Azərbaycanda çimərlik mövsümü başlayandan bəri qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə boğulub həyatını itirənlər çox olub. Rəsmi qurumların yaydığı məlumata görə, boğulmalara səbəb həm də əksər hallarda insanların nəzarətsiz ərazilərdə suya girmələridir. Yalnız iyulun son 9 günündə 4 nəfər Xəzərdə batıb, 3 nəfər isə batma təhlükəsi ilə üzləşib və xilas edilib.
Mütəxəssislər Xəzər dənizində boğulmaların səbəbini, əsasən, küləkli hava, onun Xəzərdə yaratdığı sualtı burulğanlar, küləyin suyun altına yığdığı yad cisimlər, bəzi şəxslərin suda bəhsə girib daha uzaq məsafəyə üzməyə çalışması, alkoqollu içki qəbulundan sonra suya girmək və valideynlərin uşaqlarını çox qısa müddətə olsa belə diqqətsiz qoyması ilə əlaqələndirirlər.
İqlimlə əlaqədar olaraq, Xəzərdə ilin 250 günü küləkli hava müşahidə olunur. Nəticədə dənizdə uçqun, yarğan və burulğanlar əmələ gəlir. Yaxşı xatırlayıram ki, 2000-ci ildə Bakıda baş verən zəlzələdən sonrakı illərdə dənizdə boğulmalar daha çox olurdu. Suyun dibində təpəciklər, çuxurlar yaranmışdı.
Ekspertlərin fikrincə, dənizə gedərkən hava şəraiti mütləq nəzərə alınmalıdır. Əlverişsiz hava şəraitində, küləyin sürəti saniyədə 10–12 metri, dalğaların hündürlüyü isə 1–1,5 metri ötərsə, çimərliyə getmək olmaz. Dünyada suda boğulma hallarının statistikasına görə, faktların 70 faizi məhz əlverişsiz hava şəraitində baş verib. Suda boğulmanın digər səbəbləri kimi sualtı yad cisimlərin insanları zədələməsini, sualtı yarğanları, çuxurları, burulğanları, axınları, qəfləti dərinlik, panika və müxtəlif xəstəlikləri göstərmək olar.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən bildiriblər ki, təhlükə ilə bağlı edilən bütün xəbərdarlıqlara baxmayaraq, insanlar yenə də küləkli havalarda suya girirlər. Yaxşı üzə bilən şəxslərin “bacarıramsa, deməli istədiyim yerə qədər üzə bilərəm” – deyib məsafəni hesablamaması da boğulmalara səbəbdir. Lakin adamlar sağlamlıq, insan bədənin suda verdiyi reaksiyalar, qıcolma ehtimalı kimi müxtəlif amilləri mütləq nəzərə almalıdırlar.
Mütəxəssislərin fikrincə, şimal küləyi əsərkən, dalğa hansı sürətlə sahilə gəlirsə, əks istiqamətdə suyun altı ilə əks olunması nəticəsində burulğanlar yaranır və həmin ərazidə suda olan şəxs boğulma təhlükəsi ilə üz-üzə qalır. Burulğanın şəklinə baxsaq görərik ki, o, bir qədər mailidir. Yəni burulğanın dibi ilə üzünü müqayisə etsək o ya sağa, ya da sola doğru meyillənir. Buna görə də burulğana düşərkən suya tabe olub onun dibinə getmək torpağa təmas edərək yenidən yuxarı qalxmaq lazımdır. Bu halda insanın xilas olma ehtimalı yüksək olur. Burada əsas məsələ panikaya düşməməkdir. Sularda xilasetmə əməliyyatı saniyələr tələb edir. Ona görə də kiminsə batdığını, boğulduğunu görərkən də panikaya düşmək olmaz. Xilasetmə xidmətinə boğulan şəxs barədə nə qədər tez məlumat verilsə, həmin şəxsin xilas olma şansı daha çox olur.
Suda boğulmaların 95 faizi qeyri-çimərlik ərazilərdə baş verir. Çünki bu ərazilərdə gözlənilməz təhlükələrlə qarşılaşmaq ehtimalları çoxdur. Belə ərazilərdə xilasetmə xidməti fəaliyyət göstərmir. Bu xidmət olmadıqda boğulma təhlükəsi ilə üzləşən şəxsə mütəxəssis kömək edə bilmir. Ölkə ərazisində ümumilikdə 37 xilasetmə məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin dislokasiya ərazisində olan bütün çimərliklərdə sularda təhlükəsizlik tədbirləri xidmət tərəfindən həyata keçirilir. Onlar sayəsində hər il yüzlərlə insan boğulmaqdan xilas edilir. 25 xilasetmə məntəqəsi Bakı və Abşeron yarımadasının payına düşür. Bu məntəqələr dövlət tərəfindən ictimai çimərlik kimi nəzərdə tutulan ərazilər – Mərdəkan, Buzovna, Bilgəh, Zuğulba, Qızılqum və Pirşağıda yerləşir, Nardaran çimərliyində isə xidmətin iki xilasetmə məntəqəsi var.
Dənizə gedərkən, məkanın düzgün seçilməsi, havaya diqqət edilməsi, suya girərkən qadağan olunmuş məsafəyə qədər üzmək insanlara istirahət gətirər. Əks halda, özünüzdən sonra geridə gözüyaşlı insanlar qoya bilərsiniz. Suya girərkən bir daha düşünmək lazımdır.
Zərifə HÜSEYNOVA
XQ