İrəvan Heydər Əliyevi gözü götürməsə də, alqışlayırdı

post-img

“Xalq qəzeti”nin “Heydər Əliyev xatirələr işığında” layihəsində bugünki qona­ğımız Azərbaycan ədəbi mühitində öz imzası və dəstxətti olan görkəmli şair, dramaturq, nasir və publisist, içtimai və dövlət xadimi, Azərbaycan Respublika­sının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovdur. Hidayət müəllim 10 il biləvasitə Ümum­milli lider Heydər Əliyevin rəhbərliyi altında yüksək dövlət vəzifəsində çalışıb. Amma bizim birinci söhbətimiz Heydər Əliyevin ilk hakimiyyəti illərinin İrəvanda işləyən Hidayət Orucovun xatirələrinin əsas qəhrəmanlarından birinə necə çev­rilməsi ilə bağlıdır. 

– Hidayət müəllim, Heydər Əliyev1969-cu ildə Azərbaycana rəhbər seçiləndən bir müddət sonra onun haqqında bütün Sovet İttifaqında əf­sanələr dolaşmağa başladı. Həmin illərdə Ermənistanda Heydər Əliyev haqqında nə danışırdılar, İrəvandan Azərbaycanın yeni lideri necə görü­nürdü? 

– Sizin sualınıza cavabı xoş bir xa­tirə ilə başlamaq istəyirəm. 1969-cu ilin oktyabrı idi. Heydər Əliyev 3-4 ay olardı Azərbaycan KP MK-nın birinci katibi se­çilmişdi. Mədəniyyət sahəsində ilk tədbir­lərdən biri kimi Bakıda Cəfər Cabbarlının 70 illik yubileyi keçirilirdi. Bu tədbirə digər respublikalardan olduğu kimi Ermənistan­dan da nümayəndələr dəvət olunmuşdu. Nümayəndə heyətinə Azərbaycana elmi işi ilə bağlı olan, yəni namizədlik disser­tasiyası Mirzə İbrahimovun yaradıcılığına həsr edilən İrəvan İncəsənət Universiteti­nin rektoru, professor Sergey Daronyan, gənc, gözəl xanım olan elmlər doktoru, professor Luiza Samvelyan, Ermənistan Akademik Dram Teatrında səhnələşdi­rilən Cəfər Cabbarlının “1905-ci ildə” pye­sində Baxşı rolunu oynamış Ermənistanın xalq artisti Ori Bünyatyan, əslən Bakı er­mənisi olan dramaturq Ararat Baseryan və C.Cabbarlı adına İrəvan Dövlət Azər­baycan Dram Teatrının direktoru Hidayət Orucov, yəni mən daxil idik. 

Yubiley toplantısı indiki Akademik Mil­li Dövlət Dram Teatrında təşkil edilmişdi. Bizim nümayəndələrə rəyasət heyətinin mərkəzində, üçüncü sırada yer ayrılmış­dı. Birdən foye, zal hərəkətə gəldi və xa­hiş etdilər ki, hamı tez yerini tutsun. Biz oturandan sonra zalda qəfildən pıçıltılar başladı ki, Heydər Əliyev gəlir. Hündür­boy, enlikürək, yaraşıqlı, cavan Heydər Əliyev kiçik bir qrupun müşayiəti ilə gəlib bizim qarşımızda birinci sırada oturdu. Nədənsə mənim diqqətim səhnədə yu­biley mərasiminin açılışını edən Azər­baycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovun nitqinə deyil, məhz gənc Azərbaycan liderinə yönəlmişdi. Sanki öz-özümlə danışır və deyirdim ki, Allahım, nə möhtəşəm bir şəxsə bənzəyir, yerişi, davranışı adamı, zəhmi adamın diqqətini bir anda cəlb edir. Elə o zaman düşün­düm ki, Azərbaycan onun sayəsində çox irəli gedəcək. 

Bilirsiniz, Qərbi Azərbaycanda ermə­nilərin hakimiyyəti altında yaşayan bizlər üçün Azərbaycanın SSRİ miqyasındakı nüfuzu çox vacib idi. Açığını deyim ki, bizə bunun müqabilində münasibət göstərir­dilər. Amma həmin illərdə Azərbaycanın hansı vəziyyətdə olduğu, 15 respiblikanın əksəriyyətindən geridə qalan bir respub­lika kimi tanınması bizi həmişə narahat edir, ciddi düşündürürdü. Ona görə də Heydər Əliyev kimi bir şəxsin hakimiy­yətə gəlməsi elə ilk gündən bizdə böyük ümidlər doğurmuşdu. Çünki artıq bütün respublikalarda Heydər Əliyevin köklü islahatlarından, respublika rəhbərliyində apardığı kadr dəyişikliklərindən yaxşı mə­nada söhbətlər gəzirdi və Ermənistan da istisna deyildi. Əksinə, Ermənistanda Ba­kıda baş verənləri çox diqqətlə müşahidə edirdilər. 

Yubiley toplantısının rəsmi hissəsi başa çatandan sonra fasilə elan olundu və biz də hamı kimi foyeyə çıxdıq. Birdən həmin dövrdə Azərbaycanın mədəniyyət nazirinin müavini olan Məmməd Ziyadov bizə yaxınlaşıb dedi: “Bu otağa keçin, Heydər Əlirza oğlu qonaqlarla görüşmək istəyir”. Bir az da tələsik bizi teatrın truppa müdirinin otağına dəvət etdilər. Ermənis­tan nümayəndə heyəti elə əvvəldə saydı­ğım sıra ilə bir kənarda düzüldük. Heydər Əliyev üzündə təbəssüm içəri daxil oldu. Mən bunu “İrəvana məktublar”ımda belə yazmışam: “Elə bildim onun çöhrəsindəki nurdan otaq ikiqat işıqlandı”. Mədəniy­yət naziri burada olmadığı üçün bizim nümayəndə heyətini ona nazir müavini Məmməd Ziyadov təqdim etməli idi. O da yalnız bizim rəhbərin adını çəkib təq­dim etdi və kənara çəkildi. Nümyəndə heyətinin rəhbəri Sergey Daronyan bizi bir-bir Heydər Əliyevə təqdim etməyə başladı. Birinci, təbii ki, Luiza Samvelyan idi. Luiza Heydər Əliyevlə əl uzadıb gö­rüşdü, amma onun əlini buraxmayıb dedi: “Heydər Əliyeviç, sizin haqqınızda Ermə­nistanda əfsanələr dolaşmaqdadır. Ona görə də rəfiqələrim, dostlarım tapşırıblar ki, Sizi diqqətlə izləyib öz təəssüratlarımı onlara danışım”. Heydər Əliyevin də necə hazırlıqlı və çevik bir şəxsiyyət olduğu elə ilk sözündən bəlli oldu. Dedi: “Siz biləsiniz ki, mənim valideynlərim də Ermənistan­dandır. Mənim də onlara hörmətim var”. 

Heydər Əliyev gəlib mənə çatanda qrupumuzun rəhbəri məni çox yaxşı təq­dim etdi və dedi: “İstedadlı şair, drama­turq, Cəfər Cabbarlı adına İrəvan Azər­baycan Dövlət Dram Teatrının direktoru Hidayət Orucov”. Heydər Əliyev bunu eşi­dəndən sonra əlimi bir az da möhkəm sıxıb dedi: “Belə gənc, teatrın direktoru. Çox şadam...”

Sonra Heydər Əliyev təbii, qayğıkeş ev sahibi kimi vəziyyətlə maraqlandı. Bundan hiyləgərcəsinə istifadə edən Lu­iza dərhal özünü qabağa verdi: “Görür­sünüz də Heydər Əliyeviç, İrəvan Dövlət Azərbaycan Dram Teatrının dirketoru da bizimlədir, çox istedadlı gəncdir”. Bir qə­dər məni təriflədi. Yubiley toplantısında da nümayəndə heyətinin rəhbəri çıxı­şında teatrımız və mənim haqqımda xoş sözlər demişdi. Luiza fikrini davam etdirib dedi: “Heydər Əliyeviç Bakıda çox ma­raqlı və inkişaf etmiş erməni teatrı olub. Onun bərpa edilməsi nə üçünsə ildən-ilə keçir. Mən çox xahiş edirəm, onu bərpa etdirəsiniz”. 

