Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Atıraudakı Xəlil Dosmuhammedov adına universitetdə anım tədbiri keçirib.
Tədbirdən öncə universitetdə Baş konsulluq tərəfindən yaradılan Azərbaycan tədris otağına baxış olub, buraya yeni kitablar hədiyyə edilib, sonra isə universitetin rektoru Salamat İdrisovla baş konsul Ayxan Süleymanlının görüşü keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Tədbirdə universitetin rektoru Salamat İdrisov, baş konsul Ayxan Süleymanlı və “Novruz” etno-mədəni təşkilatının sədri Eldar Əhmədov, universitetin professor-müəllim heyəti, tələbələr və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
A.Süleymanlı çıxışında tədbir iştirakçılarına Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və gənclərin inkişafına verdiyi dəyər barədə məlumat verib, iki ölkə arasında dostluq əlaqələrinin və tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Universitetin rektoru S.İdrisov çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə təsis edilən təqaüdün qardaş Azərbaycan və Qazaxıstan xalqlarının dostluğunun simvoluna çevrildiyini vurğulayıb, artıq 14 ildir ki, bu təqaüdün ənənəvi olaraq universitetinin əlaçı və ictimai fəal tələbələrinə təqdim edildiyini bildirib. O qeyd edib ki, bu günə qədər bu mükafata 66 tələbə layiq görülüb.
E.Əhmədov bu təqaüdün təhsil və elm sahəsində nailiyyətlərin dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb və tələbələrə təhsillərində uğurlar arzulayıb.
Çıxışlar zamanı böyük ekranda ulu öndərin həyat və fəaliyyətinə dair Baş konsulluq tərəfindən hazırlanan slayd-şou nümayiş etdirilib.
Çıxışlardan sonra ulu öndərin təhsillə bağlı çəkildiyi “Millətin gələcəyi təhsildədir” sənədli filmi nümayiş etdirilib.
Sonra baş konsul A.Süleymanlı universitetin ictimai həyatında fəal iştirakına, təşəbbüskarlığa və akademik nailiyyətlərinə görə universitet tərəfindən seçilən 6 tələbəyə ümummilli lider Heydər Əliyevin adını daşıyan təqaüd və təşəkkürnamə təqdim edib.
Tədbir zamanı rektor S.İdrisov ikitərəfli əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə baş konsul A.Süleymanlıya və konsul M.Cəfərova universitetinin 85 illiyinə həsr olunan yubiley medallarını təqdim edib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

