Ancaq bu şəhərdə isti suyu bir yerdə, isti münasibəti isə çox gördük
Əslində, bu rubrikanı “Xalq qəzeti”ndə verilmiş “Soçi – bir Qafqaz nağılı, Qara dəniz nəğməsi...” sərlövhəli yazıdan sonra davam etdirmək qərarına gəldim. Siyasətdən kənar, xüsusi maraq və ya məqsədi olmayan bu rubrikada şimallı – cənublu bütün Qafqazın bəzi şəhərlərinin maraqlı məqamlarını qələmə almaq niyyətindəyəm. Soçidən sonra növbə Tbilisi, Dərbənd, Gəncə, İrəvan, Naxçıvan, Qroznı... şəhərlərinindir.
... Mən bu şəhəri hələ gənclik illərimdən ona görə sevirdim ki, çar Rusiyası dövründə görkəmli soydaşlarımızın bir çoxu elm, maarif, mədəniyyət və dünya ilə tanışlıq arxasınca yola çıxanda ən münasib ünvan kimi buranı seçib. Bu şəhər mənim üçün ona görə əzizdir ki, XX əsrin əvvəlində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti məhz Tbilisidə elan edilmişdir. Tbilisini ona görə görmək istəyirdim ki, orada bir çox görkəmli soydaşımızın məzarı, heykəli və ya adına küçələr var. Tbilisi mənə bir də ona görə maraqlıdır ki, burada Kürün üstündən o taya, bu taya dəfələrlə keçmək üçün istənilən qədər körpü var.
... Bu gözəl şəhərdə qaldığımız otel bizim İçəri şəhəri xatırladan qədimi yaşayış yerində, sahilə yaxın olduğuna görə gecə vaxtı da Barataşvili küçəsindəki körpü ilə Kürün o biri sahilinə keçir (o biri tayda Mixeil Saakaşvili dövründə tikilmiş möhtəşəm kilsə var idi), xeyli gəzib-dolaşıb, “Sülh” körpüsündən (onu da Saakaşvili inşa etdirmişdir) keçərək otelə qayıdırdıq. Yəni tarixən çoxsaylı soydaşlarımızın yaşadığı Şeytanbazar meydanı da yaxında idi, məscid də, Heydər Əliyev parkı da, “Ay ləv yu Tbilisi” restoranı da. Üstəlik, Gürcüstan paytaxtının adını özündə əks etdirən “İsti su” Sağlamlıq Mərkəzi də. Bir az aralıda isə az qala dünyanın hər yerindən gəlmiş turistlərlə dolu dərənin o biri başındakı şəlalə də. Şəlalə barədə bir az sonra söz açacağıq.
Meydanda – Şeytanbazar məhəlləsində gəzərkən elə güman edirdim ki, haqqında hələ orta məktəb və institut illərində eşitdiyim və ya oxuduğum görkəmli soydaşlarımızın ruhuna salam verirəm. Elə bilirdim ki, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Hüseyn Cavid, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Firudin bəy Köçərli, Sidqi Ruhulla, Ülvi Rəcəb, Ömər Faiq Nemanzadə, Mustafa Mərdanov və indi adını xatırlaya bilmədiyim digər böyük şəxsiyyətlərin məzarını ziyarət edirəm.
Gözüm adını və ünvanını bilmədiyim bir binanı axtarırdı. İnstitut illərində müəllimimiz – “Azərbaycan teatr tarixi” kitabının müəllifi Mahmud Allahverdiyev danışırdı ki (Mahmud müəllim özü də gürcüstanlı idi və gürcü dilini bilirdi), 1872-ci ildə azərbaycanlı sənət xadimləri Tiflisdə (o zaman Tbilisi sözü işlədilmirdi) Azərbaycan türkcəsində ilk teatr tamaşası göstərmişdilər. Belə ki, həmin il Mirzə Fətəli Axundovun əsərlərindən biri (indi adını xatırlaya bilmirəm) Tiflisin məşhur karvansaralarından birində səhnələşdirilmişdi. Yəni həmin faktla Tiflis Azərbaycan Teatrının və bütövlükdə, milli teatrımızın tarixi başlamışdır. İndi bütün küçələrdə gözüm o karvansaranı axtarsa da, görə bilmədim.
Həmin “axtarış” mənim İncəsənət İnstitutunun məzunu olduğuma görə beynimdə özünə yer eləmişdi. Ancaq jurnalist kimi də maraq dairəmdə olan məqamlar az deyildi. Yəni “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin” kimi mətbuat orqanlarının fəaliyyəti məhz Tbilisi ilə, bu qaynar Qafqaz şəhərindəki Azərbaycan mühiti ilə bağlı olmuşdur.
Azərbaycan Mədəniyyət Mərkəzi, Mirzə Fətəli Axundov və Nəriman Nərimanovun ev-muzeyləri, eləcə də, Heydər Əliyev parkı ilə tanış ola bildik. Bundan başqa Nəbatat bağında görkəmli azərbaycanlıların məzarlarını da ziyarət etdim. Xüsusən, ulu öndərin abidəsi önündə foto çəkdirdim.
Məni məmnun edən faktlardan biri də o idi ki, “Sarı gəlin” adlı məşhur xalq mahnımızı Tbilisidə küçə musiqiçiləri məndən dəfələrlə yaxşı oxudular... Kürün sağ sahilindəki Leqvtaxevi dərəsi ilə axan kiçik çayın adını gürcülərdən başqa heç kəs açıq tələffüz edə bilməz... Tsavkisitskali çayı. Dərənin o biri başında həmin çay təxminən 45-50 metr yüksəklikdən tökülür və gözəl şəlalə effekti yaradır.
Həmin şəlaləyə gedən çoxsaylı körpülərdən birinin qurtaracağında gürcü el sənətkarları turistləri musiqi ilə qarşılayırlar. Bizi görən ustalar “türk?”, “türkmən?”, “azəri?” – deyə, soruşdular. Dedim: azərbaycanlıyıq. Həmin an böyük peşəkarlıqla “Sarı gəlin”i ifa etdilər. Sonra gözlədim ki, görək, başqa xalqların musiqisini də ifa edə bilirlərmi? Şahidi oldum ki, ukraynalıları da, çinlilləri də, rusları da mənim kimi məmnun edə bildilər.
Daha bir fakt. Əsas küçələrin hamısında hər yüz metrdən bir içməli su kranları var. Bir gürcüdən soruşdum ki, bu Kür suyudur? Narazı şəkildə güldü: “Nə danışırsınız? Nataxtaridir”. Nataxtari bizim Sirab kimi həm müalicəvi, həm də süfrə suyudur.
Tbilisi heykəllər şəhəridir. Şəhərdə film qəhrəmanlarının (xüsusən, “Mimino”ya), elm, ədəbiyyat və incəsənət adamlarının abidələri ilə yanaşı çoxsaylı məişət məzmunlu heykəllərə də rast gəlmək olur. Hətta, bizim dildə olan tamadaya da heykəl qoyublar. Özü də əlində şərabla dolu buynuz. Bu heykəlin adı gürcü dilində də elə “Tamada” yazılır. Nə üçün belədir– bilmədim. Bakıya gələndən sonra isə səbəbini internetdə axtardım. Məlum oldu ki, 2006-cı ildə açılışı olmuş bu heykəl Gürcüstan Milli Muzeyinin xristianlıqdan əvvəlki dövr kolleksiyasında saxlanılan və ölkənin qərbindəki Vani arxeoloji abidəsinin tədqiqi zamanı aşkarlanmış bürünc heykəlin böyüdülmüş variantıdır. Üstəlik, öyrəndim ki, həmin heykəlin adı rus dilində də “Tamade” yazılıb.
O ki qaldı, isti münasibət məsələsinə, bu barədə deyilməli söz çoxdur. Yəni orada bizə isti münasibət olmasaydı, yuxarıda adını çəkdiyim görkəmli soydaşlarımız öz tarixi missiyalarını və fərdi potensiallarını reallaşdırmaq üçün Tbilisiyə üz tutmazdılar. Yaxud bizə münasibət bir az sərin olsaydı, Heydər Əliyev parkı və Ümummilli liderimizin heykəli paytaxtın mərkəzindəki “İsti su” mənbəyinin yanında ərsəyə gətirilməzdi.
Oteldə Gürcüstanın hansısa əyalət şəhərindən gəlmiş İrakli ilə söhbət etdik. O, Bakıdan olduğumu biləndə həm sağ əlinin baş barmağını, həm də səsini yuxarı qaldıraraq, sanki hamı eşitsin, deyə danışırmış kimi dedi: “Ooo, Deviçya başnya, Neftyanıe kamni...” Kilsədə görüşdüyüm, ziyalılığı açıq şəkildə “alnına yazılmış” qoca gürcü isə demişdi: “Biz müstəqillik dövründə Azərbaycanın Gürcüstana etdiyi yaxşılıqları heç zaman unutmayacağıq. Mən bunu tələbələrimə də dönə-dönə deyirəm”.
İttifaq MİRZƏBƏYLİ