Heydər Əliyev çox diqqətlə onu dinlə­dikdən sonra dedi: “Mən tapşıraram öy­rənərlər, baxaram!” Nə “bərpa edərəm” dedi, nə də “açaram”. Sonra da baxdı ki, Luiza çox danışır, dedi: “Sizə xoş arzular, Koçinyana salam deyərsiniz!” Koçinyan da Ermənistan KP MK-nın birinci katibi idi. 

Səhəri birinci katibin “Gənclik”dəki iqamətgahında qonaqlara ziyafət verildi, amma Heydər Əliyev orada iştirak etmir­di. Rəhbərliyi ziyafətdə MK-nın ideologiya üzrə katibi Cəfər Cəfərov təmsil edirdi.

İrəvana qayıdandan 3 gün sonra mə­dəniyyət naziri Zakir Bağırov mənə zəng vurdu. Dedi: “İrəvana sizin teatra adam göndərirəm, ona lazımi işlərlə tanış olma­ğa kömək edin”. Bir-iki günə Azərbayca­nın Gənc Tamaşaçılar Teatrının direktoru Bala Qasımov İrəvana gəldi. Qasımov özü musiqiçi idi, sonra da Musiqili Kome­diya Teatrının direktoru oldu. Teatr işini yaxşı bilən, çox ləyaqətli bir insan idi. Hə­yat yoldaşı da Abbas Mirzə Şərifzadənin qızı Firəngiz Şərifova idi. 

Qasımov gələndən sonra məlum oldu ki, bu bizim teatrı ətraflı öyrənmək istəyir. Bunun nə məramla edildiyini soruşan­da dedi ki, “götür-qoy edirlər, görsünlər, Bakıda erməni teatrını açsınlar, ya yox”. Təbii ki, mən buna çox mənfi reaksiya verdim və Bala Qasımov çox açıq şəkil­də izah etdim ki, Bakıda qətiyyən erməni teatrı açmaq olmaz. Dedim, bunu mənim adımdan Zakir müəllimə çatdırın. 

O vaxt Mərkəzi Komitələrdə mədəniy­yət şöbələri yaradılmışdı. Hətta dedim on­lara da deyin, Bakıda belə bir teatr açmaq olmaz, erməni teatrı açılsa, ora erməni millətçi ideologiyasının mərkəzlərindən birinə çevriləcək. Bala müəllim çox yum­şaq, ehtiyatlı adam idi və buna elə açıq reaksiya vermədi. Əslində elə mən də çox yumşaq adamam, amma milli mənafe or­tada olanda çox sərt oluram. 

Qasımovu Bakıya yola salandan son­ra Zakir Bağırova zəng vurdum və Qası­mova dediklərimi ətraflı şəkildə ona da dedim. Zakir müəllim ehtiyatlı danışdı. Telefonda hiss etdim ki, çox narahat olur, nə qədər olmasa şəhər telefonudur, DTK onu dinləyə bilər, İrəvanda mənim telefo­numu dinləyə bilərlər. İllər sonra ulu öndər söhbətlərinin birində dedi ki, Bakıda er­məni teatrı açmaq istəyirdilər, mən buna imkan vermədim. Zakir Bağırovun mənə zəng vurmağı, Qasımovun İrəvana gəl­məsi, görünür, elə Heydər Əliyevin Mos­kvanı dolandırmaq üçün bir manevri idi ki, guya, erməni teatrının açılmasına çalışır. 

– Hidayət müəllim, Luizanın Heydər Əliyev haqqında söylədiyi həqiqət idi, yoxsa ermənisayağı yarınmaq? 

