Dünyaca məşhur superulduz Riki Martin ilk dəfə Bakıda solo konsert proqramı ilə çıxış edib.
Fərəhli haldır ki, dənizkənarı “Sea Breeze”də reallaşan gecədə diqqəti ilk olaraq cəlb edən cəhət sənətçinin tamaşaçıları Azərbaycan dilində salamlaması olub. Rikinin “Salam, necəsiniz?” – deyə auditoriyaya müraciət etməsi gurultulu alqışlara səbəb olub. Sonra o, çıxışına ingilis dilində davam edib: “Çox sağ olun. Burada olmaqdan çox məmnunam. Düşünürəm ki, sizin enerjiniz sayəsində gözəl bir axşam olacaq. Bu gecə mənim hekayət gecəmdir. Musiqi vasitəsilə hekayətim təqdim olunacaq. Yüksəlişlərim və enmələrim, enerjim, sevincli-kədərli anlarım... Bu axşam hər şey burada – Bakıda olacaq. Mən yaxşı vaxt keçirmək üçün buradayam. Bakı, yaxşı vaxt keçirməyə hazırsınız? Sizdən dönə-dönə soruşacağam”.
Gecədə hitlərini və sevimli mahnılarını oxuyan Latın Amerikası musiqisinin dünyaca tanınmış ulduzu qonaqlara inanılmaz anlar yaşadıb. Sonda isə Riki Martin pərəstişkarlarına yenə də bizim ana dilimizdə “Çox sağ olun” – deyib.
Konsert böyük izdihamla keçib. Onu izləyənlər “Sea Breeze”ni zəngin təəssüratla tərk ediblər. Tamaşaçılar deyiblər: “Adı musiqi dünyasının simvoluna çevrilən əfsanəvi müğənni və aktyor Bakıda ilk dəfə olaraq möhtəşəm ifası ilə pərəstişkarlarını xeyli sevindirdi”. “Riki Martinin konsertləri dünyanın 60-dan çox ölkəsində baş tutub və indi o, Bakı ictimaiyyətinin qəlbini fəth etdi”. Tədbir yüksək xidmət standartları və mükəmməl infrastrukturu ilə tanınan Sea Breeze Resort-un ərazisində keçirildi. Unudulmaz bir atmosfer vardı”.
XQ