Lemkinə, yoxsa erməniliyə sədaqət?

post-img

Soyqırımı cinayətlərinin qarşısının alınması üzrə institut yenə öz ampluasındadır

 

Soyqırımı cinayətlərinin qarşı­sının alınması üzrə Lemkin İnstitu­tunun ermənipərəstliyi, bir qayda olaraq, özünü Azərbaycan–Ermə­nistan münasibətləri ilə bağlı kə­nar tərəflərin ittihamı üzərində göstərməkdədir. Qurum yenə öz “ampluasındadır”. Onun hazırkı hədəfi isə BMT-dir. Lemkinçilər bu il oktyabrın 1-də Qarabağda ol­muş BMT missiyasının hesabatın­dan məyus olduqlarını bildiriblər. Məsələ barədə söz açacağıq. An­caq ilk növbədə, adı ilə fəaliyyəti üst-üstə düşməyən təşkilatın an­ti-Azərbaycan mövqeyinin indiyə­dək nəzərə çarpmış ayrı-ayrı təza­hür formalarına nəzər salaq.

***

Beləliklə, Soyqırımı cinayətlərinin qarşısının alınması üzrə Lemkin İnstitu­tu 2021-ci ildən ölkəmizə münasibətdə qərəzli mövqe tutmaqdadır. Təşkilat bu ilin mayından başlayaraq “fəaliyyətini” xeyli intensivləşdirib. İnstitutun başbilən­ləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə ağıl öyrətməyə qalxaraq bil­diriblər ki, qurum geosiyasi duruma və enerji məsələlərinə görə Azərbaycanın “diktatura”sına göz yumur... 

Diqqət yetirək, lemkinçilərin Ş.Mişelə açıq məktubu Azərbaycan və Ermənis­tan liderlərinin mayda keçirilmiş Brüssel görüşü ərəfəsinə təsadüf etmişdi. Aşkar şəkildə görünürdü ki, institut Aİ Şurası prezidentinin fikirlərinə təsir göstərməyə çalışır. Müraciətdə Qərb dünyası ittiham olunurdu. İnstitut beynəlxalq ictima­iyyətin Qarabağın blokadasına məhəl qoymadığını vurğulayır və bildirirdi ki, Azərbaycanın, guya, indiyədək heç vaxt onun olmayan 4000 illik (?) yerli erməni icması ilə istədiyi kimi rəftarı cəzasızlıq mühiti formalaşdırır. Sənəddə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə dövründəki nitqlə­rində işlətdiyi ifadələr Ş.Mişelə çatdırılır, sanki belə bir şəxslə danışıq aparmağın yolverilməzliyi ritorikası əsas götürülür, ümumən ölkəmiz dünya ictimaiyyətinə mənfi yöndə təqdim edilirdi. 

Daha sonra Lemkin İnstitutu Qara­bağda “soyqırımı” təhlükəsi ilə bağlı sax­ta hesabat yaydı. Hesabatda bildirildi ki, “blokada şəraitində” soyqırımı təhlükəsi yaşanır, Azərbaycan Qarabağda və Er­mənistanın sərhədləri boyunca hərbi toqquşma yaratmaq istəyir. Maraqlıdır ki, qondarma tarixi notlara köklənmiş sənəddə Türkiyə amili də qabardılmış, Ankaranın Bakıya silah satması üzərin­də dayanılmışdı. Lemkinçilər bununla ki­fayətlənməyərək, Qarabağdakı rus sülhməramlıları ilə əlaqədar vurğulamışdılar ki, onların əraziyə yerləşdirilməsi bölgəyə sülh gətirmədi. 

O da maraqlıdır ki, Lemkin İnstitutu yaydığı sənədə leqal libas geydirmək üçün ora Beynəlxalq Cinayət Məhkəmə­sinin keçmiş baş prokuroru, dünya miq­yaslı argentinalı dələduz Luis Moreno Okamponun Azərbaycan əleyhinə qərəz dolu, Qarabağda soyqırımının baş ver­diyini “əsaslandıran” hesabatından da hissələr əlavə etmişdi. Ümumən institut sanki beynəlxalq aləmdəki bütün ermə­nipərəst təşkilatlarının anti-Azərbaycan yönümlü sənədlərindəki yolverilməz mo­tivlərin hamısını götürmüşdü. Ən əsası isə lemkinçilər bu rəyə gəlmişdilər: Azər­baycanın siyasi sistemi ilə “Artsax”ın si­yasi sistemi arasında uyğunsuzluq var. Sən demə, ölkəmizdə diktatura imiş, o zamankı separatçı rejimdə isə demokra­tik mühit hökm sürürmüş... 