– Luiza Samvelyanın Heydər Əliyevə dediyi: “Sizin haqqınızda Ermənistan­da da əfsanələr dolaşır”, bu, ilk vaxtlar həqiqətən belə idi. Orda heyrət içində danışırdılar ki, Azərbaycanın birinci ka­tibi Heydər Əliyev Bakıda təhlükəsizlik xidməti, cangüdənlər olmadan sərbəst gəzir, mağazalara gedir, alış-veriş edir, insanlarla küçələrdə görüşür, onların fik­rini şəxsən dinləyir, xalqın rifahına xidmət edən çox ciddi qərarlar qəbul edir. Res­publikada çox ciddi canlanma var, so­sial-iqtisadi vəziyyət sürətlə dəyişməyə başlayıb. 

Ermənistan özü o vaxtlar durğunluq içində idi və onun da belə bir rəhbərə ehtiyacı vardı. Ermənilər istəyirdilər ki, Ermənistanda da belə bir rəhbər olsun. Çünki bu respublikada insanlarda millət­çilik düşüncəsindən başqa bir şey yox idi. Korrupsiya baş alıb gedirdi. Ermənistanın birinci katibi Anton İrəvandoviç Koçinya­na, o vaxtlar respublikada haqlı olaraq Anton Brilliyantoviç deyirdilər. 

Yeri gəlmişkən, onu da deyim ki, Heydər Əliyev birinci katib seçilən kimi Anton Koçinyan “Sovet Ermənistanı” qə­zetinin redaktoru, eyni zamanda, MK-nın üzvü və Ali Sovetin Rəyasət Heyətinin sədrinin müavini Həbib Həsənovu dər­hal yanına çağırıb ondan Heydər Əliyev haqqında məlumat öyrənmək istəmişdi: Əliyev kimdər, haralıdır, haradan gəlib? Həbib Həsənov da Heydər Əliyevi yaxın­dan tanıyırdı... 

– Nədən Köçinyan Heydər Əliyevlə belə ətraflı maraqlanırdı? Nəsə plan­laşdırırdı, yoxsa ehtiyat edirdi? 

– Koçinyanın niyə belə narahat olması aydın idi. İlk növbədə, onu çox ciddi ma­raqlandırırdı ki, görəsən, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycandan yeni torpaqlar qamarlaya biləcək, ya yox. Amma onun heç ağlına gələ bilməzdi ki, həmin ilin may ayında həm Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, həm də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Naxçıvandan, Gədəbəydən, Qazaxdan bəzi ərazilərin Ermənistana verilməsi haqqında təsdiq olunmuş qərarı belə icra edə bilməyəcək. May ayında qə­rar verilmişdi, iyulun 14-də Heydər Əliyev Azərbaycana rəhbər seçilmişdi. 

Heydər Əliyev haqqında əfsanələr yeni-yeni ittifaqı dolaşmağa başlayanda, Anton Koçinyan öz xəbis niyyətlərinə ay­dınlıq gətirmək üçün Azərbaycanın yeni rəhbəri ilə təcili görüşmək qərarına gəlir. Elə Həbib Həsənovun yanındaca Heydər Əliyevə zəng edib çox səmimi danışır, təbrik edir və onu Ermənistana dəvət edir. Heydər Əliyev bildirir ki, məmnuniyyətlə Ermənistana gələrdi, ancaq vəzifəyə yeni seçildiyi üçün buna imkanı yoxdur. Razı­laşırlar ki, yaxın vaxtlarda iki respublika­nın sərhəd məntəqələrinin birində görüş­sünlər. 

Görüş Qazaxda baş tutur. Hər iki bi­rinci katib Qazax ictimaiyyəti ilə söhbət edir, məsləhətləşir. Sonra Dilicana gəlir­lər. Gecə Dilicanda Mərkəzi Komitənin qonaq evində qalmalı olurlar. Mənə bu işlərin içində olan adam danışdı ki, gecə yarıdan keçənədək onların pəncərəsin­də işıq sönmədi, müzakirələr aparılırdı. Məsələ gəlib torpaqlara çatanda Heydər Əliyev bildirir ki, hər iki respublikanın Ali Sovetləri səviyyəsində qəbul edilən qə­rara əsasən nəzərdə tutulan Azərbaycan torpaqlarının Ermənistana verilməsi qə­tiyyən mümkün olmayacaq. Çünki o qə­rarın heç bir əsası yoxdur. Koçinyan bir qədər təkidlə bildirir ki, axı hər iki respub­likanın Ali Sovetləri səviyyəsində qərar verilib, Moskva buna razılıq verib, bunu necə icra etməmək olar? Heydər Əliyev deyir ki, bu çox yanlış bir qərardır, böyük səhv olub, mən bu barədə Moskvaya da fikrimi bildirəcəyəm. Beləcə, o görüşdə bu məsələyə nöqtə qoyulur.

Amma Anton Koçinyanı düşündürən təkcə bu məsələ deyildi. O, dörd il idi ki, Ermənistana rəhbərlik edirdi. Bundan əv­vəl 13 il respublikanın Nazirlər Sovetinin sədri olmuşdu. Ona qədər MK-nın kadr­lar üzrə katibi işləmişdi. Təcrübəli adam idi. Amma savadı, zəkası dərin deyildi. O başa düşürdü ki, öz hazırkı postunda qal­masında Cənubi Qafqaz respublikaların­dan birinə yeni birinci katib gəlmiş adamın rəyindən də çox şey asılı ola bilər. Təbii ki, Koçinyan Heydər Əliyevin DTK sədri işlədiyini və çox zəngin informasiyalara sahib olduğunu bilirdi. Ehtimal edirdi ki, Heydər Əliyev onun Ermənistandakı qara işlərindən də xəbərdar olmamış deyil və əgər Moskva Koçinyan haqqında ondan rəy soruşsa, Heydər Əliyev səhih məlu­matları açıqlaya bilər.

Dilican görüşündən sonra Koçinyanda iki fikir yaranmışdı. Birinci, əmin oldu ki, Heydər Əliyev Moskvaya onun haqqın­da mənfi fikir söyləməyəcək. Niyə söy­ləməyəcəkdi, bilirsinizmi? Əvvəla, Heydər Əliyev Köçinyanın səviyyəsinə, zəkasına, elə də dərin adam olmadığına bələd olan­dan sonra elə belə bir adamın Ermənistan rəhbərliyində qalmasını istəyirdi. Çünki Heydər Əliyev bilirdi ki, Koçinyandan son­ra gələn ondan iki dəfə artıq millətçi ola­caq. Sonra elə belə də oldu. Dəmirçiyan gəldi və Koçinyan onun yanında toya get­məli idi. İkinci Koçinyan qəti əmin oldu ki, o Heydər Əliyevdən bir qarış torpaq belə ala bilməyəcək. Heydər Əliyev elə dedi­yi kimi haqqında danışdığım qərarı belə yerinə yetirmədi və qərar ləğv edildi. Ulu öndər Moskvada ən yüksək səviyyədə bunun həllinə nail oldu.

Əlbəttə, Heydər Əliyevin Azərbaycan­da həyata keçirdiyi sosial-iqtisadi islahat­lar, respublikada sürətli inkişaf və tərəqqi, milli mənəvi dəyərlərin qorunması, bütün sahələrdə kadrların milliləşdirilməsi si­yasətini görəndən sonra Ermənistanda, hətta Moskvada ermənilərin çalışdığı bir çox sahələrdə ona qarşı gizli hücumlar başladı. Təbii ki, bunu açıq müstəvidə apara bilmirdilər, çünki Heydər Əliyevin Moskvada nüfuzu onlara bəlli idi. İkinci bir tərəfdən, Heydər Əliyevin ağlının, zəkası­nın gücünə bələd idilər. Amma qısqanclıq və paxıllıq ermənilərin içini didirdi və onlar münasib məqam gözləyirdilər. 

(ardı var)

İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist



Müsahibə