“Dadlı-ləzzətli” turizm

post-img

Son illər dünya turizm bazarında əhəmiyyətli dərəcədə populyarlıq qazanmış sahələrdən biri də qastronomiyadır. Səyyahlar bunu çox vaxt kulinariya və ya mətbəx turizmi də adlandırırlar. Bu sahə bir növ imkan verir ki, xarici ziyarətçilər getdikləri ölkənin kulinariya irsini yaxından tanısınlar. 

Qastronomiya turizmi unikal qida tədarükü vasitəsilə destinasiyanın bu irsini araşdırmaq və ölkənin qida mədəniyyətinə yaxından bələd olmaq üçün ən yaxşı üsuldur. Qeyd edilən sektor mətbəxlər dünyası üçün optimal qiymətləndirməni təşviq edən səyahət növüdür. Araşdırma zamanı məlum olur ki, zəngin kulinariya potensialına malik ölkəmizdə bu sahənin inkişaf yönləri bir o qədər ürəkaçan deyil. Azərbaycana üz tutan hər bir əcnəbi milli mətbəximizin qida və inqridiyentlərini  tanımaqla yanaşı, onların mədəni və tarixi əhəmiyyəti barədə bilgi əldə edə bilər.  

Bəs, ölkəmizin sözügedən sahədə turizm strategiyası necə qurulub? Turizmin inkişafına cavabdeh qurum olan Dövlət Turizm Agentliyi (DTA) hazırda bu istiqamətdə hansı layihələr icra edir?

DTA-nın açıqladığı məlumatlarda qeyd edilir ki, qastronomiya turizmi qurumun fəaliyyət istiqamətləri arasında xüsusi yer tutur. Agentliyin fəaliyyəti yalnız ­qastronomik turların təşkili və ya milli mətbəximizin tanıdılmasını ehtiva etmir. Eyni zamanda, regionlarda unudulmuş qədim dadları üzə çıxarmaq, biomüxtəlifliyi qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq da qastroturizmin inkişaf sxeminə daxildir. Həmçinin xarici ölkələrdə də bu sahənin tanıdılması, təbliği və təşviqi istiqamətində gərəkli təqdimatlar edilir.  

Əlbəttə, qastroturizmin dirçəlməsi üçün bütün bunlar kifayət deyil, digər zəruri addımlar da atılmalıdır. Ekspertlər hesab edirlər ki, aidiyyəti qurumlar və turizm sektorunda çalışan təşkilatlar tərəfindən müəyyən işlər görülsə də, qastronomiyanın daha dinamik səviyyəyə qaldırılması üçün silsilə tədbirlərə ehtiyac var.

Turizm üzrə ekspert Ruslan Quliyev bildirdi ki, Azərbaycanda mətbəx turizminin inkişaf etdirilməsi üçün daha böyük potensial mövcuddur. Ekspertin sözlərinə görə, təşkil olunan istənilən tematik turlarda qastronomiya turizmi təxminən 35 faiz təşkil edir.

– Nəzərə alaq ki, Azərbaycanın bölgələrində müxtəlif mətbəx çeşidləri var, bu da dünyada nadir amillərdəndir. İstənilən mötəbər tədbirdə turistlərin fikrini öyrəndikdə, ilk təəssüratları mətbəxlə bağlı olur. Mətbəx turizmində təqdimat mədəniyyətinin inkişaf etdirilməsinə ehtiyac var. Məsələn, Türkiyə və Avropa mətbəxinə baxdıqda, qidanın masaya gətirilməsi ənənəsi nümunə kimi götürülə bilər. Bu, çox vacib amillərdəndir. Son vaxtlar dünyada bu sahədə inanılmaz sintezlər və kombinasiyalar həyata keçirilir. Turizmin bu növünün inkişafı ilə bağlı Dövlət Turizm Agentliyi və digər QHT-lər ara-sıra müxtəlif layihələr reallaşdırırlar. Düşünürəm ki, mətbəx festivallarının sayı artırılmalıdır. Regionlarımızın milli mətbəx göstəriciləri sistemli şəkildə tanıdılmalıdır. Festivallarda tanıdılan mətbəx nümunələrinin qarşısına hər şəhərin adı yazılmalıdır. Bütün milli dəyərlərimizin tanıtımı milli geyimlər, folklor təqdimatları ilə dolğunlaşdırılmalıdır. Bu gün təşkil olunan turlarda məhz mətbəx mədəniyyətinin zənginliyinin tanıdılmasına böyük ehtiyac var.

Turizm üzrə digər ekspert – Ceyhun Aşurov isə bildirdi ki, qastronomiya turizmi dünya üzrə trend olan sahələrdən biridir.

– Səyahətçilər bəzi ölkələrə həm də orada çox dadlı yeyəcək-içəcəklərin olduğu üçün səfərlər edirlər. Turizmin bu növü bəzi ölkələr üçün cəlbedici faktorlardan biri kimi qəbul olunur. Azərbaycan mətbəxində kifayət qədər dadlı təamlar olduğu üçün qastroturizmi daha da inkişaf etdirmək olar. Biz bölgələrimizin mətbəxini tanıtmaqla, ölkəmizin cəlbediciliyini daha da artıra bilərik. Regionlarda qastronomiya ilə bağlı silsilə festivallar, konfranslar, seminarlar vasitəsilə təbliğatı ən yaxşı şəkildə apara bilərik. Regionlara aid unikal yeməklərin ölkə miqyasında hazırda tanıdılma prosesi gedir. Ancaq bu işi daha geniş arealda – xarici ölkələrdə  də etmək lazımdır. Beynəlxalq analoji tədbirlərdə   təbliğatımızı gücləndirməliyik.    

Kulinariya ekspertləri də sözügedən sektorda inkişafa nail olmaq üçün  bir sıra zəruri addımların atılmasını qeyd edirlər. Məsələn, Doğan Tomris vurğuladı ki, Azərbaycan mətbəxinin daha geniş auditoriyaya çatdırılması üçün bu sahədə dəyərlərin müəyyən edilməsi, yenilənməsi və qorunması işi vacib elementdir.

– Qastronomik dəyərlərin zamanla itməməsi üçün yerli mətbəxi dəstəkləyən, turistləri cəlb edən layihələr həyata keçirilməlidir. Qida məhsullarının dadını bütün dünyaya duyurmaqdan ötrü ənənəvi restoranlarda unudulmaq üzrə olan yeməklər xatırladılmalıdır. Düşünürəm ki, Bakıda qastroturizm festivalının keçirilməsi məqsədəuyğun olardı. Buna uyğun olaraq “Qastronomiya turizm bələdçisi” hazırlanmalıdır. Gələn turistlər üçün qastronomiya marşrutunun yaradılması sektora canlılıq gətirə bilər. Dadlı və layiqli yeməklər təqdim edən yerlərin sayının artırılması diqqətdə saxlanılmalıdır.  

Ceyhun ALIŞLI
XQ

 







Mədəniyyət