Ümumən Lemkin İnstitutunun “fəa­liyyətindən” və yanaşma tərzindən belə nəticəyə gəlmək mümkündür ki, qurum dünyanın istənilən nöqtəsində baş verən hərbi qarşıdurmalardakı tərəflərdən bi­rinə soyqırımı törədən yarlığı yapışdı­ra bilər. Halbuki, bunun üçün institutun adını daşıdığı Rafael Lemkin tərəfindən vaxtilə dəqiq müəyyənləşdirilmiş əlamət­lər var. Bu əlamətlər onun müəllifi olduğu BMT-nin “Soyqırımı cinayətinin qarşısı­nın alınması və cəzalandırılması haqqın­da” Konvensiyada açıq şəkildə göstəri­lib. Ancaq lemkinçilər öz hesabatlarında sənədə bir cümlə ilə də istinad etməmiş­dilər. 

***

Bəli, Lemkin İnstitutu indi Qarabağda olmuş BMT missiyasını günahlandırıb. Bildirib ki, belə bir missiyanın məqsədi­nin nə olduğunu anlamaq mümkünsüz­dür. Ardınca isə qurum bölgənin hazırda, guya, işğal olunduğunu vurğulayaraq, doqquz aylıq “blokada” zamanı ora mis­siyanın gerçəkləşməsi üçün nəyə görə Azərbaycana təzyiq göstərilmədiyini so­ruşur, öz aləmində ortaya cəsarət amilini qoyur. 

Ş.Mişelə olduğu kimi, BMT-yə də ağıl öyrətməyə çalışan lemkinçilər qurumu yenidən Qarabağa müvafiq missiya gön­dərməyə, onun tərkibini bitərəf ölkələr­dən təşkil etməyə çağırıb. Çünki əvvəlki iş uğursuz olub. Reallıq dəqiq qiymətlən­dirilməyib. Sən demə, vəziyyətin obyektiv təhlili üçün problemə daha təfərrüatlı ya­naşılmalı imiş.

Əlbəttə, Lemkin İnstitutunun dəqiq­lik, obyektivlik və tərəfsizlik dedikdə nəyi nəzərdə tutduğu aşkardır. Qurumun başlıca xəttini ermənipərəstliyin təşkil etdiyini əvvəldə vurğuladıq və mövcud istiqamətdəki digər yaramazlıqlardan da söz aça bilərik. Amma ehtiyac duymu­ruq. Təkrar edək ki, institut bir dənə də konkret məqama diqqət yetirmir ki, onu soyqırımı kimi qiymətləndirmək mümkün olsun. Qurumun bildirdiklərindən Ermə­nistan baş naziri Nikol Paşinyan və ko­mandası, o cümlədən, erməni lobbi və diaspor təşkilatları, demək olar ki, hər gün danışırlar. Özü də gen-bol. Görünür, lemkinçilərin çalışdıqları “ermənipərəst gündəmi” nəyin bahasına olursa-olsun aktiv saxlamaqdır. 

***

Başlıca məqam budur ki, bəşəri hu­manizm carçısı olan Rafael Lemkinin adını daşıyan qurum bu böyük düha­nın vandalizm aktlarından, etnik təmiz­ləmələrdən qorunmaq məqsədilə göstər­diyi təşəbbüsü ermənipərəstliyə xidmət platformasına çevirib. Ancaq təkcə Lem­kin İnstututu deyil, eləcə də insan hüquq və azadlıqlarının təminatına çalışdığını bəyan edən digər təsisatlar da bəşəri dəyər və prinsiplərlə manipulyasiya yolu tuturlar. Heç şübhəsiz ki, bu gün Azərbay­can – Ermənistan münasibətləri ilə bağlı gerçəklikləri nəzərə almayıb ədalətsizliyə yol açanlar, sabah həqiqi soyqırımı ha­disələri qarşısında susqunluqları ilə də eyni yaramazlıqlarını davam etdirəcəklər. Əlbəttə, qətiyyən fərqinə varmayacaqlar ki, hərəkətləri, ümumilikdə, dünyanın ni­zamını pozur. 

 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət