin, “ikinci Ukrayna”nın yaranmamasından ötrü əlindən gələn hər şeyi etməlidir.   

Qafqazda nə edəcəklərini bilməyənlər           

Brüsseldə, eləcə də vaxtaşırı müxtəlif ölkələrdə özünün sammitlərini keçirən Aİ Şurasının prezidenti Şarl Mişel Bakı və İrəvan arasında sülh danışıqlarında vasitəçi olmaqdan vaz keçməyib. Doğrudur, münaqişənin son həll mərhələsi barədə onun ikibaşlı və ermənipərəst açıqlamaları rəsmi Bakının xoşuna gəlmədi və bu, diplomatik tərzdə cənab Mişelin diqqətinə çatdırıldı. İndi Aİ özünü nüfuzlu, sözükeçən qurum kimi göstərməyə çalışır. Bununla onu demək istəyir ki, o, Rusiya və ABŞ-la yanaşı, bölgədə çətin məsələlərin həllində aparıcı rol oynamağa qadirdir. 

Əgər Avropa, doğrudan da, münaqişəyə birdəfəlik son qoymaq, kompromis tapmaq, və Cənubi Qafqazın tərəqqisinə töhfə vermək barədə düşünsəydi, Fransanın Azərbaycana qarşı açıq qərəzli və tərəfli siyasətinə qarşı çıxar, Parisin Aİ-dəki təkqütblü idarəetməsinə son qoyardı. Yoxsa, təqaüddəki fransız və alman polis və hərbçilərindən ibarət yarımülki missiyasını Ermənistanın Azərbaycanla sərhəd zolağına yerləşdirməklə, heç nəyə nail ola bilməyəcək. Nəhayət, avropalılar tərəflərə bu münaqişəni dondurmaq deyil, həll etmək niyyətində olduqlarını nümayiş etdirməlidirlər. 

Aleksandr Rar “NEWS.am”-a müsahibəsinin sonunda belə bir qənaətə gəlir ki, bu gün avropalılar Qafqazda nə edəcəkərini bilmirlər. Çünki onların vahid konsepsiyası və resursları yoxdur. ABŞ-ın özüməxsus geosiyasətinin olduğuna diqqəti yönəldən alman politoloq Vaşinqtonun başının Ukrayna cəbhəsinə möhkəm qarışdığına görə, bütün diqqətinin orda, bir də Şərqdə– Çinin üzərində cəmlədiyini deyir. Əlbəttə, məlum savaşdan kimin qalib ayrılacağını demək çətindir, amma qazanan tərəfin Çin olacağını düşünənlər də az deyil.      

Hələ 2020-ci ilin avqustunda, İkinci Qarabağ müharibəsindən bir ay əvvəl Aleksandr Rar “Valday” klubunda aparılan diskussiyalarda bildirmişdi ki, ingilislərin və fransızların yüz il bundan əvvəl çəkdikləri Yaxın Şərqin xəritəsi artıq köhnəlib və ciddi suallar doğurur. Cənubi Qafqazın da həmin siyahıda yer aldığını söyləyən alman politoloq Avropanın regiona ciddi diqqət ayırmadığını etiraf edirdi: “Qafqazlıların Avropa haqqında təsəvvürləri yanlış, Avropada isə bütövlükdə Cənubi Qafqaz, konkret olaraq Azərbaycan barədə səhv qənaətdədirlər. Yadımdadır, keçən əsrin doxsanıncı illərində biz bir-birimizə yaxınlaşırdıq. İntəhası, bir-birimizi başa düşmədik. Amma, misal üçün, çinlilər avropalıların nəbzini tutmağı bacardılar, onları anlaya bildilər və yeni layihələr təklif etdilər. Avropanın problemi düzgün konsepsiyaya malik olmamasıdır”. Aleksandr Rar bir məsələnin onu daim düşündürdüyünü bildirirdi: “Azərbaycan, Orta Asiya ölkələri və bütün postsovet məkanı Avropa İttifaqından iqtisadi əməkdaşlıq gözləyirdi. Bu isə cənub sərhədlərindəki təhlükəni nəzərə almaqla, təhlükəsizliyin arxitekturasının birgə inşası demək idi. Fəqət Avropa Qafqazla münasibətlərini “ali dəyərlər və ali əxlaq” mövqeyindən seçməklə böyük səhvə yol verdi. Qərbi Avropa hesab edir ki, insan hüquqları məsələsində, guya, bütün planetin önündə gedir və dəyərlərin liberal sisteminin yaradılması hər şeydən üstündür. Yəni, “köhnə qitə” geosiyasi cəhətdən düşünməyi yadırğadı. Bu isə böyük səhvdir”.       

Paris indi kimə möhtacdır?      

Aleksandr Rar bunları iki gün əvvəl deyib. Alman siyasətçinin üç il bundan öncə söylədikləri də bu gün öz aktuallığını saxlamaqdadır. Yəni, bölgədə reallıq dəyişib, amma Avropanın Qafqaza baxışlarında fərqli nəsə hiss olunmur. Özlüyündə ümumbəşəri dəyərlərin “qoruyucusu” missiyasına iddia edən Avropa Qafqaza və Orta Asiyaya yanaşmasında yerli və milli özəllikləri nəzərdən qaçırdı. Aydın məsələdir ki, Azərbaycan kimi, postsovet coğrafiyasındakı digər respublikalar da Avropa ilə fərqli münasibətlər qurmağı arzulayırdı. Onlar heç də “Qərb demokratiyasının şagirdləri” olmaq barədə düşünmürdülər. Fransanın dominantlıq etdiyi Avropa İttifaqı isə otuz il əvvəl tutduğu kursu dəyişməyə tələsmir. “Köhnə qitə”nin başbilənləri Qafqaz siyasətinə korrektələrin edilməsi zərurətini anlayanda çox gec ola bilər. 

Taleyin ironiyasına baxın ki, Azərbaycanla ultimativ tonda danışmağa vərdiş etmiş ermənipərəst Paris indi təbii sərvətlərini satın almaqdan ötrü Qazaxıstanın və Özbəkistanın ayağına gəlir. Yəni, özünün enerjiyə olan tələbatını ödəməkdən ötrü Fransa türkdilli respublikaların qapısını döymək məcburiyyətində qalıb. İşğalçının, separatçının yanında dayananlara, haqqı və ədaləti unudanlara tarixin verdiyi dərs bu cür olur.

Tofiq ABBASOV, 
siyasi şərhçi: 

İstər ABŞ, istərsə də Avropa İttifaqı İrəvana göstərmək istəyirlər ki, biz sizin yanınızdayıq. Yəni heç vaxt sizi tək qoymayacağıq. Əslində, həmin ABŞ-ın İrəvandakı səfirindən soruşmaq lazımdır ki, məgər Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünə təhdid var? Həm ABŞ, həm Fransa, Avropa İttifaqına daxil bəzi ölkələr, eləcə də Kanada bütün dünyaya göstərməyə çalışırlar ki, Azərbaycan “təhlükə istehsal edən məmləkətdir” və ona görə də Ermənistanı tək buraxmamalıyıq. 

Bəli, Qərbin əsas istəyi ondan ibarətdir ki, Cənubi Qafqaz yenidən alova qərq olsun. Məhz bu səbəbdən Fransa bir ucdan Hayastanı silahlandırmaqla məşğul idi. Ardınca Hindistanı da bu oyuna qoşdular. Şərqi Avropa dövlətlərindən bəziləri də İrəvanla həmrəy olduqlarını göstərir, arxalarında duracaqlarını bildirirdilər. Hərçənd Azərbaycan qonşusuna heç bir təhdid yaratmırdı. Rəsmi Bakı ən yüksək səviyyədə bəyan edib ki, bizim Ermənistan ərazisində gözümüz yoxdur. İrəvandan fərqli olaraq, Bakı qonşu dövlətin ərazisinə qarşı hər hansı iddia irəli sürmür. Həmin avropalı missionerlər hər şeyi özlərinin arzuladığı kimi qələmə verməklə, erməniləri hərbi qarşıdurmaya təhrik edirdilər. Yeni münaqişədə isə planları Azərbaycanla yanaşı, Türkiyəni, Rusiyanı və İranı da günahkar çıxarmaq idi. Fransa müşahidə missiyası adı altında özünün hərbi kontingentini bölgəyə gətirməyə can atırdı. Amma, bu, baş tutmadı. Bakı qətiyyətli və uğurlu diplomatik gedişləri ilə, Fransa başda olmaqla, Qərbin və okeanın o tayındakı ermənipərəst qüvvələrin məkrli niyyətlərini gözlərində qoydu. Buna onların “kollektiv məğlubiyyəti” də demək olar.                  

İmran BƏDİRXANLI
 XQ  

 





Siyasət