Ələt Azad İqtisadi Zonası – dünya iqtisadiyyatına açılan qapı

post-img

Prezident İlham Əliyevin “Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 31 oktyabr 2023-cü il tarixli Sərəncamı Azərbaycanın iqtisadi həyatı üçün mühüm hadisədir.  

Sənədə əsasən, “Ələt  Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt Azad İqtisadi Zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncamın əlavəsindəki yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna verilib. Dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar verilib.  

Ekspertlər hesab edirlər ki, müasir dövrdə azad iqtisadi zonalar ölkələrin xarici ticarət siyasətində önəmli yer tutur. Məhz buna görə də son illər dünya iqtisadiyyatının spesifik modeli sayılan azad iqtisadi zonaların yaradılması prosesi getdikcə sürətlənir. Azad iqtisadi zona xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Belə zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Bununla yanaşı, həmin zonalar ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafı, mühüm iqtisadi məsələlərin həlli, strateji proqram və layihələrin reallaşdırılması baxımından xüsusi önəm daşıyır. 

Yeri gəlmişkən, ilk xüsusi iqtisadi zonalar ötən əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən, hazırda planetimizin 130 ölkəsində 6 minə yaxın xüsusi iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Ekspertlərin fikrincə, azad iqtisadi zonalarda güzəştlərin tətbiqi nəticəsində mənfəət norması 30-35 faizdən artıq olur. Hətta Asiyanın azad iqtisadi zonalarında fəaliyyət göstərən transmilli şirkətlər ildə orta hesabla 40 faiz mənfəət əldə edirlər. 

Azad bazar iqtisadi münasibətlərinin formalaşdığı Azərbaycanda da bu məsələ getdikcə aktuallığını artırır. Ölkəmizdə bazar münasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində belə zonaların yaradılmasının mühüm iqtisadi əhəmiyyəti vardır. Xatırladaq ki, Azərbaycanda azad iqtisadi zonaların yaradılması ideyası və bu sahədə müəyyən təşəbbüslərin irəli sürülməsi müxtəlif illərdə gündəmə  gətirilsə də, müəyyən obyektiv səbəblər üzündən proses xeyli ləngiyib. Yalnız 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar və bununla bağlı 2018-ci ildə müvafiq qanun qəbul edildikdən sonra bu sahədə real addımların atılmasına başlanılıb. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən iqtisadi məkanın təməli qoyulub. 

Nəhayət, 2023-cü il iyunun 9-da Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi istifadəyə verilib. Azərbaycanın iqtisadi həyatı üçün son dərəcə əlamətdar hadisə sayılan bu tədbirdə Prezident İlham Əliyevin iştirakı isə ölkəmizdə iqtisadi inkişafa göstərilən dövlət qayğısının bariz nümunəsi kimi diqqət çəkir. Təsadüfi deyil ki, Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməli kimi dəyərləndirilir. 

Məlum olduğu kimi, bazar iqtisadiyyatına keçid mərhələsini uğurla başa çatdıran Azərbaycan indi sürətli inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar nəticəsində ölkəmiz hazırda regionun əlverişli investisiya məkanına çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, müstəqillik illərində ölkəmizə, təqribən, 270 milyard dollar investisiya yönəldilib ki, bunun da yarısını xarici sərmayələr təşkil edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bir qədər əvvəl mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti xarici investorların ölkəmizə inamını xeyli artırıb. Bu da onu deməyə əsas verir ki, Azərbaycan Ələt Azad İqtisadi Zonasına da kifayət xarici qədər investisiyalar cəlb edə biləcək. 

Vüsal Qasımlının sözlərinə görə, ötən müddətdə Azərbaycan investisiya mübahisələri üzrə  bir sıra beynəlxalq konvensiyalara qoşulub. Bununla da, ölkəmiz bu sahədə bir sıra öhdəliklər götürüb. Bununla yanaşı, azad ticarətlə bağlı 10-dək sazişə imza Azərbaycan son illər bütün  beynəlxalq reytinqlərdə regional liderdir. Onun fikrincə, bu, əcnəbi investorlar üçün çox yaxşı siqnaldır və onları ölkəmizə gəlməyə sövq edir. 

Ələt Azad İqtisadi Zonası ölkəmizin gələcək iqtisadi inkişafı üçün müstəsna əhəmiyyət daşıyır. Qanuna əsasən, sözügedən iqtisadi zonaya idxal edilən mallara, işlərə və xidmətlərə görə, gömrük rüsumları və vergilər ödənilməyəcək. V.Qasımlı bildirib ki, Ələt Azad İqtisadi Zonası iqtisadi məqsədlərlə yanaşı, sosial və elmi məqsədlərin də reallaşdırılmasına imkan verəcək, ölkəmizin ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bundan əlavə, investisiya axınının artması  regionlarda yeni iş yerlərinin yaradılmasına, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirəcək, ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması imkanlarını genişləndirəcək. 

Yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasında yüksək texnologiyalar cəlb etməklə idxalı əvəzləyən, ixrac yönümlü malların istehsalı təmin olunacaq. Sözügedən zonanın beynəlxalq qlobal dəyər zəncirlərinə qoşulmaq baxımından fəaliyyətləri təşkil etməyə istiqamətləndiyini bildirən V.Qasımlının dediyinə görə, sənaye inqilabları vaxtı Böyük Britaniya, daha sonra isə Çin beynəlxalq emalatxana funksiyasını yerinə yetirmişdir. Bu baxımdan, kiçik miqyasda da olsa, Ələt Azad İqtisadi Zonasının da belə bir imkanı var. Belə ki, xarici investorların Avropa, Mərkəzi Asiya, Yaxın Şərq, eləcə də İran və Rusiya bazarlarına çıxış nöqteyi-nəzərindən burada emal dəyərini artırmaq, bəzi məhsulların üzərinə əlavə dəyər gətirməklə Ələt Azad İqtisadi Zonasını beynəlxalq emalatxanaya çevirmək mümkündür. Vüsal Qasımlı hesab edir ki, iri investorlar da məhz həmin bazarlara çıxmaq baxımından Ələtdə regional səviyyəli emalatxana qura bilərlər. 

Ələt Azad iqtisad Zonası infrastruktur baxımından da çox cəlbedicidir. Vüsal Qasımlının sözlərinə görə, Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən sözügedən zonanın yaxınlığında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyət göstərir. Ərazidən avtomobil və dəmir yolları keçir. Bundan əlavə, ­Heydər Əliyev adına Beynəlxalq Aeroport məsafə baxımından çox da uzaqda deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanın nəqliyyat logistika qovşağı kimi mövqeyini bir qədər də gücləndirəcək. 

 

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat