Budəfəki qonağımız 30 ildən çox Vətəndən uzaqlarda yaşasa da, Azərbaycanı layiqincə təmsil edən, Moskva Dövlət Linqvistika Universitetinin professoru, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Tofiq Məliklidir.
Həmsöhbətimiz 15 elmi monoqrafiyanın, Azərbaycan və Türkiyə ədəbiyyatşünaslığına həsr olunmuş 200-ə yaxın elmi məqalənin müəllifidir. O, Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Yaşar Kamal, Orxan Pamuk, Fakir Baykurt, Əziz Nesin və başqa Türkiyə ədəbi mühitinin görkəmli yazarlarının əsərlərini rus və Azərbaycan dilinə tərcümə etmişdir. Əsas elmi fəaliyyəti Türkiyə filologiyasının elmi-nəzəri, fundamental nəzəriyyəsinin öyrənilməsinə həsr olunmuşdur. Şərqşünas alim iki poetik kitabın və bir neçə elmi fundamental araşdırmalara həsr olunmuş kitabların müəllifidir. Onun əsərləri bir çox xarici dillərə tərcümə edilmişdir.
- Tofiq müəllim, necə oldu ki, sovet dövründə – 1968-ci ildə namizədlik mövzusunu türk poeziyasına həsr etdiniz?
- Məşhur bir deyim var: “Hər şey ailədən başlanır”. Bu, çox qiymətli fikirdir. Uşaq ailədə nə görür, nə eşidir, inanın, bütün baş verənlər yaddaşına lent yazısı kimi həkk olur. Mənim uşaqlığım elə bir mühitdə keçib ki, Azərbaycanın fədakar və qeyrətli kişilərini evimizdə görmüşəm. Dayım elm yolunda bütün məhrumiyyətlərə dözən akademik Həmid Araslı mənim şərqşünaslığı, türkologiyanı, tərcüməçiliyi seçməyimdə misilsiz rol oynayıb. Azərbaycan ədəbiyyatşünaslığının korifeylərindən olan bu böyük alim hələ sovet rejimi zamanı cəsarətlə milli-mənəvi köklərimizə bağlı olan filologiya elminin fundamental əsaslarının gənc nəslə tədris olunmasında, “Biz kimik, hardan gəlmişik?” – sualının cavabının tarixi məxəzlərdən öyrənilməsində vətəndaş mövqeyi nümayiş etdirməklə, məni də belə bir düşündürücü elm sahəsinə hazırlayıb.
- Bəs, o zamankı sərt rejimdən qorxmurdunuz?
- Bilirdim ki, böyük bir yola çıxmışam. Nəinki çətinliklər olar, hətta gözlənilməz hadisələr də baş verə bilərdi. Yəni mən hər şeyi gözümə almışdım. Amma milli ruhda düşünən, humanist türkoloqların əhatəsində olduğuma görə qorxmurdum. Bir həqiqəti bilməyinizi istərdim: insanın qarşısına qoyduğu son məqsədə çatmağı üçün onun cəsarəti misilsiz rol oynayır. Qalibiyyət elə bir hissdir ki, onun mayası, nüvə mərkəzi cəsarətdir. Mən qəti olaraq belə bir qərara gəldim ki, qorxu hissini özümdən kənarlaşdırmalıyam. Həqiqəti deyirəm, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışan azman alimlərin böyüklüyü onda idi ki, onlar son dərəcə qətiyyətli, qorxmaz elm fədailəri idi. Bu mühit məni elə yetişdirib formalaşdırdı ki, türk sözünü yazmaqdan və deməkdən qətiyyən çəkinmədim.
Ədəbiyyat mənəviyyatdır. Ədəbiyyat keçmişimizi və gələcəyimizi birləşdirən varlıqdır, ünsiyyətdir. Bu baxımdan ədəbi bağlar, baxışlar vasitəsilə bir-birimizin ədəbiyyatımızı öyrənib, təbliğ etməliydik. Mənim 60-cı illər türk poeziyasına müraciət etməyim sovet ideologiyasına görə avantürist hərəkət idi. Rəhmətlik elmi rəhbərim, professor Əkbər Babayev məni bu mövzunu yazmaqdan uzaqlaşdırmağa çalışırdı. O deyirdi ki, hətta sən yazsan belə, bu işi qəbul etməyəcəklər. Amma inadkarlıq, qətiyyət öz işini gördü. İki ilə dissertasiyanı tamamladım, müdafiə etdim və 26 yaşımda elmlər namizədi elmi dərəcəsini aldım. Çox hadisələr baş verdi. Amma türk sözünün yazıldığı elmi işimlə öyünürdüm. SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu tarixində bu, ilk cəsarətli elmi müdafiə idi. 25 il mən bu akademiyada çalışmışam. Orada Rüstəm Əliyev, Qəzənfər Əliyev – “Şahnamə”ni rus dilinə tərcümə edən böyük alim, tarixçi Saleh Əliyev və ən gənc alim olan mən Azərbaycanın varlığını yaşadırdıq, sözümüzü deyirdik. Bu gün biz 400 milyonluq türk dünyasının üzvüyük. İmperiyalar yaratmış xalqın nümayəndəsiyik. Bunları bildikdən sonra xalqına, dövlətinə, dilinə münasibət başqa cür olur, qürur hissi ilə yaşayırsan. Uzun illər SSRİ-nin Türkologiya Komitəsində sədr müavini işləmişəm və həmişə də çalışmışam ki, türkün tarixini bütün əzəməti ilə türkdilli xalqlara çatdıra bilim. “Kitabi-Dədə Qorqud”un türk abidəsi kimi əvəzsiz bir mənbə olduğunu harada çalışmağımdan asılı olmayaraq, təbliğ etməyə çalışmışam.
- Çünki “Kitabi-Dədə Qorqud” bütün Türk dünyasının ortaq abidəsidir.
- Əlbəttə, bu abidədə bütün türk xalqları özünün keçmişini görə bilər. Mahmud Kaşğarinin “Divani Lüğətit–türk” əsəri Xalid Səid Xocayev tərəfindən tərcümə olunmuş, lakin repressiya illərində yoxa çıxmışdır. Bu o Xalid Səid Xocayevdir ki, böyük klassikimiz Hüseyn Cavidlə eyni gündə gecə saatlarında həbs olunub. Cavid sürgün edilib, o isə güllələnib. Ötən il bu əsərin əlyazmalarının Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun arxivindən tapılması bütün türkoloqları sevindirib.
- Siz uzun illər Moskva Dövlət Linqvistika Universitetində dərs demisiniz. Eləcə də universitetdə “Türk dili və Mədəniyyəti Mərkəzi”ni açmısınız. Doğrudan da, qarşınıza qoyduğunuz məqsədə doğru irəliləmisiniz. Siz həm də Rusiyada yaşayan azərbaycanlıların birliyi naminə “Ocaq” Cəmiyyəti yaratmısınız. Bu cəmiyyət nə iş görə bildi?
- Bayaqdan türk birliyi naminə həyata keçirmək istədiyim işlərdən danışıram. Həm də kövrəlirəm. Çünki mən uzun illər türk sözünə həsrət qalmış insanları bir yerdə görmək istəmişəm. Mənim üçün dünyanın bütün ağrıları, arzuları, kədərləri türkçülükdən başlanıb. Çünki türkün bir ayağı Altaylarda, Yenisey sahillərində, bir ayağı da Qara dənizdə, Xəzərboyu sahillərdə, Zəngəzurda, Qarabağdadır. Türk ayağa qalxanda, bir olanda əzəmətli olur. Mən bütün ömrüm boyu türk xalqlarının birliyini düşünmüşəm və bu yolda qarşıma çıxan tikanlı məftillərin “qanlı boyasından” qorxmamışam. Elə buna görə də 1988-ci ildə bütün SSRİ məkanı çalxalananda “Ocaq” cəmiyyətini yaratdım. 30 il “Ocaq” Rusiyada azərbaycanlıların isti evi, ata ocağı oldu. 1990-cı ildə məhz bizim cəmiyyətin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gəlib, bəyan etdi ki, xalqımız öz istiqlalı, azadlığı uğrunda mübarizəyə qalxıb. Heydər Əliyev bu çıxışı ilə bütün dünyaya icmarıc verdi ki, Azərbaycan kimsəsiz deyil, o, xalqının arxasındadır. Bu, böyük tarixdir. Biz bu tarixdən dərs almalıyıq. “Ocaq” cəmiyyəti 30 il ərzində Azərbaycanın ictimai, mədəni və siyasi tarixində baş verən hadisələri işıqlandıranda, təbliğ edəndə böyük türk əqidəsinə, Azərbaycan sevgisinə sadiq qaldı. Bəli, “Ocaq” 30 il ərzində Azərbaycan xalqının birliyinin Ocağına çevrildi. Mən uzun müddət Moskva hökuməti nəzdində millətlərarası Qurumun nümayəndəsi olmuşam və onlarla da sıx əlaqələrim olub. Çalışmışam ki, diaspor fəaliyyətini gücləndirim. Mədəni əlaqələr, mədəniyyət sərhəd tanımır.
Bir məlumatı da verim ki, bir neçə gün öncə “Ocaq” cəmiyyətinin fəaliyyətinin davamı olaraq, “Vətən” jurnalı işıq üzü görüb. Bu dərgi Rusiyada yaşayan azərbaycanlıların mənəvi tələbatını ödəyən, milli birliyimizin qüvvətlənməsinə xidmət edən mənəvi “Ocağ”ımızda yanan şamın işığıdır.
-Maraqlı müsahibə üçün çox sağ olun.
Kəmalə ABDİNOVA
XQ
(Müsahibəyə bütövlükdə “YouTube”də baxmaq olar)