Müsahibimiz Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundovdur.
– İsmayıl müəllim, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxs kimi neçə nəfər qeydiyyata alınıb? Onların sonrakı taleyinin müəyyənləşdirilməsinə mane olan səbəblər nədən ibarətdir?
– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 nəfər yaşlı insanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyədək məlumat vermir.
I Qarabağ müharibəsi dövründə itkin düşmüş həm azərbaycanlılar, həm də ermənilər vaxtilə Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yoxa çıxmışlar. Sözsüz ki, həmin şəxslər barəsində məlumatlar Ermənistan tərəfindədir. Ancaq Ermənistan tərəfi bütün sahələrdə olduğu kimi, humanitar məsələ ilə bağlı da konstruktiv mövqe nümayiş etdirmir. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılması qarşı tərəfin məsələyə konstruktiv münasibətindən çox asılıdır.
İtkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsinə mane olan digər səbəb isə işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. Qeyd edim ki, ekspedisiya qrupu tərəfindən ötən il olduğu kimi cari ilin əvvəlindən etibarən işğaldan azad edilmiş ərazilərimizdə I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın ehtimal edilən dəfn yerlərində axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilmişdir. Qazıntı işlərinin aparıldığı ərazilər əvvəlcədən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış sursatlardan təmizlənmişdir.
– Cari ilin avqust ayında I Qarabağ müharibəsində itkin düşmüş 15 vətəndaşımızın taleyinə aydınlıq gətirildiyi ictimaiyyətə açıqlandı və onların şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verildi. Bu sahədə işlər davam etdirilirmi, eyniləşdirmə ilə bağlı yeni məlumatlar olacaqmı?
– Qeyd etdiyiniz kimi, cari ilin avqust ayının 18-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə brifinq keçirildi. Brifinq zamanı Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar, kütləvi məzarlıqların aşkar edilməsi, bu sahədə görülmüş işlər və ilkin nəticələr barədə ictimaiyyətə ətraflı məlumat verildi, jurnalistlərin və ictimaiyyət nümayəndələrinin bir sıra sualları cavablandırıldı.
Yuxarıda qeyd etdiyim kimi, işğaldan azad edilmiş ərazilərdə axtarış və qazıntı işləri davam etdirilir. Qazıntı və ekshumasiya, həmçinin aşkar olunmuş meyit qalıqlarının eyniləşdirilməsi işlərinin aparılması məqsədilə iki ilə əvvəl dövlət komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət mütəxəssis heyəti yaradılmışdır. Bu heyətin fəaliyyəti nəticəsində qısa müddətdə ilkin nəticələr əldə edildi və açıqlandı. Hazırda bu sahədə intensiv şəkildə iş davam etdirilir. Qətiyyətlə bildirirəm ki, itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı bütün məlumatlar ictimaiyyətə çatdırılacaqdır.
– İşğaldan azad edilmiş ərazilərimizdə indiyə qədər neçə kütləvi məzarlıq və neçə nəfərə aid meyit qalığı aşkarlanmışdır. Bu məzarlıqlar hansı rayonlardadır. Yeni kütləvi məzarlıqların aşkarlanması ehtimalı varmı?
– Öncə diqqətə çatdırmaq istəyirəm ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra ölkə rəhbərliyinin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə məzar yerlərinin axtarışı və qazıntısı işinə başlanmışdır. İlk kütləvi məzarlıq 2021-ci ilin fevral ayında Şuşa rayonundakı, Daşaltı kəndində aşkar edilmişdir. Müəyyən edilmiş iki kütləvi məzarlıqdan 25 şəxsə aid tam anatomik və bir neçə şəxsə aid olan əlavə sümük qalıqları aşkarlanaraq götürülmüşdür. Qeyd edim ki, Daşaltı əməliyyatında 44 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır.
Digər kütləvi məzarlıqlar isə Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Ağdam-Xəlfəli yolunun kənarında, Şuşa şəhərindəki həbsxananın həyətində aşkarlanmışdır. İndiyə kimi işğaldan azad edilmiş ərazilərdə 9 kütləvi məzarlıq üzə çıxmışdır.
