HƏMAS – İsrail qarşıdurmasında anti-Azərbaycan motivləri

post-img

Yaxud erməni siyasi düşüncəsinin təfəkkür kasadlığı

Ermənistanda HƏMAS – İsrail qarşıdurmasından anti-Azərbaycan motivləri uydurulmaqdadır. Ölkənin mediası və ekspert cameəsi “prosesə” aktiv şəkildə qoşulub. Bu siyasi təbəqənin məqsədi müsəlman dünyasını Azərbaycana qarşı qaldırmaqdır. Əlbəttə, məqsədlərini çox primitv tərzdə gerçəkləşdirirlər. 

Məsələn, Bakının İsraili neftlə təmin etməsi üzərinə fokuslanırlar. Bildirirlər ki, Azərbaycanın bu addımı, bütövlükdə, müsəlman dünyasına xəyanətdir. Ermə­ni mediası və həmin mediada çıxış edən ekspertlər müsəlmanların ölkəmizdən, guya, çox narazı olduğunu vurğulayıb əsas kimi hansısa sosial şəbəkə status­larında yayılmış fərdi mövqeləri bölüşür­lər. Əlbəttə, gətirilən bu arqumentin zəifli­yini sübuta yetirməyə ehtiyac yoxdur. 

Birincisi, ona görə ki, hər bir şəxs fikrini bildirməkdə sərbəstdir. Azərbay­canda da İsraili deyil, Fələstini dəstək­ləmək meyilli çağırışlar səsləndirənlər var. İkincisi, bu da bir danılmaz faktdır ki, ölkəmizdə böyük çoxluq İsrailə simpati­ya duyur. Çünki rəsmi Tel-Əviv həmişə yanımızda olub. Bununla bağlı çoxsaylı nümunələr hər kəsə yaxşı məlumdur. An­caq bir faktı diqqətə çatdıraq. 44 günlük müharibə zamanı erməni jurnalistlərdən biri İsrailin baş naziri Benyamin Netanya­huya İsrailin nə üçün Azərbaycana silah satdığı barədə “kurioz” sual ünvanlamış­dı. Baş nazirin cavabı çox maraqlı olmuş­dur. Təxminən belə: siz yəqin soruşmaq istəyirsiniz ki, nə üçün Ermənistana de­yil, Azərbaycana silah satırıq? Bildirim ki, Azərbaycanla döyüşən heç bir ölkəyə silah satmarıq. 

B.Netanyahunun belə cavabı Azər­baycan – İsrail əlaqələrinin yüksək səviy­yəsindən xəbər verir. İsrailin ölkəmizdəki səfiri Corc Dik isə Azərbaycan mediası­na bir müddət əvvəlki müsahibəsində vurğulamışdı ki, rəsmi Tel-Əvivin Bakıya yanaşması münasibət məntiqindən yük­səkdə dayanan bir statusa malikdir. Yəni, iki ölkənin yaxınlığı hər şeyin üzərindədir. Bütün bunları Azərbaycan cəmiyyəti çox yaxşı görür. Cəmiyyətimiz onu da yaxşı görür ki, İsrailin Azərbaycanla yaxınlığın­da, eyni zamanda, ölkənin bütövlükdə İs­lam dünyasına xoş niyyətinin göstəricisi kimi meydana çıxmış trayektoriya var. 

Bir sözlə, Azərbaycanın İsrailə yaxın­lığı və dəstəyi, bütövlükdə, cəmiyyəti­mizin sosial sifarişi kimi meydana çıxan prosesdir. Bununla belə, rəsmi Bakı hə­mişə özünün balanslı siyasətinə sadiqdir. Nəzərə alaq ki, bu il Azərbaycanın İsrail­də səfirliyi ilə eyni vaxtda Fələstində də ali diplomatik missiyası fəaliyyətə baş­ladı. Məsələ yalnız bu müstəvidə deyil, Bakı ümumən siyasətini qarşılıqlı maraq və mənafeləri hesablayaraq qurmaqda­dır və bu amil dünya dövlətləri tərəfindən qəbul edilir. 

Beynəlxalq aləmdə hər kəs yaxşı anlayır ki, Azərbaycan dostluq, qardaş­lıq, əməkdaşlıq məsələlərində bütövdür. Ölkəmiz münasibətləri qarşılıqlı fayda amili üzərində quraraq bəlli prinsiplər müəyyənləşdirir. Heç bir tərəfin iddiala­rında vasitəyə və alətə çevrilmir. Fikri­mizin təsdiqi üçün Azərbaycanın İrana münasibətindəki stereotipləri yada salaq. Ölkəmiz İran İslam Respublikasına qar­şı beynəlxalq təzyiqlərin geniş vüsət al­dığı şəraidə ona qarşı çıxmadı, dostluq və mehriban qonşuluq siyasətinə sadiq qaldı. Bakı ən gərgin durumlarda belə “qırmızı cizgiləri” aşmadı. Bu gün də eyni xəttini uğurla davam etdirməkdədir. 

Bəli, ölkəmizin yanaşma tərzi Ermə­nistanın siyasi industriyasında təmsil olunanların yarımçıq təfəkkürünə yad durumdur. Ona görə də özlərinin sər­səm ritorikalarını işə salıb Azərbaycan­la müsəlman dünyası arasında nifaq toxumları səpə biləcəklərini düşünürlər. İndiki halda güddükləri iki konkret vəzifə var. Birincisi, İsrail – Fələstin münaqişəsi fonunda Azərbaycan – Türkiyə, ikincisi isə Azərbaycan – İran münasibətlərini zədələmək. Bütün “arqumentləri” də bu­nun üzərindədir. Əlbəttə, “niyyətlərinə” qətiyyən nail ola bilməyəcəklər. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət