Tanınmış jurnalist və elmi işçi, “Elm və həyat” jurnalının redaktor müavini olmuş Ülkər Hüseynovanın “Vətənə xidmətin alimlik etalonu” kitabı qarşımızdadır. Topluda onun 60 illik ömür-gün dostu olmuş görkəmli alim və mətbuat tədqiqatçısı, “Şərəf” ordenli Əməkdar jurnalist Şirməmməd Hüseynovun vəfatından sonra mediada haqqında çap edilmiş məqalələr, mərhumla bağlı həzin xatirələr və özünün müəyyən yazıları yer alıb.
Kitaba baxıram və yadıma uzaq tələbəlik dövrüm düşür, gözlərim önündə universitetin jurnalistika fakültəsində son dərəcə cəsarətli, cəlbedici, azca duyulan şirin ləhcəli mühazirələri ilə könüllərimizi fəth edən Şirməmməd müəllimin obrazı canlanır. Onda 70-ci illərin sonu – 80-ci illərin əvvəlləri, kommunist rejiminin tüğyan etdiyi vaxtlar idi və heç də hər müəllim nələrəsə münasibətini onun kimi açıq söyləyə bilməzdi. Elə buna görə də hamımız Şirməmməd müəllimi daha çox sevir, hər sözünü, kəlməsini eşidib yadda saxlamağı qənimət bilirdik. Onun mətbuat tariximizlə bağlı araşdırıb təqdim etdiyi faktlardan indi də bəhrələnir, milli mənlik şüurumuzu oyadan fikirlərinə indi də istinad edirik. Yüzlərlə jurnalistin ustadı olmuş Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Rəsulzadə irsinin öyrənilib təbliğ edilməsinin cığıraçanlarından idi və bununla qürur duyurdu. Müəllifi olduğu “Milli haqq və ədalət axtarışında”, “Mənəvi irsimiz və gerçəklik”, eləcə də başqa kitablarının təkcə adları onun alim və ziyalı kimi hansı məfkurənin sahibi olduğunu göstərir.
Sözügedən nəşrdə elmi jurnalistikamızın cəfakeşi sayılan Ülkər xanım Hüseynovanın qələminin məhsulu olan yazılar, Şirməmməd Hüseynovun vəfatından sonra onun adına təsis edilmiş illik media mükafatı və laureatları barədə materiallar da təqdim olunur. Bu mükafata layiq görülən ünlü şəxsiyyətlər – diplomat, diaspor fəalı, araşdırmaçı Ramiz Abutalıbov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, alim-diplomat Vilayət Quliyev və AXC qurucularından olmuş Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, görkəmli rəssam Rais Rəsulzadə haqqında maraqlı bilgilər verilir.
Əməkdar jurnalist Əflatun Amaşovun “Azərbaycana xidmətin alimlik etalonu” məqaləsində jurnalistikamızın patriarxı Şirməmməd Hüseynovun çağdaş tariximiz naminə fədakar əməyi mənəvi dünyamızın, varlığımızın gələcək nəsillərə miras qalan misilsiz irs kimi dəyərləndirilir. Uzun illər onunla birlikdə çalışmış BDU-nun mərhum professoru Nəsir Əhmədlinin “Jurnalistikanın halallıq ənənəsi” xatirəsi, Fazil Mustafanın dəyərləndirməsi, Şirməmməd müəllimlə müsahibələrin mətnləri, ona həsr olunmuş “Cümhuriyyət adamı” (Nadir Yalçın), “İstiqlalın işığında” (Məsaim Abdullayev) kitabları haqqında qeydlər, Ramiz Orsərin “Mətbuatımızın və jurnalistikamızın Şirməmməd Hüseynov məktəbi” portret oçerki, yubiley məclislərində söylənilənlər, həmçinin vida sözləri, tədqiqatları haqqında yazılar ilk baxışdan diqqət çəkir. “Xalq qəzeti”, “Azərbaycan”, “Respublika”, “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, “Mədəniyyət” və digər nəşrlərdə işıq üzü görmüş dəyərli materiallar kitabda bir yerə toplanıb.
Ülkər Hüseynovanın təqdimatında Şirməmməd müəllimin arxivindən tapılmış “Nə etməliyik” adlı yazının müəllifi, repressiya qurbanı Ömər Faiq Nemanzadənin mübarizəsi, düşüncələri izahlarda geniş əksini tapıb. Eləcə də Şirməmməd Hüseynovun müxtəlif illərdə mətbuatda və çap olunmuş kitablarda getmiş xatirə yazılarına qayıdış da təqdirəlayiqdir. Burada dahi Üzeyir Hacıbəyli, Hacıbala bəy Nağıbəyov, Şıxəli Qurbanov, Nurəddin Rzayev kimi şəxsiyətlər bir daha yad edilir.
Kitabda Ülkər xanımın da özəl məqalələri yer alıb və bunlar onun unudulmaz ömür-gün dostu ilə qoşa qanad kimi layiqli bir cütlük təşkil etdiyinin bilavasitə göstəricisidir. “Uzaq keçmişi öyrənən elm”, “Lütfi Zadə fenomeni”, “Zümrüdü rəngin sehri”, “Elm və həyat”, “50 ildə”, “İşıq”ın baş redaktoru Xədicə xanım haqqında və digər nümunələr belə deməyə imkan verir.
“Vətənə xidmətin alimlik etalonu”nda professor Qulu Məhərrəmlinin, Məmməd Əfşanın, Zərxanım Əhmədlinin, Qiymət Məhərrəmlinin, Vüqar Əhmədin Şirməmməd müəllimdən bəhs edən essevari yazıları da maraqla oxunur. Kitabda, həmçinin “Tərcümələr”, “Haqqımızda yazılanlar” kimi başlıqlarda bir sıra maraqlı yazılar toplanıb.
İnanırıq ki, Ülkər Hüseynovanın “Vətənə xidmətin alimlik etalonu” kitabı həssas oxucu diqqətindən kənarda qalmayacaq.
Ə.DOSTƏLİ
XQ