Malayziyanın nüfuzlu ali məktəblərindən olan MARA Texnologiya Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş FIDE reytinqli sürətli şahmat turniri keçirilib.
Ənənəvi olaraq (artıq 4-cü dəfə) hər ilin may ayında Azərbaycan səfirliyinin dəstəyi ilə Malayziya Şahmat Federasiyasının təşkil etdiyi turnirdə bu il də müxtəlif yaş kateqoriyası üzrə çox sayda şahmatçı öz qüvvəsini sınayıb.
Yarışın bağlanış və mükafatlandırma mərasimində Malayziya Şahmat Federasiyasının prezidenti Akhramsyah Muammar Ubaidah Sanusi, federasiya rəsmiləri, MARA Texnologiya Universitetinin prorektoru Badrul İsa, Malayziyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və təmsilçiləri iştirak edib. Azərbaycanın və Malayziyanın dövlət himnləri səsləndirildikdən sonra ölkəmiz haqqında tanıtım videosu, Ulu Öndər Heydər Əliyevin həyatından bəhs edən film nümayiş olunub.
Malayziya Şahmat Federasiyasının Prezidenti, MARA Texnologiya Universitetinin prorektoru və səfir İrfan Davudov çıxış edərək, iki ölkə arasındakı əlaqələrin inkişafında gənclər, təhsil və idman sahəsində əməkdaşlığın, o cümlədən şahmat yarışların təşkilinin əhəmiyyətini vurğulayıblar. Ulu Öndər Heydər Əliyevin yüksək intellektual irsinin gənc nəsillər üçün nümunəvi əhəmiyyət daşıdığı qeyd edilib.
Səfir İrfan Davudov Ulu Öndər Heydər Əliyevin həyat yolundan, gənclər siyasəti və təhsil sahəsinə verdiyi əhəmiyyətdən, Azərbaycan xalqına əvəzsiz xidmətlərindən geniş danışıb.
Sonra şahmat turnirinin qaliblərinə mükafatlar təqdim olunub. Tədbir iştirakçıları turnirin keçirildiyi zalın foyesində Azərbaycana, Vətən müharibəsində əldə edilən parlaq zəfərə həsr edilmiş fotosərgiyə baxıblar.

