İrəvanın anti-Rusiya mərəzi: Qərbdən hansısa təminat varmı?

post-img

Vladimir Putinin subliminal mesajı, Bordyujanın eyhamı və Qukasyanın iflas proqnozu

Bir müddət əvvəl Moskva–İrəvan münasibətlərindən bəhs edən Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, ölkəsində sayca Ermənistandakından daha çox erməni yaşayır. Kremlin rəhbəri bu fikri dilə gətirərkən, müəyyən qədər subliminal mesaj da vermişdi. Yəni, demək istəmişdi ki, İrəvan həddini bilsin! Amma görünən budur ki, qarşı tərəf bunu anlamır, yaxud anlamaq istəmir. Putinin sözügedən fikri işlətməsindən ötən müddətdə Ermənistanın anti-Rusiya ovqatı daha da güclənib.

Əlbəttə, heç bir təbii sərvəti olmayan Ermənistanın dolanışıq yeri Rusiyadır. O Rusiya ki, İrəvandan və digər yerlər­dən gətirilən məhsulların satış bazarı­dır. Ermənistanın hazırkı durumunda birdən-birə o bazarların itirilməsi fəlakət olardı. İtirilməsi deyəndə ki, bazarları başqaları ələ keçirə bilər. Məsələn, azər­baycanlılar. Amma məsələ yalnız bunda da deyil... 

İndi deyə bilmərik ki, Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşki­latı arasındakı hazırkı durum barədə söz açan qurumun keçmiş baş katibi Nikolay Bordyuja bazarlarımı nəzərdə tuturdu, ya yox, amma onun haqlı olduğu məqam­lar çoxdur. Əlbəttə, cənab Bordyujanın haqqına mütləq yanaşmırıq. Amma real­lıqları nəzərə alırıq. Daha doğrusu, qəbul edirik ki, keçmiş baş katibin söylədikləri reallıqdır. O reallıq ki, İrəvanın onu dəyiş­mək üçün nə isə etdiyi qətiyyən görün­mür. 

Məsələn, N.Bordyuja vurğulayır ki, Ermənistanın gələcəyini KTMT-siz təsəv­vür edə bilmir. “Çünki Ermənistan Rusiya ilə çox inteqrasiya olunub, təkcə iqtisadi cəhətdən deyil. Rusiyada çox sayda – bir neçə milyon erməni yaşayır”,– deyən Bordyuja Belarusun STV telekanalı­na müsahibəsində onu da bildirib ki, KTMT-nin şəxsində Rusiyanın Ermə­nistandakı bir çox siyasi qüvvələrlə çox yaxşı münasibətləri var. Ona görə də indi İrəvan–Moskva münasibətlərində yaşa­nanlar müvəqqəti hadisələrdir. İstənilən halda Ermənistan Rusiya, Belarus və KTMT-nin yanında olacaq”.

Görəsən, Bordyuja fikirlərində əmin­dirmi? Axı, hazırda İrəvan geri dönüşü olmayan yola çıxmış kimi görünür. Nikol Paşinyan başda olmaqla Ermənistan hö­kuməti açıq-aşkar anti-Rusiya siyasəti yeridir və bu siyasətin məqsədi Ermənis­tanın Rusiyadan bağlantılarını tamamilə kəsib Qərbə yönəltməkdir. Bunu təkcə, erməni deyil, rus siyasi ekspertlər də bil­dirirlər. Onların sözlərinə görə, bu yolda Paşinyan və komandası dayanmayacaq. Həm də ona görə ki, anti-Azərbaycan və anti-Rusiya siyasəti erməni iqtidarı üçün öz hakimiyyətini saxlamaq fürsətidir. Əgər Nikol əvvəllər Azərbaycanı ittiham etməklə hakimiyyəti saxlayırdısa, artıq bu üsul effektiv deyil. Anti-Rusiya siyasə­ti isə bütün günahlar, məğlubiyyətlər və uğursuzluqlar üçün, belə demək müm­künsə, günah keçisi axtarışındakı yaxşı tapıntıdır.

Bununla yanaşı, Qərb istiqamətinin Ermənistana və erməni xalqına heç bir təminat vermədiyini vurğulayanlar da var. Məsələn, İrəvandakı “Xalqın səsi” siyasi klubunun rəhbəri, politoloq Arman Qu­kasyan bildirir ki, Ermənistan–Rusiya mü­nasibətlərinin rədd edilməsi, Rusiya ilə müttəfiqlik əlaqələrinin kəsilməsi ölkəni çox çətin vəziyyətə salacaq: “Qarşımızda Ukrayna və Moldova nümunəsi var. Heç də əbəs yerə deyil ki, Mixeil Saakaşvili son vaxtlar xüsusi fəallıq nümayiş etdi­rir (Gürcüstanın sabir prezidenti Ermə­nistanı tutduğu yoldan dönməyə çağırır. Xüsusən də Azərbaycanla razılaşmağın vacibliyini bildirir – red). Təəssüf hissi ilə qeyd etməliyəm ki, yaxın gələcəkdə daha açıq-aşkar anti-Rusiya addımlarının və hərəkətlərinin şahidi olacağıq”.

Politoloqun fikrincə, bu il oktyabrın 5-də keçirilmiş Qranada görüşü Nikol Paşinyan üçün məğlubiyyət idi və baş nazirin Vladimir Putinlə görüşə biləcəyi Bişkekə getməkdən imtinası bu məğlu­biyyəti yalnız təsdiqlədi. Onun sözlərinə görə, Prezident İlham Əliyev Qərbdən istədiyini alıb və ona görə inamla Rusi­ya Prezidentinin yanına gedə bilir, Pa­şinyan isə diplomatik sahədə uduzmaq­da davam edir: “Bütün bunların əsası Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı Praqada (2022-ci ilin oktyabrında) qoyulub. Bunun ardın­ca doqquz aylıq blokada oldu. Sonra biz baş nazirin Strasburqdakı (Avropa Parlamentindəki – red) çıxışını gördük. Burada Paşinyan uğursuzluqlarına görə növbəti dəfə Rusiyanı günahlandırma­ğa çalışdı. Daha sonra o, “Wall Street Journal”a müsahibə verdi və bu müsa­hibədə bir daha rus sülhməramlılarından şikayətləndi. Rusiyanın Ermənistandakı hərbi bazalarının gələcəyindən danışdı. Rus sülhməramlılarını gözdən salandan və Qarabağı itirdikdən sonra Paşinyanın komandası indi Gümrüdə yerləşən 102-ci hərbi bazanı oradan çıxarmaq məqsədi güdür. Çalışır ki, bu bazanı nüfuzdan sal­sın, əhəmiyyətini heçə endirsin”.

A.Qukasyan bütün bunları vurğulaya­raq soruşur ki, Ermənistan Qərbdən han­sı zəmanətləri alıb? Politoloqun fikrincə, Fransadan hərbi yardım dekorativ xarak­ter daşıyır. Onun qənaətincə, anti-Rusiya yanaşması ilə bərabər İrəvanın Qərbə üz tutduğu barədə tezilərin fəal şəkildə tirajlanması, əslində, naməlumlara doğ­ru getməkdir və bu, Ermənistanı yeni çağırışlar qarşısında qoyacaq, risklər və təhlükələr yaradacaq. “Ermənistan üçün Rusiya iqtisadi baxımdan da önəmlidir. Unutmayaq ki, Ermənistanda Rusiya ka­pitalı və yaradılan iş yerləri, Rusiyadan hər il soydaşlarımızdan alınan milyonlar­la transferlər, sərfəli qiymətə satılan qaz, investisiyalar və s. var. Ermənistan bütün bunların kontekstində Rusiya qazını İran qazı ilə əvəz edə bilməz. Çünki İran qazı daha bahadır və bu, iqtisadiyyatımıza ciddi təsir göstərəcək. Ölkəmizin iqtisadi relsləri Rusiya və Avrasiya İqtisadi İtti­faqına üzv ölkələrin bazarına aparır. Bun­dan əlavə, Ermənistan yalnız bu birliyin üzvü olduğu üçün onun ümumi enerji ba­zarından hər il 300 milyon dollar qazanır. Bütün bunları sadalamaq onu göstərir ki, Qərb Rusiyaya alternativ ola bilməz”, – deyə Qukasyan fikrini yekunlaşdırır.

Əlbəttə, Ermənistanda A.Qukasyan kimi düşünənlər kifayət qədərdir. Demək olmaz ki, onların hamısı fikirlərində səmi­midir və hazırkı iqtidara münasibdə qərəz yolu tutmurlar. Ancaq bu adamlar real­lıqları dilə gətirirlər. Nəticə isə dəyişmir. Necə deyərlər, kor tutduğunu buraxır, Pa­şinyan buraxmır. Baxmayaraq ki, İrəva­nın Moskvaya alternativ tapmaq düşün­cəsinin real əsasının olmadığı aşkardır. Mövcud durumun, xüsusən də həmin du­ruma anti-Azərbaycan ritorikasının əlavə edilməsi, ölkəmizlə barışmazlıq xəttinin götürülməsi isə Ermənistan üçün yalnız bir perspektiv vəd edir – iflas. 

R.ƏVƏZ
XQ

Siyasət