Nur şəhərinin sönməyən ulduzu

post-img

İsa Alimovun əziz xatirəsinə

Teatr hər zaman incəsənətə istedadların şöləsində böyük sənət fədailərini  bəxş  edib. Onlar da gecəni gündüzə qataraq, sənət naminə əllərindən gələni ediblər. Belə sənətkarlardan  biri  də  Mingəçevir  Dövlət Dram  Teatrının  qocaman  səhnə  ustası, mərhum  İsa Heydər  oğlu  Alimovdur. 

İsa  Heydər  oğlu  Alimov  1942-ci  il  iyul  ayının  1-də  Şəkidə  anadan olub. Orta  təhsilini  Şəkidə  bitirdikdən  sonra  Mirzağa  Əliyev adına  Azərbaycan  Dövlət  İncəsənət  İnstitutunun  “Mədəni-maarif”  fakültəsinin  qiyabi  şöbəsinə  daxil  olub  və oranı   fərqlənmə diplimu ilə bitirib. Bir  müddət  Şəki  Dövlət  Dram  Teatrında  aktyor  kimi  fəaliyyət  göstərib.   

1968-ci  ildə Mingəçevir mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Xalq teatrının bazasında Mingəçevir Dövlət Dram Teatrı yaradılıb və 1969-cu ilin martında –  “Beynəlxalq Teatr Günü” ərəfəsində teatr  öz  pərdələrini Cəfər  Cabbarlının “Almaz” pyesinin ilk tamaşası ilə açıb. Məhz həmin ildə İsa Alimov Şəki Dövlət Dram Teatrından Mingəçevir Dövlət Dram Teatrına gəlib və ömrünün sonuna kimi bu teatrda aktyor, eləçə də rejissor kimi fəaliyyət göstərib.    

C.Cabbarlının “Almaz” dramında Şərif, “Solğun çiçəklər”də Bəhram, N.Qoqolun  “Müfətiş”ində Xlestakov, G.Figeyredonun “Tülkü və üzüm”ündə Ksanf, S.S.Axundovun “Eşq və intiqam”ında Çingiz, 
S.Vurğunun “Vaqif”ində Qacar obrazları bir aktyor kimi İsa Alimovun Mingəçevir Dövlət Dram Teatrının səhnəsində yaratdığı ­orijinal səpkili obrazlar silsiləsinə daxildir. Onun oynadığı rollar   həmişə tamaşaçıları düşündürüb və alqışlarla qarşılanıb.

Mingəçevir  Dövlət  Dram  Teatrının  qocaman  səhnə  ustası, Xalq artisti Ella  Yaqubova  sənət  dostu  haqqında  xatirələrini  danışararaq deyib: “Mən onunla 50 il çiyin-çiyinə işləmişəm. İsa müəllim çox mehriban, sakit, sənətini sevən, kollektivdə xüsusi hörməti olan bir şəxsiyyət olub. Teatrımızda fəaliyyət göstərən gənc aktyorların yetişdirilməsində İsa Alimovun xidmətləri böyükdür. O, hər  zaman gənclərin  teatr  studiyasına  cəlb  olunması  üçün  böyük  səy  göstərib. Gələcək aktyorlara səhnə texnikasından, hərəkətindən və ümumiyyətlə teatr sənətindən dərslərin keçirilməsində əməyi böyük olub. İsa Alimov hər zaman sadiq dost, səmimi yoldaş, istedadlı tərəf-müqabil kimi xatirələrdə  yaşayacaq”.

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində İsa Alimov 15-ə yaxın əsərə  rejissor kimi səhnə həyatı bəxş edib. Onun rejissor traktofkasında hər zaman əsərin bədii ideyası tam formada öz dolğunluğu ilə diqqət mərkəzində olub.  

Yazıçı-dramaturq Firuz Mustafanın eyniadlı əsəri əsasında Mingəçevir  Dövlət  Dram  Teatrının  səhnəsində  hazırlanan  “Vida  marşı” 2 hissəli  komediyası  “Milli Teatr Festivalı – 2010” layihəsi çərçivəsində məhz  İsa  Alimovun  quruluşunda  böyük uğurla nümayiş olunub. Rejissor İsa Alimov bu  quruluşunda müəllif ideyasına uyğun olaraq valideyn və övlad münasibətlərini, övladların doğma atalarına laqeyid baxışlarını ön plana çəkib. Rejissor  öz  traktofkasında  xəstə  atanın  qeydinə  qalmaq  əvəzinə,  mirasına sahib  çıxmaq  üçün  onun  ölümünü  gözləyən  tamahkar  övladların  xislətini  acıb göstərməklə,  onların  ifşa  olunmasını  böyük  ustalıqla  təqdim  edə  bilib.

Firuz Mustafanın “Dəhliz”, Q.Aslanovun “İfritə”, Rober Tomanın “Tələ” və başqa əsərləri bir rejissor olaraq İsa Alimovun quruluşlarında Mingəçevir Dövlət Dram Teatrının repertuar zənginliyini təmin edib.    

İsa  Alimov  ötən  XX  əsrin  90-cı illərində  bir  müddət  teatrın direktoru     vəzifəsində çalışıb, təşkilatçılıq bacarığını göstərə bilib. O, Azərabaycan Teatr Xadimləri  İttifaqının  üzvü  kimi də fəal olub.    

Alimov  eləçə də  mənfur  düşmənlərimiz  olan  ermənilərin Azərbaycana qarşı yürütdüyü haqsızlığa da laqeyd qala bilməyib. O, Birinci Qarabağ  müharibəsinin baş  leytenant  rütbəli veteranı idi.   

Bir neçə il əvvəl dünyasını dəyişmiş sənət fədaisi, səmimi  dost, alicənab  insan  olan  İsa  Alimov  teatr ictimaiyyətinin və eləçə də tamaşaçılarının qəlbində əbədi yaşayaçaq.

Anar  Ərtoğrul Burcəliyev,
teatrşünas-tənqidçi

 

Mədəniyyət