Sözsüz ki, bundan sonra da kütləvi məzarlıqların aşkarlanması istisna edilmir. Dövlət komissiyasında toplanmış çoxsaylı məlumat və materiallar bunu deməyə tam əsas verir. Təbii ki, aşkar edilmiş hər bir məzar yeri barədə məlumatlar ictimaiyyətə açıqlanır.
– İtkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin götürülməsi işi bundan sonra da davam etdiriləcəkmi, ümumiyyətlə bu sahədə vəziyyət nə yerdədir?
– Artıq ictimaiyyətə məlumat verildiyi kimi, Dövlət Komissiyası I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işinə 2014-cü ildən etibarən başlamışdır. Layihə çərçivəsində 3492 itkinin ailə üzvlərindən 10805 bioloji nümunə toplanmış və 2022-ci ilin dekabr ayında başa çatdırılmışdır. Bu, o deməkdir ki, işğaldan azad edilmiş ərazilərdə müəyyənləşdirilərək götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi üçün mütəxəssislərin sərəncamında kifayət qədər DNT materialı var. Onu da qeyd edim ki, Vətən müharibəsindən əvvəl bir sıra ailələr bioloji nümunələr verməkdən imtina edirdilər.
Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən, xüsusilə də itkin düşmüş şəxslərin eyniləşdirilməsi ilə bağlı cari ilin avqust ayında ictimaiyyətə məlumat verildikdən və şəhidlərimizin dəfn mərasimləri böyük ehtiramla təşkil edildikdən sonra ailələrin məsələyə münasibəti dəyişilib. Son vaxtlar itkinlərin ailələri bioloji nümunələr vermək üçün çoxsaylı müraciətlər edirlər. Hətta vaxtilə itkin düşmüş şəxslərin yaxınları barədə dövlət komissiyasına və digər qurumlara müraciət etməmiş şəxslər indi yaxınlarının axtarılması üçün bizə üz tuturlar. Vətəndaşların bütün müraciətləri dövlət komissiyasının işçi qrupu tərəfindən araşdırılır.
Sözsüz ki, itkin düşənlərin ailələrindən bioloji nümunələrin toplanması işi bundan sonra da davam etdiriləcəkdir. İctimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, bu iş Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsində yaradılmış genetik laboratoriyada aparılır. Vətəndaşlar bu və ya digər məsələlərlə bağlı 81-61 qaynar xətti ilə dövlət komissiyasının işçi qrupuna müraciət edə bilərlər.
– Postmüharibə dövründə dövlət komissiyasının qarşısında hansı vəzifələr dayanır?
– Hazırda dövlət komissiyasının qarşısında duran əsas vəzifə itkin düşmüş şəxslərə aid ehtimal edilən məzarlıqlarda qazıntı və ekskumasiya işlərinin davam etdirilməsi və Vətən müharibəsindən sonra tapılmış I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən meyit qalıqlarının eyniləşdirilərək ailələrə təhvil verilməsindən ibarətdir. Əlbəttə ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də zəruri əhəmiyyət kəsb edir. Bundan başqa, itkin düşənlərin ailələri ilə müvafiq işlərin davam etdirilməsi də vacib vəzifələrdən biridir. Bu işlər təxirə salınmadan davam etdirilir.
– Aşkar edilmiş meyit qalıqlarının eyniləşdirilməsi sahəsində respublikamızın imkanları hansı səviyyədədir?
– Xüsusilə vurğulamaq lazımdır ki, dövlət komissiyasının sədri cənab Əli Nağıyev tərəfindən silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərə aid meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə respublikamızda ayrıca laboratoriyanın yaradılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edilmişdir. Müraciət cənab Prezident tərəfindən yüksək qiymətləndirilərək Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin nəzdində xüsusi laboratoriyanın yaradılmasına dair göstəriş verilmişdir. Qısa müddətdə müasir laboratoriya yaradılmışdır. Qeyd etdiyimiz kimi, 10805 bioloji nümunənin hər birinin DNT profili yeni yaradılmış həmin laboratoriyada çıxarılmışdır. Bundan başqa, cari ilin avqust ayında ictimaiyyətə açıqlanmış 15 nəfərdən 3-nün şəxsiyyəti yeni laboratoriyada müəyyənləşdirilmişdir. Bu sahədə iş davam etdirilir və yuxarıda qeyd etdiyim kimi eyniləşdirmə ilə bağlı yeni məlumatlar ictimaiyyətə açıqlanacaqdır.
XQ